Hamı gözləyirdi, amma…

Prezidentliyə namizədlər arasında liberal cinahın yeganə təmsilçisi olan H.Ruhaninin hakimiyyətə gəlişilə Iranla ABŞ arasındakı münasibətlərin və eləcə də bölgədəki siyasi teatrın dəyişəcəyi güman olunurdu.

Bu mənada BMT-nin ali tədbiri bir fürsət idi. Məhz bu tədbir çərçivəsində iki dövlət başçısı arasında heç olmasa tanışlıq görüşünün baş tutacağı və 36 il ərzində yaranmış siyasi münasibətlərin yeni müstəviyə keçəcəyi zənn edilirdi. 

Amma gümanlar özünü doğrultmadı, H.Ruhani ABŞ prezidenti ilə görüşə cəhd göstərmədi. Prinsipcə, Iran siyasətinə bələd olanlar üçün bu qeyri-adi yenilik deyildi. Əvvəllər də dəfələrlə belə olmuşdu. Iran rejimi hər dəfə liberal adı ilə yeni bir adamı hakimiyyətə gətirmiş və bir neçə il ərzində bunun köməyilə gözləntilər yaratmağa nail olmuşdu. 

Demirik ki, dünya molla rejininin aldada biləcəyi qədər sadəlövhdür. Amma Iranda islahat məsələsi heç də yeni vəd deyil. Düzdür, bir vaxt SSSRI-də də siyasi islahatları kommunistlərin özlərinin hakimiyyətə gətirdiyi və özü də kommunist olan M.Qorbaçov həyata keçirdi. Indi Iranda da başqa səmtdən adam gözləmək çətindir, ona görə də nə vaxtsa islahatlara elə molla rejiminin özünün hakimiyyətə gətirdiyi adam başlamalıdır.

Amma bu, nə vaxt olacaq? Bunu heç kim bilmir. Prinsipcə, Iran iqtisadiyyatı artıq sanksiyaların təsirini hiss edir, ölkə tədricən böhrana doğru irəliləyir. Elə bu amil də ümid yaratmışdı ki, ola bilsin, növbəti hakimiyyət daha realist olacaq, Qərblə dil tapmaq, sanksiyaları yumşaltmaq istiqamətində addım atacaq. 

Amma bəzən dünya Iranda prezidentlərin kimin sırasından seçildiyini, orada namizədlərin hansı qayadalarla müəyyən edildiyini unudur.

Adam Irandakı seçkilərə kinayə etməyə çətinlik çəkir, çünki onun özündən də soruşa bilərlər ki, sən nədən danışırsan, sən özün ədalətli seçkiləri nə vaxt görmüsən? Amma yenə də, bir neçə cümlə ilə Irandakı seçkilərə kiçik ştirix əlavə etmək olardı. Iranda namizədləri əvvəlcə mollalar özləri seçir, sonra da onları millətin seçiminə buraxırlar. 

Əgər bu “ilkin seçim” praktikası olmasaydı, bəlkə də nəyəsə ümid etmək olardı. Amma bunsuz Iranda seçki mümkün deyil. Rejim bütün namizədlərdən özünə qarşı istisnasız loyallıq tələb edir və rejimə sədaqətin müqabilində də onları seçkiyə buraxır. Bir sözlə, bu ölkədə, bu situasiyada təsadüflərə ümid etmək əbəsdir.

H.Ruhani sərbəst deyil. O, ruhani liderlərdən, ən əsası da ayətullah Ə.Xamneyinin qərarından asılıdır. Öüznə qalsaydı, bəlkə də o, ABŞ lideri ilə görüşə cəhd edərdi. Amma ehtimal ki, ruhani elita hələ bu cəhdlərə start vermək fikrində deyil.

ABŞ-ın gözləntilərini də sadəlövhlük hesab etmək lazım deyil. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Iranda prezident o adam ola bilər ki, o, mollaları qane etmiş, onların inandığı bir şəxs olsun. ABŞ da, digər dünya ölkələri də yalnız və yalnız sağlam, soyuqqanlı məntiqə ümid edir. Bəs Iranın siyasi və ruhani elitası nəyə ümid edir?

Iran rejimi vaxt qazanmaq istəyir. Onlar nə qədər israr etsə ki, Iranın nüvə silahı istehsal etmək fikri yoxdur, buna inanmaq çətindir, çünki bu ölkə çox böyük əzmlə öz məqsədinə doğru gedir. Düzdür, məqsədinə çatacağı təqdirdə onun nə əldə edəcəyi mübahisəlidir, amma ruhanilər belə hesab edir ki, nüvə silahı bir müddət rejim üçün sipər, çəkindrici amil rolunu oyanaya bilər. 

Etiraf etmək lazımdır ki, Iran bu çağa qədər vaxt udmağa nail ola bilib. Ən azı son on beş il ərzində Qərb ölkələri, xüsusən də ABŞ Iranda dialoq zərurətinin dərk olunacağına ümid edib. 

Düzdür, bu ümidlər müxtəlif vaxtlarda müxtəlif olub. Amma elə vaxtlar olub ki, Qərb ölkələri elə həqiqətən də Iranda islahatların aparılacağını real hesab edib.

Amma sonda bütün “islahatçılar” prezident kürsüsünü bir bəyanatla tərk edib: “Biz Irandakı siyasi sistemi zəiflətməyə deyil, əksinə, onu gücləndirməyə və inkişaf etdirməyə gəlmişdik”. 

Indi dünya bir müddət də H.Ruhani mifi ilə yaşayacaq, ondan soyuq məntiq umacaq. Amma Iran prezidentinin elə siyasi karyerasına baxanda əmin olmaq çətin deyil ki, Iran növbəti dəfə vaxt udmağa cəhd edir…