c hesenli-yeni

“Bunun bir sonu olacaq”

c hesenli-yeni«Azərbaycan hakimiyyəti ermənilərə edə bilmədiklərinin hamısını müxalifətə edib»

Cəmil Həsənli: «Korrupsiya pullarının bir qismi hakimiyyətin legitimliyini beynəlxalq aləmin təsdiqləməsinə xərclənir»

başlanğıcı ötən saylarımızda

“Avtoritar rejimlər tək özlərinin deyil, varislərinin də hakimiyyətini təmin etməyə çalışırlar”

– Cəmil müəllim, qarşıdan seçki ili gəlir. Ilk dəfədir ki, sosial şəbəkələrdə bu qədər aktivlik var. Ölkədəki narazılığın hansı səviyyədə olduğunu demək isə artıqdır. Rüstəm Ibrahimbəyov deyir ki, hökumət dərhal islahatlara getməsə, ərəb inqilabları yalan olacaq. Siz necə düşünürsünüz?
– Mən də hesab edirəm ki, islahatlara getmək zəruridir. Iqtidarlar tək seçki ilə hakimiyyətə gəlmək yox, həm də seçki ilə hakimiyyətdən getmək ənənəsinə sahib olmalıdılar. Hansısa ölkədə iqtidarlar seçki ilə hakimiyyətdən getmək istəmirsə, bu, avtoritarizmin və hakimiyyəti mənimsəməyin əyani təcəssümüdür. Hazırda dünyadakı şərtlər avtoritarizm və kriminala əsaslanan hakimiyyətlərlə uzlaşmır. Dünyada indi ayrı bir tendensiya gedir. On illik prezidentlik müddəti hər hansı şəxs və ya partiya lideri üçün ölkəyə rəhbərlik etmək, onu inkişaf etdirmək baxımından yetərincə böyük vaxtdır. Eyni zamanda on il ölkəni talan etmək üçün də yetərlidir. Yəni hər iki parametrə görə üst-üstə 10 il hakimiyyətdə oturub Azərbaycanı idarə etmək kifayət qədər böyük vaxtdır. Kimin içində vətənə xidmət hissi varsa, bunun üçün on il yetərincə böyük müddətdir. Hakimiyyətlər uzun davam edəndə özünəvurğunluq başlayır, özləri haqda ayrı fikirlərə düşürlər. Biz dünyada olan avtoritar rejimlərin bir çoxunun getdiyi yolu və onun nəticələrini görmüşük. Bunun ən uzaqda olanı Şimali Koreya, ən yaxında olanı ərəb ölkələridir. Iş o yerə gəlib çatır ki, avtoritar rejimlər tək özlərinin deyil, varislərinin də hakimiyyətini təmin etməyə meyillənirlər. Bütün bunlar demokratik anlayışlarla bir çərçivəyə sığmır.

“İnkişaf varsa, bundan ölkə əhalisinə pay düşməlidir”

– Cəmil müəllim, cəmiyyətin bir cinahı ölkənin abadlaşdığını, inkişaf etdiyini, bir cinahı isə talan edildiyini, korrupsiya içində boğulduğunu deyir. Sizin qənaətiniz necədir? Ötən on ildə ölkə talan edilib, yoxsa abad?
– Mənim üçün inkişaf modeli binaların sayı və onların hündür olması deyil, Azərbaycan vətəndaşının vəziyyəti ilə bağlıdır. Vətəndaşın vəziyyətində bir irəliləyiş yoxdursa, Ramiz Rövşən demişkən, binalar ucaldıqca adamlar alçalır. Inkişafın göstəricisi vətəndaşın rifahıdır, sosial müdafiəsidir, təhsilidir, səhiyyəsidir, etibarlı və təminatlı iş yeridir, halal zəhmətlə qazandığı çörəyidir. Bizim o hündür binaların sonuncu mərtəbəsindən tamam ayrı mənzərə görsənir və məlum olur ki, o binalara həsrətlə baxan xalq yeməyə çörək, onları tikdirən hakim elita isə gəyirməyə turp axtarır. Inkişafın meyarı xalqın güzaranıdır, inkişaf varsa, ölkə əhalisinə bundan pay düşməlidir. Həkimin, müəllimin, mədəniyyət işçisinin və ya pensiyaçının aldığına baxaq. Onların məvacibində nə qədər dəyişiklik olub? Tutalım, akademiya sistemində elmlər doktorunun maaşına baxaq. Bizim bəyənmədiyimiz sovet sistemində elmlər doktorunun əmək haqqı Rayon Partiya Komitəsinin birinci katibinin əmək haqqından yüksək idi. Indi həmin o Partiya Komitəsinin yerində oturan bəzi icra başçılarının səviyyəsindən xeyli yüksək olan güzəranına baxsınlar, akademiyadakı biçarə elmlər doktorunun da.

