Hakimiyyətlə bp arasında növbəti qalmaqal

Elxan Şahinoğlu: «Hakimiyyət zaman-zaman bp-yə bu cür həmlələr edəcək»

Hakimiyyət dolayı yol ilə Britaniya mətbuatında Əliyevlərlə bağlı dərc olunan yazılara görə neft nəhəngi bp-ni ittiham edir. Hökumətyönlü 1news.az saytı “Sifarişlə çirkli siyasi piar, və ya, bp Azərbaycanda neft konsorsiumunda operatorluqdan məhrum ediləcəkmi?” adlı anonim məqalədə iqtidarın mövqeyini çatdırır. Məqalədə bu yaxınlarda Britaniya mətbuatında (“Daily Mail” və “Independent”) Azərbaycan haqqında yayılan tənqidi məqalələrdən bəhs edilir. Məqalə müəllifi bu tənqidin səbəbini “Azərbaycandakı öhdəliklərinə səhlənkar yanaşan” bp ətrafında baş verən son hadisələrlə əlaqələndirir.
Ilham Əliyevin bu yaxınlarda “Azəri” və “Çıraq” yataqlarında neft hasilatının azalması ilə nəticələnən səhvlərə görə bp-ni tənqidə məruz qoyduğunu xatırladır.
Bundan başqa, məqalədə bp-nin Azərbaycanda fəaliyyətinə son qoyula biləcəyi ritorikasına yenidən müraciət olunur. Onu da qeyd edək ki, ölkə başçısı bp barəsində sərt ittihamlar səsləndirəndən sonra Britaniya şirkətinin Azərbaycanda fəaliyyətinin dayandırıla biləcəyi ilə bağlı açıqlamalar daha tez-tez səslənir.
Azərbaycan hakimiyyəti və ölkənin bir sıra əsas enerji layihələrinin operatoru olan bp şirkəti arasında münasibətlər, görünür, yeni gərginlik mərhələsinə keçir.
“Turan” Informasiya Agentliyinin əldə etdiyi qeyri-rəsmi məlumata görə, parlamentin bir sıra deputatları noyabrın 30-da Milli Məclisdə dövlət büdcəsi layihəsinin hesablanması zamanı bp-nin ünvanına tənqidlə çıxış etmək niyyətindədirlər.
Çox güman ki, şirkətin konkret öhdəliklərini yerinə yetirməməsi və neft hasilatının kəskin şəkildə azalması tənqid obyekti olacaq. Prezident Ilham Əliyev bu barədə hələ iki ay əvvəl danışırdı.
Məlumatlı mənbələr həmçinin bildirirlər ki, bp və Azərbaycan hökuməti arasında gərginliyin səbəbi Britaniya şirkətinin TANAP (Transanadolu Qaz Kəməri) layihəsində ona təklif olunan paydan narazı olmasıdır.
SOCAR 80 faizlik payının 12 faizini bp, 12 faizini “Statoil” şirkətinə, daha 5%-ni isə “Total”a verməyə hazırdır.
Bir müddət əvvəl yerli və xarici KIV-lər bp-nin TANAP-da SOCAR-dan sonra ikinci yeri tutmaq, ən azı Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsində pay iştirakı qədər – 25,5% almaq istədiyini bildirirdilər. Lakin bu, Azərbaycan tərəfini qane etmir və buna cavab olaraq bp “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2″nin başlanmasına icazə verməkdən yayınır. Bu yataqdan çıxarılacaq qaz TANAP-la nəql edilməlidir.
Digər tərəfdən, Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri layihəsində hazırda 10 faiz təşkil edən payını artırmaq istəyir.
Aydındır ki, bu məsələdə də Azərbaycan hökuməti və bu layihənin operatoru olan bp arasında fikir ayrılıqları var.
Hələlik bp AÇG-də operatorluğuna yenidən baxılması ehtimalı haqqında məlumatları şərh etmir. Bununla belə, belə bir informasiyanın yayılması “bp-ni kim əvəz edə bilər” sualı doğurur.
Qeyri-rəsmi məlumatlara görə, bu rola namizədlərdən biri Amerikanın “Exxon” şirkəti ola bilər və Azərbaycan hakimiyyəti artıq bu şirkətlə danışıqlar aparır. Maraqlıdır ki, bir il əvvəl “Exxon Mobil” Isveçrə şöbəsini SOCAR şirkəti alıb.

“Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, I.Əliyevin bp-ni hədəf alan çıxışından sonra hakimiyyətlə şirkət arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Daha sonra bir çox məsələlərin aydınlaşmasına, bp-nin hasilatı artıracağına söz verməsinə baxmayaraq I.Əliyevin çıxışının münasibətləri kökündən dəyişdiyini düşünən E.Şahinoğlu qeyd etdi ki, hələ də iki tərəf arasında münasibətlərə aydınlıq gətirilməyib: “Hazırda ABŞ-la bp arasında münasibətlər gərginləşib. Əslində bu məsələ Azərbaycan hakimiyyətinin işinə yarayır. Çünki bp bir növ küncə sıxışdırılıb. Çünki bp-nin ən böyük yataqları Azərbaycandadır. Çünki bu şirkət Amerika bazarını itirib və digər ölkələrlə əlaqələrdə ehtiyatlı olmalıdır. Meksika körfəzindəki olay bp-yə böyük ziyan verdi. Azərbaycan hökuməti də bunu başa düşür və anlayır ki, şirkətin seçim imkanları o qədər geniş deyil. Ona görə zaman-zaman bp-yə bu cür həmlələr olacaq. Bu yazı da görünür, həmin dolayı mesajlardan biridir”.
Bp-nin başqa şirkətlə əvəzolunmasının çətin proses olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, bp əsas operator olduğundan onu “Əsrin Müqaviləsi”ndən çıxarmaq asan olmayacaq. Bp-nin Azərbaycanın ən böyük vergi ödəyicisi olduğunu söyləyən E.Şahinoğlu qeyd etdi ki, bu şirkətin gəlirlərindən verdiyi vergi büdcənin böyük hissəsini təşkil edir: “Qarşıdan prezident seçkiləri gəlir və bp-yə dünyada dövlət içərisində dövlət deyirlər. Bu şirkətin müxtəlif strukturları mövcuddur və onlar ölkədəki bütün prosesləri izləyirlər. Bp-nin ölkədə baş verənlərlə bağlı ”yolunu azmasın” deyə müxtəlif yollarla hakimiyyət ona mesajlar ünvanlayır. Mesajlarda məqsəd Azərbaycan hakimiyyətinə münasibətdə bp-nin mövqeyinin dəyişməməsi üçündür. Gələcəkdə bu mesajlar daha da arta bilər”.

Xəyal