Assancyenidən üzə çıxdı
WikiLeaks saytının banisi Julian Assanc bundan sonra da məxfi sənədləri faş edəcəyini bildirib. Bu barədə AFP xəbər verir.
Ötən yaydan bəri Londondakı Ekvador səfirliyinə sığınmış Assanc “Cablegate” qalmaqalının ildönümündə, şərhlə çıxış edərək deyib ki, onun özünəməxsus anti-sirlər saytı “ABŞ-ın öz vəhşiliklərini gizlətmək, başqa ölkələri təhdid etmək və qlobal ağalığa yiyələnmək cəhdlərini ifşa edib”.
Julian Assanc “Huffington Post” saytında yazır: “2010-cu ildən bəri Qərb hökumətləri WikiLeaks saytını terrorçu təşkilat kimi təsnif etməyə çalışırlar”.
Assanc deyib ki, onun saytı dünyanı yaxşılığa doğru dəyişib.
O bildirib ki, ötən iki il ərzində sayta görə konkret olaraq heç bir fərd zərər görməyib.
Julian Assanc bu qənaətdədir ki, ABŞ qoşunlarının İraqdan çıxarılması və Ərəb baharı onun WikiLeaks saytından qaynaqlanıb.
Amerika hökumətinin narazılığına baxmayaraq, Assanc deyib ki, gizli sənədləri bundan sonra da açıqlayacaq və onun saytına maliyyə dəstəyini dayandırmaq mümkün olmayacaq (“Azadlıq” radiosu).


