Media Hüquqları İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış jurnalist, “moderator.az” saytının qurucusu və redaktoru, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlini 8 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardan biri hesab edir. Musavat.com-un məlumatına görə, bu barədə MHİ-inin bəyanatında deyilir. MHİ məhkəmə araşdırması zamanı təsdiqini tapmamış doğruluğu şübhəli ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır.
“MHİ yada salır ki, Əvəz Zeynallı 17 sentyabr 2013-cü il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, istintaq dövründə məhkəmə qərarı ilə MTN-də həbsdə tutulub. Davamlı təqiblərə məruz qalmış jurnalistə silah qaçaqmalçılığı (Cinayət Məcəlləsi, Maddə 206.3.2) və qanunsuz silah gəzdirmə (Cinayət Məcəlləsi, Maddə 228.2.1) ittihamları irəli sürülüb. P.Həşimli və vəkilləri jurnalist həbs olunduğu gündən ittihamların saxta, sifarişli olduğunu bəyan ediblər. Vəkillərinin bildirdiyinə, hüquq mühafizə qurumlarına, məhkəmə şikayətlərinə görə P.Həşimli istintaq dövründə davmlı basqı altında olub – jurnalist döyülüb, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalıb.
MHİ Pərviz Həşimliyə qarşı ittihamların, məhkəmə hökmünün əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır. MHİ qeyd edir ki, P.Həşimliyə qarşı ittihamlar üzrə əsas şahidlər istintaq qurumu ilə əməkdaşlıq edən şəxslər olub, məhkəmə ittihamların ədalətli incələnməsi üçün ifadələri çox vacib olan digər əsas şahidlərin məhkəmədə iştirakını təmin etməyib. Jurnalistin vəkillərinin ədalətli araşdırma üçün vacib olan digər xüsusatlarla bağlı vəsadətlərinin hamısı rədd olunub.
MHİ belə bir şəraitdə – ədalətli, qərəzsiz məhkəmə araşdırması aparılmadan çıxarılan hökmün yalnız bir məqsədinin olduğunu vurğulayır: tənqidçi şəxslərin, jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq hüququndan məhrum etmək.
Media Hüququ İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin Pərviz Həşimli barəsində çıxardığı ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir”.


