Generalın qardaşı oğlu Bakının mərkəzində dava saldı

Robert Əyyubov onu qəzəbləndirən polisləri və mühafizə xidmətinin əməkdaşlarını döydü

Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov növbəti dəfə polisləri döyüb. Bu barədə qəzetimizə daxil olan məlumatda deyilir ki, hadisə dünən “Malakan bağı” ilə üzbəüz tikilməkdə olan avtodayanacağın qarşısında baş verib. Hadisənin şahidləri bildirir ki, Robert Əyyubov idarə etdiyi dövlət nömrə nişanı olmayan “BMW X6″ markalı avtomobili dayanacağın qarşısında saxlayıb.
Dayanacağın mühafizə xidmətinin, həmçinin ərazidəki Post Patrul Xidmətinin əməkdaşları ondan avtomobili ərazidən götürməyi xahiş ediblər. Robert Əyyubov isə onların bu xahişinə şillə-təpiklə cavab verib. Generalın qardaşı oğlu ilə bir yerdə olan dostları da ona dəstək veriblər. Şahidlər deyir ki, onlar əraziyə 90 NN 061 nömrəli  qara rəngli ”Mercedes E Klass” markalı avtomobildə gəliblər. Robert Əyyubov və dostları mühafizəçini döyərkən polislər davaya müdaxilə edib. Generalın qardaşı oğlu bu dəfə polisləri şillə-təpiyə qonaq edib. Daha sonra Robert Əyyubovun tapança çıxardığını görən mühafizəçi və polislər qaçıblar. Robert Əyyubov və dostları isə avtomobillərinə əyləşərək ərazidən uzaqlaşıblar.

Azad