
Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, noyabrın 17-də Bakının Fəvvarələr bağında keçirilən etiraz aksiyasında tutulanlar polis idarəsində zorakılığa məruz qalıblar: “ADP fəalı Cəmil Hacıyev Səbail Rayon Polis İdarəsində saxlanılan zaman idarənin rəis müavini Kamil Vəlişovun təhqirlərinə məruz qalıb. Rəis müavini tabeliyində olanlara göstəriş verib ki, Cəmil Hacıyevi döysünlər. Amma Cəmillə birgə tutulanlar buna imkan verməyiblər.
AXCP üzvləri Dəyanət Babayev, Orxan Zəkiyev və ADP-çi Hafiz Adgözəlov polislər tərəfindən tutularkən zorakılıqla üzləşiblər. Döyülmə nəticəsində Orxan Zəkiyevin vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib. Daha ciddi xəsarətləri Hafiz Adgözəlov alıb. Onun üz-gözündə döyülmənin əlaməti – göyərmə hələ də qalır”.
Əsabəli Mustafayev onu da qeyd edib ki, Səbail Rayon Məhkəməsi mitinqdə saxlanılanlar barəsində həbs qərarını qapalı iclasda çıxarıb: “İlk növbədə tutulanların kimliyi gizli saxlanılıb. Tutulan zaman telefonları əllərindən alınıb. Onlara vəkillə təmin olunmağa imkan verilməyib. Məhkəmə prosesləri qapalı və polislərin şahidliyi ilə keçirilib. Şahid qismində ifadə verənlər aksiyada iştirak etməyən polislər olublar və təbii ki, onlar yalandan ifadə veriblər”.
Vəkil 17 noyabr mitinqində tutulan 10 nəfərin işindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini söyləyib.
17 noyabr aksiyasında tutulanlardan 7 nəfərinə (AXCP üzvləri Məmməd İbrahim, İnqilab Kərimov, Zülfüqar Eyvazlı, Orxan Carçı (Zəkiyev), Babək Həsənov, Dəyanət Babayev və ADP üzvü Hafiz Adgözəlov) 7 sutka, 3 nəfərinə (ADP-çi Cəmil Hacıyev, Müsavat Partiyasının üzvü Elçin Cərullazadə və bitərəf Məhəmməd Əliyev) 5 sutka həbs verilib.


