Məmmədyarov dünyanı aldatmaq istəyir

«The Wall Street Journal»dakı yazısında nazir Qarabağı Avropaya inteqrasiyada əsas problem kimi göstərib

Fuad Qəhrəmanlı: «Hakimiyyət bu problemdən sui-istifadə edərək inteqrasiyanın gecikməsini münaqişənin üzərinə atır»

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “The Wall Street Journal” nəşrində məqaləsi dərc olunub. Azərbaycanın xarici siyasətinin istiqamətləri və üzləşdiyi  problemlərdən bəhs edən məqalədə bir neçə məqam diqqəti çəkir.
Onlardan birincisi nazirin Avropaya inteqrasiyada Azərbaycana məhz Qarabağ probleminin maneçilik törətməsiylə bağlı vurğuladığı fikirlərdir. Ona görə E.Məmmədyarov təklif edir ki, Qarabağ probleminin həlli istiqamətində yardım edilərsə, bu, Azərbaycanın Avropa məkanına inteqrasiyasına təsir göstərə bilər: “Sülh şəraitində biz Avropanın digər hissəsinə çatmaq üçün daha sürətli templərlə inkişaf edə bilərdik”.
E.Məmmədyarovun vurğuladığı ikinci məqam isə Xəzərdəki situasiya ilə bağlıdır. E.Məmmədyarovun yazdıqlarına görə, Xəzərdəki siyasi gərginlik hər an aktiv fazaya keçə bilər: “Xəzər regionu gərginlikdən əziyyət çəkir, bu gərginlik siyasi problemlərdən açıq münaqişələrə keçə bilər”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycan rəsmilərinin ritorikasında Qarabağ məsələsi sui-istifadə predmetinə çevrilib. Azərbaycanın Qərbə inteqrasiyasının baş verməməsi ilə bağlı diplomatik təmaslarda gətirilən səbəblərdən biri kimi Qarabağ probleminin göstərildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Qarabağ probleminin həll olunmaması təminatlı kommunikasiya imkanları baxımından müəyyən problemlər yaradır: “Amma cəmiyyətin demokratikləşməsinə, Azərbaycanda hüquqi, siyasi, demokratik islahatların həyata keçirilməsi üçün Qarabağ problemi bir maneə deyil. Hakimiyyət bu problemdən sui-istifadə edir və çalışır ki, inteqrasiya prosesi ilə bağlı atmalı olduğu addımların gecikməsini məhz Qarabağ münaqişəsinin üzərinə atsın. Izahat yoxdur ki, Qarabağ problemi Azərbaycanda demokratik seçkilərin keçirilməsinə mane olsun”.
F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın Qərbə inteqrasiya etməməsinin ən başlıca səbəbi korrupsiyanın dövlət  siyasətinə çevrilməsi, hüququn aliliyinin təmin edilməməsi, siyasi və iqtisadi azadlıqların boğulmasıdır. Bütün bu problemləri həll etmək üçünsə Qarabağ münaqişəsinin həllini gözləməyə ehtiyac yoxdur: “Bu adları çəkilən sahələrdə Avropa standartlarının Azərbaycana tətbiq olunması ölkəmizin Qərbə inteqrasiyasına zəmin yaradır. Azərbaycana qarşı beynəlxalq təzyiqlər artan kimi iqtidar mənsubları dərhal məcburi köçkünlərin problemini önə çəkir. Sanki qaçqınların olması ölkədə siyasi azadlıqların mövcud olmamasına bərət qazandırır və buna görə hakimiyyət insan hüquqlarını poza bilər”.
Xəzərdəki gərginliklə bağlı E.Məmmədyarovun fikirlərinə gəlincə isə, F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın ənənəvi balans siyasətindən əsər-əlamət qalmayıb. Azərbaycanın bir-birilə ziddiyyət təşkil edən geosiyasi maraqlar arasında qaldığını deyən F.Qəhrəmanlı bildirdi ki, get-gedə ölkəmizə təzyiqlər artır: “Azərbaycan narahatdır ki, siyasi təzyiqlərin uyğun həlli tapılmazsa, bu, özünü təhlükəsizlik problemləri formasında daha ciddi şəkildə ifadə edə bilər. Xüsusilə Rusiyadan gələn təzyiqlər Azərbaycanda haqlı olaraq ciddi narahatlıq yaradır. Biz bunun nümunəsini Gürcüstanda gördük. Ona görə hesab etmirəm ki, bu narahatlığın dilə gətirilməsində məqsəd Azərbaycanın Qərbə inteqrasiya istəyinin ifadəsidir. Sadəcə olaraq Elmar Məmmədyarov mesaj vermək istəyir ki, Azərbaycana çox ciddi təzyiqlər var. Bunların fonunda siyasi və demokratikləşmə ilə bağlı təzyiqlər davam edərsə, Azərbaycan mövqeyini dəyişə bilər”.

Xəyal