Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçicilərlə görüşləri çərçivəsində bu gün Mingəçevirə gedib. Səfərdə onu Müsavat başqanı İsa Qəmbər, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Nurəddin Məmmədli, eləcə də seçki qərargahının bir neçə üzvü müşaiyyət edib.
Əməkdaşımız Ramin Dekonun verdiyi məlumata görə, Mingəçevirdə Cəmil Həsənlini Milli Şuraya daxil olan partiyaların yerli təşkilatlarının təmsilçiləri qarşılayıb. Seçicilər Milli Şura namizədi ilə görüşə böyük maraq göstəriblər. Cəmil Həsənlinin bura gəlişi şəhər sakinləri arasında rəğbətlə qarşılanıb.
Cəmil Həsənlinin Mingəçevir seçiciləri ilə görüşü Azər Niftəliyev adına klubda – təxminən 500 nəfərlik zalda keçirilib.
Görüşdə əvvəlcə AXCP sədrinin müavini Nurəddin Məmmədli və Müsavat başqanı İsa Qəmbər çıxış edib. Sonra Milli Şuranın namizədi Cəmil Həsənli söz alıb.
Əməkdaşımız xəbər verir ki, zalda bir neçə nəfər təxribatçı olub. Onlar qabaqcadan öyrədilmiş qaydada Milli Şura üzvlərini aşağılayan fikirlər səsləndirib, tədbirdə dava salmaq istəyiblər. Lakin görüş iştirakçıları təxribatçıları susdurub, onları zaldan çıxarmaq üçün polisə müraciət edib. Polis isə təxribatçılara yaxınlaşıb sakit olmalarını istəsə də, təşkilatçıların və iştirakçıların tələblərinə baxmayaraq, onları zaldan çıxarmayıb.
Görüşdən reportaj təqdim olunacaq.