Vüsal Şilderi narkotiklə şərləyən polis cəzalandırılır

Şərlənən tələbə artıq həyatda olmasa da, həmin polisə məhkəmədə prokuror 8 il həbs cəzası istəyib

Binəqədi Rayon Məhkəməsində ötən il Bakıda qətlə yetirilən Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı Vüsal Şilder öldürülməmişdən əvvəl onun avtomobilinə narkotik ataraq, polis bölməsinə aparıb şərləməkdə təqsirləndirilən polis mayoru Ilham Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.

“AzNews.az”ın məlumatına görə, məhkəmədə zərərçəkmiş kimi, Vüsal Şilderin atası Adolf Şilder çıxış edib. O, oğlunun qətlində günahı olan və bu prosesdə iştirak edən şəxslərin ifşa edilməsində medianın fəallıq nümayiş etdirmədiyini deyərək, mətbuatı qınayıb. Həmçinin məhkəmə istintaqının bu epizodu üzrə təqsirləndirilənlərlə bağlı ədalətli hökm veriləcəyinə ümid etdiyini də vurğulayıb.

Daha sonra məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Ilham Məmmədovun məhkəmə istintaqı zamanı cinayətinin sübuta yetirildiyini bildirərək, onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Vüsal Adolf Şilder 2013-cü il mayın 2-də paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində bıçaqlanaraq qətlə yetirilib. Qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman Isgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.

Hazırda cinayətlə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində istintaq davam etdirilir.