
Naxçıvanda Sədərək gömrüyündə təxminən 30 nəfərdən ibarət bir qrup şəxs Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, həmçinin Naxçıvanın QHT İnkişafı və Demokratiya Regional Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibova və contact.az onlayn nəşrin reportyoru Elman Abbasova hücum ediblər.
Onlar yerli gömrük məntəqəsində hüquqlarının pozulması ilə bağlı kömək üçün jurnalistlərə müraciət edən yerli biznesmenlə birlikdə fiziki təzyiqə məruz qalıblar. Hücumçuların əlindən xilas olmağa çalışan hər üçn şəxs avtomobillə onlardan uzaqlaşmağa çalışıblar, lakin 4 avtomobillə mühasirəyə alınıblar və hazırda (15.00) aqressiv əhval-ruhiyyəli insanların əhatəsindədirlər.
Nəsibov və Abbasov şənbə günü Sədərək gömrük məntəqəsinə gəliblər və biznesmenin Türkiyədən gətirilən mallarının gömrükçülər tərəfindən yoxlanılması prosedurunu lentə almağa çalışıblar, amma dərhal mülki geyimli şəxslərin hücumuna məruz qalıblar. “Onlar ya gömrük işçiləri, ya da onların yaxın adamlarıdır”, deyə Nəsibov Turan-a bildirib.


