“Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddəti daha üç ay uzadılıb. Bu barədə dekabrın 4-də Səbayel Rayon Məhkəməsində qərar qəbul olunub. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, hakim qərarını konkret faktlarla əsaslandırmayıb: “Yenə bildirildi ki, Elnur Seyidov külli miqdarda özgə əmlakını mənimsəyib. Bildirdik ki, o zaman bizə kiminsə ərizəsini və ya şikayətini göstərin. Məbləği də göstərin, ödəyək. İndiyə qədər iş üzrə bir neçə adam bu üsuldan istifadə edib və azadlığa çıxıb. Biz də dəyən zərəri ödəyək, Elnur Seyidov azad edilsin. Prosesdə Elnur Seyidovun özü də iştirak edirdi. O da bildirdi ki, kiminsə əmlakını mənimsəyibsə, zərəri ödməyə hazırdır. Cavab verdilər ki, deyəcəyik. 9 aydır adamı həbsdə saxlayırlar, hələ bundan sonra müəyyənləşdirəcəklər ki, o, kimə zərər vurub”.
Qeyd edək ki, E.Seyidov həbs olunduğu gündən MTH-nin istintaq təcridxanasında saxlanılır.
Gültəkin