“Müqavimət ölkənin içində olmalıdır”

– Cəmil müəllim, son dövrlər dünyada gedən proseslər diktatorlara meydanın daraldığını göstərir. Biz həmişə deyirik ki, seçkilər daxili faktorlardan asılıdır, amma bu, xarici faktorlardan, dünyanın demokratiyaya nə dərəcədə dəstək verməsindən də asılıdır. Bu mənada budəfəki seçkiylə bağlı dünyanın mövqeyi necə olacaq?
– Ötən seçkidən sonra AŞ PA-nın komitə sədrlərindən biri beynəlxalq konfranslarda dedi ki, 2010-cu il seçkilərinin nəticələrini tanımaqla bağlı Azərbaycan tərəfi onlara rüşvət təklif edib. Ardınca onu da dedi ki, belə təkliflər parlamentin başqa üzvlərinə də olunub. Və şübhəsiz ki, bu təklifdən imtina etməyənlər də olub. Bəla burasındadır ki, Azərbaycandakı korrupsiya artıq beynəlxalq məzmun kəsb edir və öz sərhədləri ilə məhdudlaşmır. Korrupsiyadan əldə edilən oğurluq vəsaitin bir hissəsi hakimiyyətin legitimliyini beynəlxalq aləmin təsdiqləməsinə xərclənir. 2010-cu il seçkiləri ərəfəsində o danışıqları Strasburqda aparan da, həmin təklifi edən də məlumdur. Bizdə bütün natəmiz işlərlə məşğul olanlar mükafatlandırıldığı kimi, bu xidməti göstərən vətəndaşımız da parlamentdən kənarda qalmadı. Ona görə də bizim problemimiz çox ağırdır və bütün bunlara qarşı  ölkənin içində müqavimət olmalıdır. Heç vaxt ümid etmək olmaz ki, beynəlxalq aləm gəlib burada nəyisə düzəldəcək. Indi-indi vəziyyət düzəlib. Yaxın zamanlara qədər pul elə açar idi ki, bütün qapılara düşürdü. Indi tək-tük qapılar meydana gəlib ki, bizimkilərin “açarı” o qapılara düşmür.

– Cəmil müəllim, belə deyim var ki, siyasətlə məşğul olmasan, o özü səninlə məşğul olacaq. Məsələn, bir vaxtlar taksi sürücüsünə siyasətdən sual verəndə deyirdi ki, hökumət davasıdır, mən taksimi sürürəm. Amma elə bir dövr yetişdi ki, taksi sürücüsü ilə də işləri oldu. Bu mənada 2005, 2008 seçki illərlə müqayisədə indi narazı kütlə xeyli artıb. Bu cür daxili faktorlar hansı proqnozlar verməyə əsas verir?
– Narazılar o zaman siyasi qüvvəyə çevrilir ki, birləşir, təşkilatlanır. Narazılığı hansısa formada ifadə etməyin forması tapılmalıdır. Təşkilatlanmamış narazı qüvvə taleyin ümidinə qalmış insan yığınıdır. Hakimiyyət onlarla necə istəsə, elə də rəftar edə bilər.  

