
17 noyabr aksiyasında həbs olunan müxalifətçilər azadlığa çıxdı
Noyabrın 17-də sosial şəbəkə fəallarının paytaxtın mərkəzində – Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyası zamanı tutularaq, 7 sutkalıq həbs cəzası alan AXCP sədrinin müşaviri Məmməd Ibrahim, AXCP üzvləri Inqilab Kərimov, Zülfüqar Eyvazlı, Orxan Carçı, Babək Həsənov və ADP fəalı Hafiz Adıgözəlov bu gün azadlığa çıxıb.
Məmməd Ibrahim “Azadlıq”a açıqlamasında bildirib ki, bu cür həbslər onların mübarizəsinə mane ola bilməyəcək: “Qurddan qorxan meşəyə girməz. Nə sutkalıq, nə də uzunmüddətli həbslər bizi yolumuzdan döndərə bilər. Nə qədər ki, Əliyev rejimi hakimiyyətdədir, bizə rahatlıq yoxdur. Əminəm ki, biz tezliklə xalqı bu rejimdən xilas edəcəyik”.
AXCP sədrinin müşaviri deyir ki, tezliklə, özü də yenidən Fəvvarələr meydanında aksiya keçirməyin tərəfdarıdır: “Ya sosial şəbəkələrdə müstəqil gənclər, ya da Ictimai Palata olaraq, ”Parlament buraxılsın!” tələbilə aksiya keçirməliyik. Saxta parlamentin hələ də fəaliyyət göstərməsi bizim üçün təhqirdir”.
Digər cəbhəçi Inqilab Kərimov da bu cür həbslərin onları mübarizədən çəkindirə bilməyəcəyini bəyan etdi: “Bizim üçün həbslər artıq adiləşib. Bu, bizim üçün sanki çıldaq rolunu oynayır. Necə ki, uşağı çıldaq elətdirirlər, belə həbslər də bizim çıldağımızdır”.
Inqilab Kərimov onu da əlavə edib ki, bu cür aksiyalar keçirməkdə məqsəd saxtakarlıqla formalaşdırılmış parlamentin istefasına nail olmaqdır.
Ötən il Ictimai Palatanın 2 aprel mitinqində həbs olunaraq uzunmüddətli məhkumluq həyatı yaşamış Zülfüqar Eyvazlı da nə həmin aksiyada, nə də 17 noyabrda həbs olunmasına görə özünü günahkar saymır: “Aksiyaya çıxıb, etiraz etmək bizim hüququmuzdur. Meydana çıxıb konstitusion hüququmdan yararlanmışam. Yenə də meydana çıxıb etirazımı bildirəcəyəm”.
7 sutkalıq həbs müddətini dünən başa vuran Babək Həsənov da “2 aprel” məhbuslarındandır. O da bu cür həbslərin onların mübarizəsinə heç bir mənfi təsiri olmayacağını bildirir: “Bu cür həbslər mübarizə adamlarını qorxuda bilməz. Əksinə, bir az da mətinləşdirir, stimul verir ki, zalım rejimlə daha qətiyyətlə vuruşaq. Tezliklə mübarizəmiz öz nəticəsini verəcək”.
Ramin DEKO




