Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində müxalifət liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşməsi iqtidarda qıcıq yaradıb. YAP təmsilçilərinin bu görüşlə bağlı verdiyi açıqlamalar belə deməyə əsas verir.
Məsələn, hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov lent.az-a açıqlamasında iddia edib ki, bu görüş sadəcə Fransa prezidenti tərəfindən etika xatirinə atılan addımdır: “Burda başqa məsələdən söhbət gedə bilməz. Düzdür, müxalifət nümayəndələri bu görüşü yüksək qiymətləndirir ki, guya onlara dəstək gəlib. Amma əslində bu, sadəcə, etika xatirinə olan bir görüşdür”.
YAP-çı deputat Bahar Muradova isə görüşlə bağlı bunları deyib: “Müxalifət nümayəndələri cənab Ollandla başqa məsələlərlə bağlı danışsaydılar mən təəccüb edərdim”. Müxalifətçilər bu dəfə də onlara olan “ümidləri” doğrultdular. Müxalifət nümayəndələri ölkəmiz haqqında Fransa prezidentinə şikayət məzmunlu fikirlər səsləndirməsi də gözlənilən idi”.


