Azərbaycanda da “dəniz quldurları” varmış

Dövlət Dəniz Akademiyasının müdhiş saxtakarlığı məhkəmədə təsdiqini tapıb

Bir dəfə Cəmil Həsənli yazmışdı: “Hakimiyyətdəkilərin dediyi kimi, doğrudan da dünyanın hər yerində rüşvət var, amma dünyanın hər yerində rüşvəti haqqın olmadığı işi düzəltmək üçün verirlər, Azərbaycanda isə haqqın çatan işi görmək üçün”. Bəli, bizdə problem odur ki, vətəndaş öz haqqını dövlətdən rüşvətlə alır. Ən pisi isə əksər halda dövlət vətəndaşı qoruyan təsisat kimi yox, əksi kimi çıxış edir. Indi sizə təqdim edəcəyimiz halda olduğu kimi.
Səfər Qənbərov təxminən on il əvvəl Bakının imkanlı adamlarından biri olub. Ötən on ildə isə onu dövlətin himayə etdiyi dələduzluq və saxtakarlıq, eləcə də bürokratiya sistemi müflis edib. Səfər müəllimin başına gələnlər Azərbaycanda reketliyin necə leqal fəaliyyət olduğuna bariz nümunədir.
S.Qənbərov 28 fevral 2003-cü ildə Astarxandan (Rusiya) “Yunıy Moryak” adlı yük gəmisini təhvil-təslim aktı ilə alıb, müvafiq sənədləşdirmədən keçirib 24 iyunda Azərbaycana gətirir.
Gəmi Hövsan qəsəbəsindəki kiçik limanda lövbər salır. Qənbər müəllim də gedir lazımı sənədləşmə aparmağa. Gəmi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək üçün o, müvafiq orqanların qapısını döyənək edir. Amma iş alınmır ki, alınmır. Bir gün isə hər şey aydın olur, onu öz pulu ilə aldığı gəmiyə belə buraxmırlar:
“Mən etiraz edəndə dedilər ki, bu işlərə ”himayədarlığı” və xüsusi nəzarəti “Mərdəkan-Broyler” ASC-nin direktoru Aydın Əhmədov edir, get onunla dil tap”.
Beləcə, dövlət orqanı qalır, qəhrəmanımız monopolistin hüzuruna üz tutur. A.Əhmədov isə onu müxtəlif  bəhanələrlə yubadır, get-gələ salır və nəhayət, onu hədələyir də: iş o yerə çatdı ki, o yüksək rütbəli məmurların adından istifadə edərək məni qorxutdu, gəmini onlara verməyəcəyim təqdirdə mənim üçün “yaxşı olmayacaq” şantajını etdi”.
Özü və ailəsinin təhlükəsizliyindən narahat olan Səfərov bir az geri çəkilir, sonra isə hüquq davasına çıxır, gəmisini əldə etmək üçün yazışmalara başlayır. Səfərov dedir ki, bu yazışmalar, get-gəllər onun əldə olan mal-mülkünün də itirilməsi bahasına başa gəlir. Nəhayət, iş Səbail Rayon Məhkəməsinə çıxır.
Burda şok sayılacaq, amma Azərbaycan üçün adiləşən cinayətin üstü açılır. Bəlli olur ki, “Mərdəkan-Broyler” ASC saxta alğı-satqı müqaviləsi ilə gəmini öz mülkiyyətinə keçirib ona “Ruslan” adı verib.
Məhkəmədə təsdiq olunur ki, ASC çox böyük saxtakarlıq edərək, gəmi hələ Rusiyadan 28 fevralda Səfərova satılarkən, guya 09 yanvar 2003-də Səfərovunda “Mərdəkan-Broyler”ə satılması barədə alğı-satqı müqaviləsi hazırlayıb. Təsəvvür edirsinizmi, gəmi heç Rusiyadan alınmamış, Səfərovun mülkiyyətinə keçməmiş guya onun vasitəsi ilə başqasına satılıb.
Işin ilginc tərəfi bu nəhəng maxinasiyaya Azərbaycan Dövlət Dəniz Administrasiyasının şərait yaratmasıdır. Məhkəmə sənədlərində sübuta yetirilib ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə (“Mərdəkan-Broyler”ə) mülkiyyət hüququ barədə sənəd verib. Məhkəmə bu qanunsuzluğu edən dövlət məmurları barədə təbii ki, heç bir ölçü götürməyib, amma ölkə reallıqları çərçivəsində normal sayıla biləcək qərar çıxarıb.
Qərarda 09 yanvar 2003 tarixdə bağlanan saxta alğı-satqı müqaviləsi etibarsız hesab edilsin;
Dövlət Dəniz Adminsistrasiyasının gəmiyə verdiyi şəhadətnamə etibarsız elan edilsin;
Administrasiya üzərinə idddiaçı Qənbər Səfərovun aldığı gəmiyə dair “Gəmiyə mülkiyyət hüququ haqqında” və “Azərbaycan Dövlət Bayrağı altında üzmək haqqında” şəhadətnamə verilsin.
Məhkəmə qərarını oxuyanda adam haqq-ədalətin qalib gəldiyinə əl çalmaq istəyir. Amma tələsməyək…
Heç bir dəfə də olsun məhkəmə proseslərinə qatılmayan qarşı tərəf “biz olmadan iş araşdırılıb” bəhanəsi ilə apelyasiya şikayəti verib. Şikayət qarşılıqlı iddianın qaldırılmasıdır və onu oxuyanda nə qədər soyuqqanlı olsan da şok keçirməmək mümkünsüzdür.
“Mərdəkan-Broyler” ha çalışsa da başqasının əmlakını qanunsuz olaraq özəlləşdirildiyini ərizədə gizlədə bilməyib, amma onun tələbinə baxın: “bu illər ərzində gəminin təmirinə 400 min manata qədər təmir xərcləri çəkilib, Səfərov onu versin, gəmisini alsın”.
Bu, təxminən, qəsbkarın sizin evinizi zəbt edib, siz onu ordan çıxmağa vadar edərkən “Bu evdə olduğum müddətdə evini təmir etmişəm, onu ödə” deməsi qədər absurd və qoluzorluluq deyilmi?
Sonuncu sualı bizə Qənbər müəllim verdi. Bizsə bunu cavablamağı əlaqədar orqanların və ictimaiyyətin öhdəsinə veririk.

Natiq Güləhmədoğlu