Amerikalı ekspertdən hakimiyyətə Qarabağ məsləhəti

«Rəsmi Bakı ABŞ-ın Qarabağ məsələsində dəstəyinə maraqlıdırsa, demokratikləşmə istiqamətində addımlar atılmalıdır»

Hikmət Hacızadə: «Diktaturanın hökm sürdüyü ölkəyə dünya Qarabağı qaytarmayacaq»

Azərbaycandakı mövcud hakimiyyətin bütün dövrlərdə apardığı daxili və xarici siyasət şəxsi istəklər üzərində qurulub. Bu siyasətin önündə heç vaxt Azərbaycan dövlətinin və xalqının maraqları dayanmayıb. Hakimiyyətin xarici siyasəti “nə istəyirsiniz verməyə hazırıq, amma bizim daxili işlərimizə qarışmayın” prinsipi üzərində qurulub. Bu prinsiplə də  hakimiyyət bugünə qədər ömrün uzada bilib. Öləkədə demokratiyanı boğmaq, repressiyaları gücləndirmək də ona görə mümkün olub ki, hakimiyyət bu istəyinə nail ola bilib.

Hakimiyyətə yaxınlığı ilə seçilən Stratfor Qlobal kəşfiyyat şirkətinin yaradıcısı George Friedmanın Azərbaycanla bağlı yazdığı məqalə də təsadüfi görünmür. O məqaləsində bildirir ki, hazırki dönəmdə Azərbaycana demokratiya və insan haqları sahəsində təzyiqlər yumşalmalıdır. Hakimiyyət bütün  ruporlarından istifadə edərək, demokratiya sahəsində tələbləri özündən uzaqlaşdırmaq istəyir.

Vaşinqtonun Xarici Siyasət Araşdırma Institutunun Türkiyə və Cənubi Qafqaz üzrə eksperti Maykl Çeçire isə “Amerikanın səsi”nə Azərbaycan hakimiyyətini məyus edəcək fikirlər səsləndirib: “Biz Azərbaycanda periodik olaraq repressiya dalğalarının, dissidentləri susdurmaq cəhdlərinin şahidi oluruq. Biz hazırda belə bir dalğanın içərisindəyik. Təsadüfi deyil ki, baş verənlər regionda, ələlxüsus Ukraynada cərəyanÿedən gərginliklərlə eyni vaxtda müşahidə olunur. Qərbdə belə bir gözlənti var idi ki, Rusiyanın təcavüzündən sonra Azərbaycan hökuməti öz davranışında mülayimləşəcək. Amma Azərbaycanda bunun əksi baş verir. Azərbaycan rəsmiləri güman edirlər ki, onlar belə davrana bilərlər, çünki indi onların daha çox manevr imkanları var və hesab edirlər ki, onlar Qərbə daha çox lazımdır, nəinki əksinə. Azərbaycan tam şəkildə avtokratik bir ölkədir və avtoritarizm yolunda irəliləyir. Əgər rəsmi Bakı ABŞ-ın Qarabağ məsələsində dəstəyində maraqlıdırsa, insan hüquqları və demokratikləşmə istiqamətində addımlar atılmalıdır”- deyə Maykl Çeçire bildirib.

Göründüyü kimi yaranmış vəziyyət Azərbaycana marağı artırsa da, Qərb demokratiya tələbində israrlıdır.

Politoloq Hikmət Hacızadə Maykl Çeçirenin səsləndirdiyi fikirlərin həqiqət olduğunu və Azərbaycanın uğur əldə etməsinin demokratiyadan keçdiyini bildirdi: “Dəfələrlə ABŞ və Avropadan belə mesajlar gəlib və hakimiyyət hər dəfə bu mesajlardan yayınmağa çalışıb. Əgər Qarabağ məsələsi bu hakimiyyət üçün önəm daşıyırsa, ölkədə demokratik idarəetməni bərpa etmək lazımdır. Dünya diktaturanın hökm sürdüyü ölkəyə Qarabağı qaytarmayacaq. Fakt odur ki, Qarabağ məsələsində dünya Azərbaycan hakimiyyətinin tərəfində deyil. Hələ ki, dünya Ukraynada baş verənlərlə məşğuldur. Bu prosesdə Rusiyanı zərərsizləşdirəndən sonra, Qarabağ məsələsi gündəmə gələcək. Bu məsələdə qalib çıxmaq üçün isə, Azərbaycan hakimiyyəti mövcud siyasətini dəyişməlidir”.

Akif