“Müsavatçı dostları komandamda görmək istəyəcəyəm”

Əli Kərimli: «Təəccüblü bir şey yoxdur, AXCP və Müsavat müttəfiqdir»

“Prezidentliyə namizəd olanda, mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm”. Bu sözləri AXCP sədri Əli Kərimli Müsavat Partiyasının başqanı Isa Qəmbərin müxalifətin namizədi olmaq istəyi ilə bağlı açıqlamasına cavab olaraq öz “twitter” ünvanında yazıb.
Ə.Kərimli fikirlərini bu cür ifadə edib:”Isa bəy deyib ki, prezidentliyə namizəd kimi öz komandasında müsavatçılarla yanaşı, cəbhəçiləri də nəzərdə tutur. Bəzi dostlar təəccüblənib. Təəccüblü bir şey yoxdur. AXCP və Müsavat müttəfiqdir. Prezidentliyə namizəd olanda, mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm”.
Qeyd edək ki, Isa Qəmbər “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, vahid namizəd ideyası çox cəlbedici olsa da, əsas namizəd termininin tərəfdarıdır:”Bu günə Isa Qəmbər olaraq mənim qərarım prezident seçkisində iştirak etməkdir. 2013-cü il prezident seçkisində iştirak etmək və qalib gəlmək əzmindəyəm. Ölkədəki köklü demokratik dəyişikliklər istəyən insanlardan ibarət komanda formalaşdırıb bu ölkənin problemlərini həll etmək əzmindəyəm. Mənim bugünkü qərarım budur. O komandada müsavatçılar olacaq, bizim müttəfiqlərimiz cəbhəçilər və digər demokratik qüvvələr, heç bir partiyada təmsil olunmayan mütəxəssislər olacaq. Eyni zamanda bugünkü hakimiyyətdə təmsil olunan şəxslərdən də kimlərinsə orada təmsil olunmasını istisna eləmirəm.
Bu, artıq prosesin gedişinə, həmin şəxslərin davranışına və sair şərtlərə bağlı məsələdir”.