serdar celaloglu-yeni

“YAP-ı sıradan çıxarıb məhv edəcəklər”

serdar celaloglu-yeni«Bu qanun işləsə, YAP-da qırx nəfərdən artıq adam qalmayacaq»

Sərdar Cəlaloğlu: «Indi necə ola bilər ki, YAP-ın təsisçisi Sirus Təbrizli YAP-ı «simasız quldurlar partiyası» adlandırır, amma partiya özünü xilaskar sayır»

Hakimiyyət son zamanlar bir-birinin ardınca ölkə qanunlarını mürtəceləşdirməkdədir. Hökumət icazəsiz aksiyalarda iştirak edənlərə qarşı cərimələrin miqdarını artırandan sonra siyasi partiyalar haqqında qanunu da sərtləşdirmək istəyir.
Belə ki, bundan sonra Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər. Cinayət Məcəlləsinə təklif olunan əlavələrdə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulub. ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizə məhz bu sualdan başlamağa qərara aldıq. Nəzərdə tutulan dəyişikliklərə baxanda onların Azərbaycan reallığında daha çox hakim partiyaya şamil edilə biləcəyi açıq görünür:

– Gərək bir insanın əlində təzyiqetmə imkanları ola ki, o da müəyyən şəxsləri partiyaya məcburən yazdıra bilsin və ya partiyada saxlasın. Bu kimi imkanlar yalnız hakimiyyətə məxsusdur. Bunların heç birinin müxalifət partiyalarına aidiyyəti yoxdur. Müxalif siyasi partiyaların vətəndaşları məcbur etmək potensialı yoxdur. Bu baxımdan əgər müxalif partiyaların rəsmi məcburetmə mexanizmləri yoxdursa, onların da vətəndaşları siyasi partiyalara zorla cəlb etməsi və orada saxlaması mümkün deyil. Bu yalnız dövlət orqanlarına aiddir. Hakimiyyətin zorla insanları YAP-a yazması bizə məlumdur. Bu daha çox hakimiyyətin özü haqqında qəbul etdiyi qanundur. Əgər bu qanun işləyərsə, YAP-da qırx nəfərdən artıq adam qalmayacaq. Əslində bu qanunu biz alqışlamalıyıq. Çünki bu qanun vətəndaşların zorla bir partiyaya üzv edilməsini və orada saxlanmasının qarşısını alır. Mən bir vətəndaşı partiyamıza gəlməyə necə məcbur edə bilərəm.

– O zaman belə çıxmırmı ki, müəyyən hakimiyyətdaxili qüvvə YAP-ı parçalamağa, iqtidarı yıxmağa çalışır?
– Mən də bu cür düşünürəm. Bu qanun YAP-ı boşaltmaq və ya ona alternativ yaratmaq üçün də qəbul oluna bilər. Bu iki partiya YAP və ona alternativ partiyanın mübarizəsi ilə bağlı qəbul olunan qərardır. Ya YAP üzvlərini yeni yaranan partiyaya keçməyə məcbur edəcəklər, ya da, ümumiyyətlə, YAP-ı sıradan çıxarıb məhv edəcəklər. Hamı bilir ki, müəllimi, həkimi məcburən YAP-a yazdırırlar. Indi iqtidardaxili qrupların bir-birilə ölüm-dirim savaşına girdiyi, mafiyalararası savaşın qızışdığı vaxtda ölkədə baş verən bu kontekstdədir. Ya bir mafiya özünə partiya yaradır və bu məqamı qanun halına salır ki, digər mafiyanın partiyasını sıradan çıxarsın.

Hakimiyyət vətəndaşlardan qisas alır

– Hakimiyyətin qəbul etdiyi daha bir mürtəce qərar icazəsiz aksiyalarda saxlanılanlara cərimələrin tətbiq olunmasıdır. Ölkədəki narazılığın bu yol ilə alınması nə dərəcədə düzgündür?
– Dövlət büdcəsi boşalır. Həm büdcədən oğurluq sürətlə gedir, həm də neftdən gələn gəlirlər azalır. Ona görə görünür, hakimiyyət büdcəni doldurmağın bu yolunu tutub. Büdcənin ağırlığını hakimiyyət vətəndaşların üzərinə salmaq istəyir. Cəmiyyətdəki narazılığın bu cür sərt qanunlarla qarşısının alınması cəhdi ölkəni inqilaba aparır. Hüquq elmi sübut edib ki, cəzaların ağırlığı cinayətlərin sayını azaltmır. Cinayətin qarşısının alınmasında qanunların sərtləşməsinin heç bir rolu yoxdur. Cəza ağırlaşdıqca daha çox qisas xarakteri daşıyır. Hakimiyyət cəzaları ağırlaşdırmaqla vətəndaşları islah etmək yox, qisas almağa çalışır. Hakimiyyət ona istefa şüarı səsləndirənlərə qarşı bu cür əvəz çıxır.

