inkoqnito

MTN əməkdaşının dəhşət dolu etirafları davam edir

inkoqnitoƏri öldürülmüş qadınla bağlı iyrəncliyin ikinci mərhələsi: «Narkotika tələsi» və sui-qəsd planı

Avropaya qaçan çekist «Azadlıq»a tükürpədici faktlar açıqladı

Naxçıvan MTN-ində işgəncə ilə öldürülən Turac Zeynalovla bağlı macəranın qısa xəbərini və anonslarını vermişdik. Xəbərdə bildirmişdik ki, Turac Zeynalov olayı ilə bağlı əməliyyatda iştirak etmiş MTN əməkdaşı ölkədən qaça bilib. Bu barədə xəbər “Azadlıq” qəzetində noyabr ayının 21-də dərc edilib. Hərçənd Ibrahim Həsən oğlu Musayev hələ sentyabr ayında Naxçıvanı və Azərbaycanı tərk etdiyini bildirir: “Mən qatil olmaq istəmədim” deyir.  Ölkədən Avropaya qaçan MTN əməliyyatçısının şok açıqlamaları davam edir.

Əvvəli ötən sayımızda

Məlahət Nəsibovanın qızı ilə də bağlı plan var imiş

Məlahət Nəsibova

Ibrahim Musayev iddia edir ki, bu göstərişləri ona Naxçıvanın Milli Təhlükəsizlik naziri Vəli Əsgərov və onun yaxın adamı olan MTN əməkdaşı Ilqar Hacıyev verirdi.
Amma yalnız bu göstərişlərimi?
Ibrahim Musayev Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Nəsibova ilə də əlaqə saxlayıb və ona bəzi ilginc faktlar verib. I.Musayev bildirib ki, bu ərəfədə ona Məlahət Nəsibovanı da şantaj etmək üçün göstəriş verilib. Bu, Məlahət xanımın Bakıda təhsil alan qızı ilə bağlı olub. Amma bu əməliyyat alınmayıb. Məlahət Nəsibova əməkdaşımızla söhbətində deyib: “Açığı, o, bu barədə mənə məlumat verəndə təəccüblənmədim. Mən harada yaşadığımın fərqindəyəm və bilirəm ki, ictimai-siyasi fəallara qarşı hər cür yaramaz əməliyyatlar planlaşdırıla bilər.
Amma hərdən dəhşətli dərəcədə tragikomik görünə biləcək əməliyyatlar da təşkil edirlər. Məsələn, mənim qızım ali məktəbə hazırlaşanda repetitor yanına gedirdi. Az müddət sonra müəllimlər bir-birinin dalınca mənə bildirdilər ki, onlara təzyiq var; kimlərsə onları məcbur edir ki, bu uşaqla məşğul olmasınlar, yoxsa ciddi şəkildə “başağrısı”yarana bilər. Təbii ki, mən bu adamların kim olduqlarını və müəllimlərə hansı problemlər yarada biləcəklərini anlayırdım. Buna görə də uşağı evdə özüm hazırlaşdırmaq qərarı verdim, o da hazırlaşaraq yüksək balla ali məktəbə daxil oldu…”.

İbrahim Musayev necə MTN-çi olub?

Turac Zeynalovun meyiti

Qayıdaq mərhum Turac Zeynalovla bağlı olaylara.
Ibrahim Musayev Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çox gənc yaşlarında cəlb olunub. Artıq bir neçə əməliyyatda iştirak edib sonuncudan qaçmağa imkan tapsa da, hələ ki,  onun cəmi 22 yaşı var. Özünün dediyinə MTN-lə rəsmi əməkdaşlığa başlayanda 20 yaşı olub. Amma hansı keyfiyyətdə. Ibrahim Musayev deyir: “Mən çox erkən biznesə başlamışam. Ticarətlə məşğul idim. Əsasən də maşın alveri ilə. MTN-lə əlaqələrim də erkən başlayıb və bir müddətdən sonra mənə baş çavuş rütbəsi verilib. Mənə deyirdilər ki, hərbi bilet və diplom lazımdır. Bunu da ”tası” vardı. Naxçıvanın rayonların birindən hərbi bilet və ali təhsil diplomu üçün MTN-in mühüm zabitlərindən birinə 30 min manat verdim. O da bu məsələləri həll etdi. Mənə MTN-də işlədiyimi təsdiq edən vəsiqə verdilər. Amma bu vəsiqə yalnız əməliyyata gedən zamanlarda mənim üstümdə olurdu. Qalan bütün zamanlarda onu MTN-də saxlayırdılar. Lakin indi, mənim şəxsiyyət vəsiqəm, hərbi biletim və diplomum oradadır, amma vəsiqə özümdədir”.
Məsələnin bu hissəsinin Turac Zeynalova birbaşa aidiyyəti olmasa da, ümumilikdə Turac Zeynalov kimi onlarla, yüzlərlə insanın taleyində rol oynayır.

