Ziya Məmmədovun media layihəsi baş tutmayıb

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media holdinq layihəsi baş tutmayıb. Bu barədə məlumatı avropa.info yayıb. Məlumata görə,  Anar Məmmədovun bu  planına hakimiyyətdən maneə yaradılıb. Bunun əsas səbəbi isə son zamanlar mətbuatda Məmmədovların gündəmə gəlməsi, Anar  Məmmədovun əmisi oğlu Aynar Məmmədovun dəbdəbəli həyat tərzi, bahalı maşınları və etdiyi qanunsuz əməllərini əks etdirən görüntülərin yayılmasıdır. 

Anar Məmmədov “Qarant Holdinq” adlı şirkət təsis edərək  bir sıra xəbər portalları və internet televiziyaları açmağı planlaşdırırdı. Bir müddət öncə, Anar  Məmmədovun vəkili hətta yeni media holdinqin işə başlayacağı tarixi də bildirmişdi. Vəkilin dediyi tarixdən 2 həftədən çox vaxt ötməsinə baxmayaraq Anar Məmmədovun media layihəsindən xəbər yoxdur. 

Məsələ ilə əlaqədar Anar Məmmədovun vəkili Ruslan Məmmədova dəfələrlə zəng edilsə də, o, telefonu açmayıb.