Eynulla Fətullayev: “Bu məsələ göstərdi ki, Əli Kərimli ciddi siyasi fiqur və müxalifətin lideri olaraq hökumətin əsas rəqibidir”
“Demokratiyanın qorunmasında və inkişafında müstəsna rolu olan bu adamı qorumaq lazımdır”
Hüquq müdafiəçisi Eynulla Fətullayev 7 saylı kalonda cəza çəkən, əlbəyaxa döyüş üzrə üçqat dünya çempionu Bəhlul Muradovun “Millətim” qəzetinə ünvanladığı şok məktubla bağlı araşdırma aparacaq. Xatırladaq ki, həmin məktubda B.Muradov AXCP sədri Əli Kərimlini öldürməklə bağlı tapşırıq aldığını, bunu icra etmədiyi üçün də şərlənərək həbsə atıldığının bildirmişdi. Sonradan bu məlumat təkzib olundu və maraqlıdır ki, B.Muradovun “karserə” salındığı ilə bağlı xəbər yayıldı.
E.Fətullayev hesab edir ki, bu, ictimai əhəmiyyəti olan bir məsələdir və üzərindən sükutla keçilməsi yolverilməzdir. Ən azı, ona görə ki, B.Məmmədovun bu məktubu ictimailəşdirdikdən sonra təzyiqlərə məruz qalması və həbsxanada incidilməsi istisna olunmur: “Bu işin təhqiqatı ilə yaxından məşğul olmaq istəyirəm. İlk gündən məsələni diqqətlə izləyirəm. Səmimi deyirəm ki, məsələ məni çox ciddi narahat edir. “Millətim” qəzetinin təsisçisi Ramiz Tağıyevin qızı da mənə müraciət edərək atası ilə görüşməyimi xahiş edib. Sonradan öyrəndim ki, artıq onu 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Ona görə də görüş müvəqqəti təxsirə salındı. Amma bu, çox ciddi əks-səda yaradan bir məsələdir. Mən həmişə demişəm ki, bu gün Əli Kərimli və AXCP öz siyasi fəaliyyəti ilə gerçək alternativ qüvvədir. Həm Elçibəyin zəhərlənməsi olayı, həm bu məsələ göstərir ki, Əli Kərimli ciddi siyasi fiqur və müxalifətin lideri olaraq hökumətin əsas rəqibidir”.
E.Fətullayev hesab edir ki, bütün vətəndaş cəmiyyəti institutları bu məsələyə reaksiya verməlidir: “İmkan vermək olmaz ki, bu hadisələr gələcəkdə təkrar olunsun. Azərbaycanda demokratiyanın qorunmasında və inkişafında müstəsna rolu olan bu adamı qorumaq lazımdır. Onun oynadığı rolu bu gün heç kim oynamır. O, ön xəttədir. Cəmiyyətə atılan daşlar, güllələr birinci onun sinəsinə dəyir. Ona görə bizim hamımızın borcu Əli Kərimlini müdafiə etməkdir”.
Hüquq müdafiəçisi B.Muradovun məktubunda Ə.Kərimliyə sui-qəsdlə bağlı yer alan məqamların həqiqət olduğunu düşünür: “Bəlkə də, tam araşdırma aparmamış bunu demək bir qədər düzgün deyil. Amma mən orada yazılanların həqiqət olduğunu düşünürəm. Çünki insan yalandan bu cür iddia ilə çıxış edə bilməz. Mən bu təcrübədən keçmişəm. Məhbəsdə ola-ola mübarizə aparmaq çox böyük cəsarət və fədakarlıq tələb edir. Bu şəxs ictimai-siyasi çəkisi olan fiqur deyil. Əgər bu məsələ üzərində ictimai nəzarət təmin olunsaydı, bəlkə də o, öz bəyanatından çəkinməzdi”.
E.Fətullayev həm R.Tağıyev, həm də məktubun müəllifi ilə görüşüb məsələni araşdıracağını deyir: “Bu, bir daha onu göstərir ki, Əli Kərimliyə qarşı davamlı hücumlar var. Mən Əli Kərimlinin qayını Elun Seyidovun işi ilə də bağlı ayrıca hesabat hazırlamaq fikrindəyəm. Hecə olur ki, bankın prezidentini və bütün əməkdaşlarını azad edirlər, bircə Elnur Seyidov qalır və bütün məsuliyyət onun üzərinə yüklənir. Məhz ona görə ki, Əli Kərimlinin qohumudur. Bu cəfənciyyatdır, hüquq-məhkəmə sisteminə qarşı yönəlmiş bir qərardır. Mən bütün bunları vahid zəncirin halqaları hesab edirəm. Ona görə də bu məsələ ilə ciddi məşğulam. Bu şəxslərlə görüşən kimi dərhal mətbuata məlumat verəcəm”.
Gültəkin