“Müxalif fikrin zəifləməsi üçün ölkədə normal islahatlar getməli idi”

– Amma Azərbaycanda təşkilatlanma sıfır səviyyədə də deyil. Ziyalılar Forumu, Ictimai Palata, siyasi partiyalar və başqa qruplar var. Ziyalılar Forumunun bəyanatında da birliyə çağırış var idi. Seçkiyə qədərki dövr ərzində həmin o monolitliyi, hərəkətliliyi təmin etmək üçün nə düşünürsünüz?
 – Siyasi proseslərin ağırlığı siyasi partiyaların üzərində olmalıdır. Ölkə o zaman güclü və demokratik olur ki, onun iqtidarı ilə yanaşı, müxalifəti də güclü olsun. Müxalifəti güclü olmayan ölkədə demokratik ənənələr yarana bilməz və belə ölkələr sağlam ölkələr sayıla bilməz. Son on ildə hakimiyyət Azərbaycanın torpaqlarını işğal etmiş ermənilərə edə bilmədiklərinin hamısını ölkə müxalifətinə qarşı edib. Həyata keçirdiyi repressiv tədbirlərlə, dövlətin resurslarından öz əleyhdarlarına qarşı istifadə etməklə hakimiyyət müxalif qurumları kifayət qədər zəiflədə bilib. Müxtəlif zorakılıq üsulları, antikonstitusion addımlar, qanunlara məhəl qoymadan hakimiyyət müəyyən dərəcədə müxalif partiyaların zəiflədilməsinə nail ola bilsə də, müxalif fikrin zəifləməsinə nail ola bilmədi. Müxalif fikrin zəifləməsi üçün ölkədə normal islahatlar getməli idi. Lakin bu baş vermədi. Vətəndaş hakimiyyətin formalaşmasında söz sahibi olmalıdır, onun rəyi nəzərə alınmalıdır. Halbuki, Azərbaycan xalqı faktiki olaraq hakimiyyəti formalaşdırmaq hüququndan məhrum edilib və bu konstitusion haqqından uzaqlaşdırılıb. Bu gün ölkənin müxalifətinin də, ziyalısının da, gəncinin də qarşısında duran ən mühüm məsələ Azərbaycan xalqının əlindən alınmış bu hüququn onun özünə qaytarılması olmalıdır. Azərbaycanda hakimiyyətin dəyişməsinin yolu xalqın səsinə dayanan seçkidən keçir və bu gün korrupsioner hakimiyyət xalqın timsalında böük bir narazı elektortla üz-üzə dayanıb. Hakimiyyətlər seçki ilə formalaşsalar, seçki ilə hakimiyyətdən getməyə də iman gətirərlər. Saxtakarlıq daimi ola bilməz, bunun nə vaxtsa sonu olacaq. Ziyalılar Forumuna gəlincə, biz yazırıq, deyirik, toplantılar keçiririk. Amma nəzərə almalısınız ki, siyasət bizim həyatımızın bir hissəsidir, hamısı deyil. Bizim siyasətdən də başqa işlərimiz var. Biz elə ona görə Ziyalılar Forumuyuq ki, siyasətdən başqa da işlərimiz var. Bu günlərdə Rüstəm Ibrahimbəyovun Amerikada kitabı çıxdı, Rafiq Əliyevin Almaniyanın “Springer” beynəlxalq elm nəşriyyatında “Fundamentals of the Fuzzy Logic-Based Generalized Theory of Decisions” adlı iri həcmli monoqrafiyası artıq 130 avroya satışa qoyulub, Əkrəm bəy yenə sözü sehrinə salan maraqlı bir əsər yazıb. Ramiz Rövşən son vaxtlar təkrarsız poeziya nümunələri yaratdı. Biz bütövlükdə siyasətə bağlansaq, gərək bu yaradıcılığı qatlayıb bir tərəfə qoyaq. Siyasi partiyaların da yerini tutmaq fikrində deyilik. Biz Azərbaycanda azad, ədalətli, demokratik seçki istəyən, demokratik islahatlar keçirməyə hazır olan qurumları müdafiə edir, onlara kömək edir, bacardığımız qədər bu işlərdə iştiraka çalışırıq. Nazim Hikmət demişkən, iqtidarın durumunun iyidən iyi, müxalifətin durumunun kötüdən kötü olduğu bir məmləkətdə edə biləcəyimiz bir şeyləri etməyi vicdan borcumuz sayırıq.

Sücəddin Şərifov,
Gültəkin Knyazqızı