Büdcənin yarısı tikintiyə xərclənib

«Tikinti-abadlıq» işlərinə ayrılan vəsait sosial xərcləri üstələyir

Natiq Cəfərli: «Əsas məqsəd investisiya xərcləri vasitəsilə korrupsiya mexanizmləri quraraq vəsaitin mənimsənilməsidir»

Maliyyə Nazirliyinin 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatı açıqlanıb. Hesabatdan məlum olur ki, 2013-cü il dövlət büdcəsinin icrası zaman gəlirlər 19 496 329,9 min manat, xərclər 19 143 492,0 min manat olub. Büdcənin 9,19 milyard manatı (48 faizi) dövlət strukrturlarının saxlanmasına, əməkhaqları və təqaüdlərin verilməsinə yönəlib. 9,22 milyard manatını (48,2 faizi) investisiya xərclərinə istifadə ediblər. Yerdə qalan 728 milyon manatı isə xarici borcların ödənilməsinə sərf edilib. 

Büdcəni təhlili hökumətin sosail siyasət yürütmədiyini deməyə əsas verir. Büdcə xərclərinin təxminən yarısının investisiya xərclərinin təşkil etməsi isə rəsmilərin səsləndirdikləri fikirlərlə üst-üstə düşmür. Belə ki, rəsmilər son illər investisiya xərclərinin azaldığını iddia edir. 

Qeyd etmək lazımdır ki, investisiya layihələri daha çox korrupsiya mənbəyi hesab olunur. Belə olan halda məmurlar investisiya xərclərinin azalmasında maraqlı görünmür. 

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki,  investisiya xərcləri ümumiyyətlə Azərbaycan hakimiyyətinin iqtisadi baxışlarında təkcə korrupsiya faktoru deyil. Əsas məqsəd investisiya xərcləri vasitəsilə korrupsiya mexanizmləri quraraq vəsaitin mənimsənilməsi olsa da, paralel olaraq investisiya layihələri sosial gərginliyi qismən azaldılması üçün düşünülüb: «Bu birinci növbədə korrupsiya mexanizmidir. Amma paralel olaraq sosial gərginliyin azaldılması layihəsidir. Digər vasitələrdən istifadə etməyi bacarmadıqlarına görə bu gün investisiya layihələri müəyyən mənada sosial gərginliyi azaldılması üçün də düşünülüb. Yəni təxminən 160 minə yaxın insan bu layihələrdə çalışır. Onların ailə üzvlərini də nəzərə alsaq, bu çox böyük rəqəm alınır. Bu şəxslər investisiya layihələrində müvəqqəti də olsa çalışırlar. Bu müvəqqəti çalışma onların ailələlərinin dolandırılması, müəyyən dərəcədə gəlir əldə etməsinə imkan verir ki, bu da sosial gərginliyin müəyyən dərəcədə azaldılmasına gətirib çıxarır. Azərbaycan hökuməti dayanıqlı iqtisadi inkişaf modeli qura bilmədiyindən investisiya layihələri insanların müəyyən dərəcədə dolanışığına xidmət edir».

Ekspertin sözlərinə görə, investisiya layihələrində istifadə olunan tikinti materiallarının istehsalı, daşınmasında daha çox insan cəlb olunur. Hökumətin dayanıqlı iqtisadi inkişaf modeli olmadığından belə layihələr vasitəsilə sosial gərginliyi azaltmağa çalışırlar.  

Fizzə