Vahid Azərnəvid: “Böyük, ancaq param-parça olub zəyif düşmüş bir millətə iki yabançı diktator rəhbərlik edir”
“Güneylilər Azərbaycan Respublikasında ancaq nəfəs ala bilirlər”
Azərbaycanda son vaxtlar böyük izləyici kütləsi toplamış, Güney Azərbaycandan Azərbaycan Respublikasına gələn mühacirlərin həyatını əks etdirən “Qara günlər” filminin və Azərbaycanda yeganə alternativ efir məkanı olan “Azərbaycan Saatı” proqramının rejissoru Vahid Azərnəvid “Azadlıq”a müsahibə verib.
– Öncə çəkdiyiniz filmdən başlayaq. Niyə məhz “Qara günlər”?
– “Qara günlər” mənim çəkdiyim ilk film deyil. Daha öncə bir çox qısa və uzun metrajlı, sənədli filmlər, kliplər çəkmişəm və bir neçə uluslararası film festivallərına qatılmışam. “Qara Günlər” filminə gəlincə, bir sənətçi aid olduğu toplumun dərdlərini hər zaman dilə gətirməlidir. Bunu etməzsə, demək sənətçi deyil. Bir Azərbaycanlı rejissor olaraq bu görəvi üstlənmişəm, çünkü illər boyudur kino sahəsində kimsə bu sorunları anlatmayıb.
– Nə müşahidə etdiniz, güneylilər niyə Azərbaycanda pis vəziyyətdə yaşayır?
– “Qara günlər” nə qədər Azərbaycanın güney topraqlarından quzeyinə sığınan qaçqınları anlatsa da, Güney Azərbaycan filmi deyil, bir Azərbaycan filmidir. Siyasi sərhədlərlə Güney Azərbaycanla Quzey Azərbaycanı ayırmaq mümkün deyil və zorla ayrılmış bu milləti ikiyə bölmək olmaz. Mən daha öncə Bakıda yaşamış bir dostumun layihəsi ilə bu sənədli filmi çəkdim. Filmi bir az incələsək, görərik ki, başlanğıcda Əhmədinejad və sonda İlham Əliyev danışır – böyük, ancaq param-parça olub zəyif düşmüş bir millətə rəhbərlik edən iki yabançı diktator, daha doğrusu insanlıq dışı olan iki sistemin əlindəki oyuncaq. Bunun üçün filmin əvvəlində “Güney Azərbaycanın bağımsız olacağı gün Quzey Azərbaycanda demokratiya olacaq” yazmışam. Tarix və atalarımızın yanlışları millətimizi bir birindən nə qədər ayrmış olsa da, bu millət hələ də iç-içə yaşayır və bir birinə olan təsiri qaçılmazdır. Mənə belə gəlir ki, düşmənlərimiz bunu bizdən daha yaxşı bilirlər və bizi ayırmaq üçün əllərindən gələni edirlər. Bunu Azərbaycan hava limanında ölkəyə girib-çıxarkən zorla rüşvət verdikdə öyrəndim və içim acıdı. Mən Bakıda çox möhtəşəm bir yolla dostumun evinə getdim. Hətta yolun qırağında çox gözəl divarlar və işıqlar var idi və sonra öyrəndim ki, bu yol sayın İlham Əliyevin sarayından iş yerinə, yəni Prezident Aparatına gedən yol imiş və o divarların arxasında da uçuq-sökük evlərdə bizim millətimiz yaşayırmiş. Beləcə, prezident və respublika anlamlarının nə olduğuna lap yaxından tanış oldum. Sonra başa düştüm ki, biz Güney və Quzey Azərbaycan olaraq hamımız qaçqın düşmüşük. Axı öz vətəndaşına kölə kimi baxan bir qondurma hakimiyyət üçün Azərbaycanın güneyinin nə önəmi ola bilər ki? Onlar zatən bizim dilimizdə danışmağı da ar görürlər. Leyla Əliyevanın bir müsahibəsini izləyirdim, rus şivəsiylə zorla Azərbaycan türkcəsində danışırdı. Bunu izlədiktən sonra anladım ki, niyə Azərbaycan hakimiyyəti Kremldən gələn əmrləri daha yaxşı anlayır, niyə Güney Azərbaycanın o hakimiyyət üçün ticari və iqtisadi ilişgilər, çıxarlar dışında, heç bir anlamı yoxdur. Quzeydə Güney Azərbaycanlı qaçqınların belə bir rəzil durumda yaşamalarının səbəbi də budur.
– Güneylilərin Azərbaycan Respublikasında hansı problemləri var?
– Məncə, hansı sorunları yoxdur soruşmaq daha yaxşı olardı. Şəxsiyyət vəsiqələri işə yaramır, işləyə bilmirlər, pul qazana bilmirlər, öz adlarına heç nə ala bilmirlər, evlənə bilmirlər, ölkədən çıxa bilmirlər…, ancaq nəfəs ala bilirlər.
Ramin Deko