Gülnar hər şeyi anlayandan sonra mənə tapşırıldı ki, onu aradan götürüm

Gülnar Ağayeva

Ibrahim Musayev bildirir ki, Gülnar Ağayeva ilə münasibətləri kifayət qədər dərinə işlədikdən sonra günün birində qadın ona pul lazım olduğunu deyib: “Mənə dedi ki, pul lazımdır. Mən də ”yaranmış etimad”dan sui-istifadə edərək “bir az narkotika var, onu bir nəfərə verib pul götürməliyəm” söyləyərək buna görə də mənimlə gəlməsinin lazım olduğunu dedim. Bu, əməliyatın ikinci mərhələsi idi.
Birinci mərhələ artıq başa çatmışdı. Hətta Naxçıvan MTN-in rəhbərliyi mənim də daxil olduğum bir məclis təşkil edərək bu “qələbə”ni bayram kimi qeyd etmişdi. Həmçinin elə həmin mərasimdəcə bu əməliyyata görə mənə leytenant rütbəsi verildiyi elan edilmişdi…
Beləliklə, əməliyyatın ikinci mərhələsinə başlayırdım. Narkotik maddəni Gülnarın çantasına qoydum və yolda “təsadüfən” polis bizi yaxaladı və hər ikimizə qarşı cinayət işi “açıldı”. Bu mərhələ Gülnar Ağayevanı artıq tam olaraq bizim kontrolumuz altına almaq demək idi. Elə bundan sonra da Gülnarın məşhur videomüraciəti yayıldı. Amma Gülnar az sonra anladı ki, sevgi-filan boş şeymiş və bütün bunlar bir əməliyyatın tərkib hissələri imiş. Buna görə də əsəbiləşib Vəli Əsgərova zəng etmiş və ondan bu cür istifadə edilməsinə sərt şəkildə iradını bildirmişdi. MTN-də narahatlıq yarandı ki, Gülnar bu məsələni də ictimailəşdirə bilər. Buna görə də mənə tapşırıldı ki, Gülnarı aradan götürüm.
Mən bu qərarı yerinə yetirmək üçün bir müddət düşünüb daşınmağın lazım olduğunu bildirdim: ən azı, buna görə də hansısa ağlabatan əməliyyat şəraiti qurmaq lazım idi. Amma təbii ki, onu öldürmək fikrim yox idi. Birincisi, ona görə ki, qatil olmaq mənlik deyildi. Bəlkə də, hər cür sifarişi yerinə yetirə bilərdim, amma günahsız bir qadını öldürmək, ümumiyyətlə kimisə qətlə yetirmək mənlik deyildi. Ikinci səbəb də vardı: dərk edirdim ki, Gülnarı öldürsəm, məni aradan götürmək çox asanlaşar. Ən yaxşı halda həbs edərdilər. Axı, biz bir narkotik əməliyyatında həbs edilmişik. Gülnarın ölümünü də, guya narkotik cinayətində birgə iştirakımızdan dolayı rəsmən mənim adıma sənədləşdirib gedər- gəlməzə yollamaq çox rahat idi.
Buna görə də aradan çıxmaq haqqında plan qurdum və birinci fürsətdə həyat yoldaşımı da götürərək ölkədən qaçdım”.

Turac Zeynalov və onunla birgə 4 nəfər niyə həbs edilib?

Bəs, Turac Zeynalovun və onunla birlikdə daha 4 nəfərin həbs olunmasının əsl səbəbləri nədir? Nə üçün? MTN-in rəsmi versiyası, yəni, guya bu 5 aeroport sürücüsünün Iran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanması nə dərəcədə əsaslıdır?
Yerli hüquq müdafiəçiləri israrla bidirirlər ki, bu həbsin arxasında nəsə başqa niyyətlər var və istintaqın “Iran versiyası” həm ağlabatan deyil, həm də çox dolaşıq dəlillərlə sübut etməyə çalışırlar.
Qaçqın MTN-çi bu barədə nəsə bilirmi? Ibrahim Musayev hələ ki, bu barədə danışmaq istəmir: “Sizi əmin edirəm ki, bu olayın əsl səbəbləri barədə danışacağam. Amma hələlik yalnız iki məqama diqqət yetirmənizi tövsiyyə edirəm. Birincisi, Ermənistanla sərhəddə, Sədərək rayonu ərazisinde yerləşən ”Ucubir” postu, digəri isə PKK. Bu iki amili yadda saxlayın”.
Yerli hüquq müdafiəçiləri bildirirlər ki, Turac Zeynalov savadsız, hansısa proseslərə xüsusi fikir verməyən bir adam olub. Ola bilərmi ki, Ibrahim Musayevin dediyi bu iki amil hansısa ciddi hadisə ilə bağlı olsun? Ümumiyyətlə, “Naxçıvan”, “PKK”,  “Ermənistan” anlayışlarının bir sırada hallanması hansısa ağlabatan nəticələr yarada bilərmi?
Bu sualın cavabında Ibrahim Musayevin növbəti açıqlamalarını gözləmək lazım gələcək. Amma hələ o zamana qədər də danışılacaq, yazılacaq bəzi mətləblər var.
Konkret olaraq, Turac Zeynalov olayı ilə bağlı MTN-in və ya rəsmi istintaq qurumlarının mövqelərini böyük məmnuniyyətlə gözləyirik. Məsələ burasındadır ki, I.Musayevin açıqlamaları hələ davam edəcək, amma indiki qısa fasilədə rəsmilərin mövqeyini cəmiyyətə təqdim etmək yerinə düşərdi…

“Azadlıq”ı izləyin…