Elnur Seyidovun adı Ştrasserin siyahısına düşüb

Məsələ AŞPA həmməruzəçilərinin Bakı səfərində xüsusi müzakirə olunub

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Arqamunt və Jozef Debono Qrexin Bakı səfəri zamanı xüsusi müzakirə olunan məsələlərdən biri də “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsi olub.
Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, görüşdən əvvəl həm o, həm hüquq müdafiəçiləri məsələni təfərrüatlarına qədər avropalı qonaqların diqqətinə çatdırmışdılar: “Görüşdə isə Elnur Seyidovun qanunsuz olaraq həbs edildiyini və əsassız olaraq hələ də içəridə saxlanıldığını bir daha diqqətə çatdırdım. Bildirdim ki, bankın rəhbərliyini azad etdikləri təqdirdə Elnur Seyidovu həbsdə saxlamaq absurddur. Elnur Seyidovun Avropa Insan Hüquqları Məhkəməsinə göndərilən bəzi sənədlərinin iki dəfə yoxa çıxdığı – daha dəqiq desək, oğurlandığı barədə də məlumat verdim. Bu sənədlər bugünə qədər tapılmayıb. Bütün bunlar da Elnur Seyidovun həbsinin sifarişli olduğunu, ona qərəzli münasibət göstərildiyini təsdiq edir”.
Ə.Mustafayevin sözlərinə görə, artıq E.Seyidovun adı Ştrasserin siyasi məhbuslar siyahısına da düşüb: “Bütün beynəlxalq təşkilatlar bu məsələ ilə maraqlanırlar. Elnur Seyidovun həbsi ilə bağlı detallı məlumatlar istəyirlər. Təbii ki, biz də təqdim edirik. Elnur Seyidov özü ilk gündən nədə təqsirli bilindiyini anlaya bilmir. Istintaqa da dəfələrlə sual verib ki, mənə nədə təqsirli bilindiyimi deyin. Biz də 8 aydır gözləyirik görək, bu qanunsuzluğun axırı necə olacaq”.