Stratfor Qlobal Kəşfiyyat şirkətinin yaradıcısı Qərbə hakimiyyətin mesajlarını çatdırdı
Hakimiyyətə yaxınlığı ilə seçilən Stratfor Qlobal Kəşfiyyat şirkətinin yaradıcısı George Friedman bu yaxınlarda ABŞ nümayəndə heyəti ilə birlikdə Bakıda olması və bu səfərə geniş məqalə həsr etməsi bir sıra suallar doğurmamış deyil. Məqalədə Azərbaycan hakimiyyətinin maraqlarından çıxış edən bir məqamlar yer alıb. Müəllif «Sərhəd ölkələri: Azərbaycandan baxış» adlı məqalədə Azərbaycan hakimiyyətinə rəğbətini gizlətməyib və üstəlik bu rəğbətin elmi-siyasi izahını verməyə çalışıb. Ukrayna-Rusiya münasibətləri fonunda baş verənləri təhlil edən Friedman Azərbaycanın geosiyasi əhəmiyyətini qabardıb: «Bakı bu gün də, qismən öz neftinə görə stratejidir, … və qismən ona görə ki, Azərbaycan Rusiyaya qarşı baş qaldıra biləcək hər hansı strategiya üçün açar rolunu oynayır. Mənim bu səfərdən məqsədim hər bir Avropa ölkəsinin Rusiyadan qorxusunun dərəcəsini hiss etmək idi və əgər onlar qorxurlarsa, üzərilərinə götürməyə hazır olduqları səy və riskin səviyyəsi nədən ibarətdir?».
Azərbaycanın baş verənlərinin fonunda önəmini qabardan Friedman bu baxımdan hazırkı dönəmdə Azərbaycana demokratiya və insan haqları sahəsində təzyiqlərin bir qədər yumuşaldılmalı olmasına eyham vurur. Əslində məqalənin Azərbaycan hakimiyyətinin sifarişi ilə yazıla biləcəyinə işarə kifayət qədərdir. Bu baxımdan sual olunur ki, Stratfor vasitəsilə hakimiyyətin dünyaya ünvanladığı mesaja necə cavab verilə bilər?
Fuad Qəhrəmanlı: «Friedmanın təklifi Azərbaycanın Avropaya inteqrasiyasına deyil, əksinə Avropadan məsafəli davranışına şərait yaradır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyətinin xarici lobbi təşkilatları vasitəsilə öz istəklərini ifadə etməsi artıq bir ənənə halını alıb. Hakimiyyətin «kürü diplomatiyasının» beynəlxalq səviyyədə bilinən gerçəklik olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, Friedmanın məqaləsi Azərbaycan hakimiyyəti ilə anlaşmanın nəticəsi sayıla bilər: «Avropa Şurasında lobbi təşkilatları ilə hansı qayda da işlənilirsə elə görünür, Friedmanla da eyni formada anlaşma olub. Friedman obyektiv gerçəklikdən daha çox Azərbaycan hakimiyyətinin lobbisti kimi bu məsələdə çıxış edib. Azərbaycan hakimiyyəti beynəlxalq aləmdən gələn demokratiya tələbindən çox ehtiyat edir».
Azərbaycanın strateji əhəmiyyətinin artmasının fonunda ona demokratiya və insan haqları ilə bağlı təzyiqlərin azaldılması fikrinin tənqidə dözümü olmadığını deyən F.Qəhrəmanlı bildirdi ki, demokratik dəyərlərə hörmət etməyən avtoritar Azərbaycanın Avropaya inteqrasiyası mümkün deyil. Bu əslində Avropa dəyərlərinin birbaşa inkarıdır: «Necə ola bilər ki, Avropa ailəsinin bütün üzvləri demokratik olsun, insan hüquqlarına hörmətə əsaslanan idarəetməyə sahib olsun, amma Azərbaycanda orta əsrlərin feodal üsul idarəsinə bənzər hakimiyyət mövcud olsun. Bu iqtidar nə insan haqlarını, nə iqtisadi, nə də siyasi azadlıqları nəzərə alsın. Bütün bunlara bəraət qazandırmaq olmaz».
F.Qəhrəmanlı hesab edir ki, əslində belə bir təklifin səslənməsi onu göstərir ki, Azərbaycan Avropa strukturları ilə rəqabətə girmək qabiliyyətində deyil. Azərbaycanın hazırkı idarəetmə sisteminin ölkənin inkişafının qarşısını aldığını deyən AXCP yetkilisi bildirdi ki, belə bir şəraitdə Azərbaycan sadəcə olaraq neft satmaqla toxunulmazlığını təmin etməyə çalışır: «Bu baxımdan Friedmanın təklifi Azərbaycanın Avropaya inteqrasiyasına deyil, əksinə Avropadan məsafəli davranışına şərait yaradır. Ona görə bu daha çox Azərbaycan hakimiyyətinin maraqlarına uyğun verilən təkliflərdir. Bu Qərb tərəfindən də ciddi qəbul olunmayacaq. Bu Friedmanın öz fəaliyyəti və hansısa maraqlar naminə bu addımı atması kimi dəyrləndiriləcək».
Xəyal


