Fransa prezidenti Gürcüstanda Rusiyanı hədələdi

Cənubi Qafqaz turnesi çərçivəsində mayın 13-də Gürcüstana səfər edən Fransa prezidenti Fransua Olland Rusiya ilə bağlı sərt açıqlamalar verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstanın dövlət başçısı Georgi Marqelaşvili ilə keçirilən birgə mətbuat konfransında Fransua Olland Ukraynadakı böhrana görə Rusiyanı yeni sanksiyalarla hədələyib:

“Regionda təhlükəsizliyi təmin etmək üçün Rusiyaya qarşı sərt yanaşmaq lazımdır. Avropa Birliyi Rusiyanın ərazi üstünlüyü qazanmaq üçün vəziyyəti qeyri-stabil istiqamətə yönəltməsinə etiraz edir. Əgər mayın 25-də Ukraynada prezident seçkiləri baş tutmasa, Rusiyaya qarşı sanksiyalar genişləndiriləcək. Bundan başqa Gürcüstanın ərazi bütövlüyünün Avropa Birliyi tərəfindən tanındığını xatırladan Fransa prezidenti NATO-Gürcüstan münasibətlərinə də toxunub: “Gürcüstan ilə NATO-nun münasibətlərinin formasını müəyyənləşdirmək lazımdır. Bunun üçün hələ ki hazır forma yoxdur. Bu məsələ sentyabrın 4-5-də Ulesdə keçiriləcək NATO sammitində müzakirə olunacaq”.

Həmin gecə Fransa prezidenti Parisə geri dönərək 3 günlük səfər turnesini yekunlaşdırıb.