YAP üzvü şikayət edir

O, Etibar Pirverdiyevdən haqqını tələb edir

Bakının Xırdalan qəsəbəsi, 28-ci məhəllə,  ev 1, mənzil 9-da yaşayan, YAP üzvü Şıxəli Cəfərov “Azadlıq”a müraciət göndərib. Müraciətdə deyilir: “Mən 2008-ci ilin iyun ayından 2009-cu ilin fevralına qədər  Oğuz, Şəki, Tərtər rayonlarında ezamiyyətdə olmuşam. Çaylardan çay daşı yığıb gündə 15-20 maşın, şənbə-bazar günləri də daxil olmaqla Bayıl Bayraq Meydanına göndərmişəm.  Şənbə-bazar günlərin əməkhaqqısı ikiqat ödənməlidir. Ayda 25 manat ezamiyyət haqqı əvəzinə, mənə və işçilərə 5 manat veriblər. Mən daşları pulsuz yığıb göndərmişəm. ”Azenko” SC bu daşları başqa idarələrlə müqavilə bağlayaraq pulunu mənimsəyib.

Mən günəşdən və yağışdan qorunmaq üçün vaqon istəyəndə Nazim Hidayətov və Etibar Həsənov məni işdən qovmaqla hədələyirlər. Ezamiyyət pulunun azlığını və şənbə-bazar günlərinin pulunun ikiqat verilməsini tələb edəndə 2009-cu ildə məni işdən qovdular. Bayraq Meydanı tikilən zaman “Azərenerji” SC və “Azenko” SC dövlətin 50 milyon manat pulunu mənimsəyib. Bu məqsədlə mən üç ildir Etibar Pirverdiyevin  qəbuluna düşə bilmirəm. 22 aprel tarixində ərizəylə müraciət etsəm də bugünə kimi cavab yoxdur. Bugünlərdə məni qəbul etməsə, dövlət başçısı Ilham Əliyevə müraciət edəcəyəm”.

Sosial şöbə