İctimaiyyətə nəyin hesabatı veriləcək?

Mirvari Qəhrəmanlı: «Bu prosesdə yeniliklərin olacağına inanmıram»

 

Azərbaycanda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün  tətbiqi çərçivəsində 2013-cü ilin yekunları üzrə hesabat MHŞT-nin yeni standartlarına uyğun şəkildə hazırlanacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, yeni standartlara uyğun olaraq indi MHŞT çərçivəsində mədən sənayesi çərçivəsində ümumi əməliyyatların həcmi yox, təşəbbüsə üzv olan hər bir şirkətin məlumatları əks olunacaq: “Bundan sonra bütün şirkətlər fərdi qaydada öz hesabatlarını təqdim edəcək və bu, bütün MHŞT-yə üzv olan şirkətlərə aid olacaq”.

Fond sədri bildirib ki, yeni qəbul olunmuş standarta görə, hər bir neft-qaz şirkəti məcburi şəkildə qazandığı gəlirlər barədə ictimaiyyətə ətraflı hesabat verəcək. Bu isə, son illər ərzində əldə olunan çox böyük bir nailiyyət hesab ediləcək. Deyilənə inansaq, MHŞT çərçivəsində hesabatın yeni detallı və ətraflı forması xüsusilə neft-qaz sektoru daxil olmaqla hasilat layihələri çərçivəsində əldə olunan gəlirlər barədə məlumatı daha əlçatan edəcək.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı qeyd edir ki, Azərbaycanı həmişə pioner ölkə hesab edərək belə təşəbbüslər qaldırırlar. Həmsöhbətimizə görə, fəqət Azərbaycan heç oktyabryat da deyil. Qurum sədri bu mənada Azərbaycandakı pis təcrübənin dünyaya yayılmaq istəyini mənfi qarşılayır: “Ona görə də bu prosesdə yeniliklərin olacağına inanmıram. Çünki 10 ildir Azərbaycanın vətəndaş cəmiyyətləri şirkətlərin öz hesabatlarını açıqlamasına çalışır. Lakin əməli iş varmı? Təsəvvür edin, şəffaflıq prosesinə qoşulan şirkətlərin 80 faizinin saytları belə yoxdur. Xalq, cəmiyyət nəyin açıqlanacağını bilmir. Hökumət komissiyası da bunda maraqlı deyil”. M.Qəhrəmanlı tanınmış şirkətlər arasında Dövlət Neft Fondunu şəffaf hesab etdiyini bildirsə də, həmin fondda hansı pulların xərcləndiyinin, onun ədalətli olub-olmadığının bilinmədiyini söyləyir. Qurum rəhbərinin qənaətincə, hasilat getdikcə aşağı düşür və mövcud vəziyyət hadisələrə real baxmağı tələb edir. M.Qəhrəmanlıya görə, qanunların işləmədiyini nəzərə alsaq, sözügedən proses 10 il də davam edəcək.

Nigar