O, rus mafiyasının fəaliyyətində Rusiya dövlətinin rolunu araşdırırmış…
“KQB”nin keçmiş casusu Aleksandr Litvinenko 2006-cı ilin noyabrında zəhərlənərkən artıq Britaniyanın MI6 xarici kəşfiyyat idarəsinin əməkdaşı idi. O, ölümündən bir neçə gün əvvələdək MI6-dan maaş alır və Ispaniya casusları ilə eyni komandada çalışırmış.
Bu barədə BBC Litvinenkonun işinə dair hüquqi ekspertiza əsasında cümə axşamı keçirilmiş məhkəmə dinləməsinə istinadən məlumat yayıb.
Britaniya hökumətinin açıqladığı sənədlərdə bir daha iddia olunur ki, 43 yaşlı agentin ölümünün arxasında Rusiya dayanıb. BBC xatırladır ki, Moskva, bundan əvvəl Litvinenkonun ölümündə hər hansı rolunu qətiyyətlə danıb.
Rusiya həmçinin bu işdə başlıca şübhəli sayılan Luqovoyun dindirilmə üçün Britaniyaya ekstradisiyasından imtina edib.
MI6 Litvinenkonu qoruya bilməyib

Litvinenkonun xanımı Marinanın vəkili Ben Emmerson dinləmə zamanı MI6-nın öz əməkdaşını “real və mövcud riskdən” qorumadığı barədə vəsatət qaldırıb.
Indi açıqlanır ki, Aleksandr Litvinenko bir neçə il ərzində MI6-ya işləyib və Rusiya mafiyasının fəaliyyətini araşdıran ispan xüsusi xidmətlərilə birgə çalışıb.
BBC həmçinin xəbər verir ki, cənab Litvinenko həm Britaniya, həm də Ispaniya xüsusi xidmətlərindən məvacib alıb. Bu pullar onun xanımı ilə müştərək bank hesabına köçürülüb.
Vəkil Emmerson bildirib ki, Litvinenkonun MI6-dakı əlaqələndiricisi “Martin” ləqəbli agent olub və o, Aleksandrla ölümündən bir neçə gün əvvəl görüşüb.
Emmerson həmçinin açıqlayıb ki, Litvinenko Ispaniya müstəntiqlərinə Rusiya mafiyasına dair araşdırmalarda kömək üçün cənab Luqovoyla birlikdə Madridə uçmalıymış.
Bununla belə, Britaniya Daxili Işlər Nazirliyinin nümayəndəsi Neil Garnham dinləmədə bildirib ki, o, Litvinenkonun Britaniya kəşfiyyatına işlədiyi barədə iddiaları nə təsdiq, nə də inkar edə bilər.
Dinləmə zamanı hökumət sənədlərinə istinadən müşavir Hugh Davies birdirib ki, “Litvinenkonun ölümündə Rusiya dövlətinin rolu aşkardır”. O, qeyd edib ki, hökumətin “məxfi sənədlərindən Aleksandr Litvinenkonun ölümündə Rusiya dövlətinin rolu, ”prima facie” (inkar edilməmiş ittihamlar) – aşkar dəlillərlə sübut olunur.
Lakin müşavir bildirib ki, Litvinenkonun Britaniya tərəfindən zəhərlənə biləcəyi barədə iddiaları doğrulayacaq sübutlar mövcud deyil.
Daviesin dediyinə görə, Litvinenkonun, onun dostu Berezovski, çeçen qruplaşmaları və ya Ispaniya mafiyası tərəfindən qətlə yetirildiyini göstərən sübutlar da yoxdur.
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Gordon Corera qeyd edir ki, Londonda keçirilmiş dinləmə iki mühüm məqamı ortaya qoyur. Birincisi, Britaniya hökuməti Litvinenkonun ölümündə Rusiya dövlətinin roluna dair informasiyanı açıqlayıb. Ikincisi isə, Britaniya Aleksandr Litvinenkonun MI6 ilə rəsmi əməkdaşlığını etiraf edib.
Litvinenko Putin-Mafiya əlaqələrini araşdırırmış…

“The Guardian” qəzeti yazır ki, bu dinləmədə açıqlanmış informasiya Litvinenkonun rus mafiyasının fəaliyyətində Rusiya dövlətinin rolunun araşdırılmasında iştirak etdiyini göstərir.
Litvinenkonun dul xanımı dinləmə zamanı bildirib ki, ərinin Britaniya agenti “Martin” və ruslarla əlaqəsi üçün ayrı-ayrı mobil telefonları olub.
Dinləmənin sonrakı mərhələsində daha maraqlı faktlar ortaya qoyulacaq. Bunlardan biri odur ki, Rusiya mafiyasının fəaliyyəti barədə məlumatların Ispaniya kəşfiyyatına ötürülməsində Litvinenko və Luqovoy şərikli işləyiblər.
Marina Litvinenkonun vəkili bildirib ki, onun əri xəstəxanada olarkən Luqovoya zəng edib və özünü pis hiss etdiyini bildirib. Vəkil Emmerson deyib ki, Litvinenko Luqovoyla birlikdə Madridə uçmalı imiş. Onların səfərində başlıca məqsəd Rusiya mafiyası ilə Kremlin və şəxsən Vladimir Putinin əlaqələri barədə Ispaniya xüsusi xidmətlərini məlumatlandırmaq imiş.
“The Guardian” yazır ki, Litvinenkonun Ispaniya xüsusi xidmətlərində “Uri” ləqəbli əlaqələndiricisi olub. Emmerson bildirir ki, Litvinenko və Luqovoy Madriddə artıq otel otaqları da sifariş ediblərmiş.
Bu işin tam məhkəmə istintaqı 2013-cü il, mayın 1-də başlanacaq. Işə Ali Məhkəmənin hakimi lord Robert Ouen baxacaq.
“Azadlıq” radiosu