– YAP 20 illik yubileyini “Buta Palase”də keçirdi. Bu partiya təmsilçiləri özlərini ölkənin xilaskarı kimi təqdim edir. YAP-ın 20 illik fəaliyyətini necə qiymətləndirərdiniz?
– Biz YAP-ın özünü necə təqdim etməsinə deyil, xalqın onu necə qəbul etməsinə fikir verməliyik. Azərbaycan xalqının arasında YAP-a münasibət neqativdir. YAP-ın yaradıcılarından olan Sirus Təbrizli bu partiyaya “simasız quldurlar” adı verib. Indi necə ola bilər ki, bu təşkilatın təsisçisi bu partiyanı quldurlar adlandırır. Amma partiya özünü xilaskar sayır. Nə vaxtdan quldur xilaskar olub. Quldurlar ən yaxşı halda özlərini cəzadan xilas edə bilərlər. Bəli, YAP bu günləri öz sıralarında olan minlərlə cinayətkarı xilas edib.
Iqtidar xalqı tərkisilah edir

– Ölkənin əsas aparıcı partiyalarının qərargahı yoxdur, müxalif partiyalar hətta qurultay keçirməyə yer tapmırlar. Amma YAP-ın hər rayonda qərargahı var və təşkilat tədbir keçirməklə bağlı problem yaşamır?
– Belə partiyalara Sezara aid təşkilatlar deyirlər. Bu termin Qədim Romadan gəlib. Bu partiyalar dövlətin resurslarından gen-boluna istifadə edirlər. Vaxtilə Kommunist Partiyası da belə idi, YAP da belədir. Dünyanın totalitar sistemlərində tək partiyalar dövlətin bütün resurslarından istifadə edir.

– Rusiya ilə hazırda əlaqələr olduqca gərgindir. O da məlumdur ki, seçki saxtakarlığı ilə bağlı bir-birlərinə dəstək rəyləri adətən oxşar rejimlərdən gəlir. Belə olan halda bir çox ekspertlər hesab edir ki, Kremldən dəstək gözləməyə dəyməz?
– Seçkilər yaxınlaşdıqca Azərbaycanda marağı olan dövlətlərlə münasibətlər korlanacaq. Rusiya Azərbaycandakı status-kvonun dəyişməsini istəmir. Ona görə əlindəki bütün vasitələrdən istifadə edərək Azərbaycanda vəziyyətin saxlanmasına çalışır.

– “Sadval”ın fəaliyyəti Rusiyada yenidən bərpa olunub və bu arada Rusiyanın Azərbaycandakı səfiri şimal rayonlarımıza səfər edərək milli ədavəti qızışdıranlarla görüş keçirib. Bütün bunlar nəyin görsənişidir?
– Bütün bu baş verənlər təsadüfi deyil. Ramil Səfərovun azad edilməsi, RATI-nin yaradılması, ermənilərin danışıqlar prosesindən çəkilməsi, “Sadval”ın fəaliyyətinin bərpa olunması Rusiyadan qaynaqlanan fəaliyyətdir. Seçki günü yaxınlaşdıqca Rusiyadan Azərbaycana daha ciddi təsirlər olacaq. Bunlar hələ başlanğıcdır. Azərbaycanla Rusiyanın oyunları qarşıdır. Təəssüf edirəm ki, iqtidarın müxalifətlə dialoqa girməsi üçün zərurətin olmasına baxmayaraq hakimiyyət hələ də demokratik qüvvələri hədəf götürür. Bu isə xarici təhlükələr qarşısında Azərbaycan xalqını tərkisilah edir.

Azərbaycanı fəlakətlər gözləyir

– Rusiyanın status-kvonu saxlamağa çalışdığını deyəndə nəyi nəzərdə tutursuz?
– Bu cəhd Azərbaycan hakimiyyətinin cismən Avropa Birliyində, mənən isə Rusiyada olması deməkdir. Artıq Avropa Azərbaycanın siyasi baxımdan bu məkana keçməsini tələb edir. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Ona görə Rusiya  belə addımlar atır. Eyni zamanda hakimiyyətdə Rusiyanın maraqlarını təmsil edən mafiyalar da bu status-kvonun saxlanmasında maraqlıdır. Deməli, bu status-kvonun dəyişməsi hakimiyyətdəki balansın dəyişməsi demək olacaq. Ona görə hakimiyyət daxilindəki qüvvələrin savaşı ilə, Qərblə Rusiya arasında Azərbaycan uğrunda savaş davam edəcək.

– Mübarizənin sonunu necə dəyərləndirirsiniz?
– Mafiyalararası münasibət, qarşıdurma artıq sonuna doğru gedir. Xalq ayağa qalxmasa, müxalifət təcili möhkəm birlik yaratmasa, Azərbaycanı qarşıdan gələn fəlakətdən qorumasa, ölkəmizdə ciddi kataklizmlər olacaq.

– Cəmiyyətdə ciddi ajiotaja səbəb olan Gülər Əhmədova olayı unudulmağa çalışılır. Abel Məhərrəmov Gülər Əhmədovanı nümunəvi müəllim sayır. Siyavuş Novruzov isə vurğulayır ki, Gülər Əhmədova olayı artıq keçmişdə qalıb. Baş verənləri necə dəyərləndirirsiniz?
– Gülər Əhmədova olayı unudulmayıb. Sadəcə olaraq mafiyalar arasında gedən savaşda bir qədər arxa plana keçib. Görürsünüz, bir müddət əvvəl gündəmdə olan Ramil Səfərov məsələsi də hazırda müzakirə olunmur. Çünki “milyarderlər ittifaqı” yaranandan sonra nə Gülər Əhmədova, nə də Ramil Səfərov məsələsi bir o qədər önəm daşıyır. Yəni getdikcə daha ciddi addımlar atılırsa, ondan əvvəlki gündəm təbii ki, ictimai rəydən çıxır.

Hakimiyyət sonunu yaxınlaşdırır

– Gələn ilin dövlət büdcəsində yenə əsas xərclər dövlət aparatının saxlanılmasına və hüquq-mühafizə orqanlarına ayrılacaq. Onların saxlanılması üçün hər il büdcədən ayrılan vəsait də artırılıb. Amma seçkinin yaxınlaşmasına baxmayaraq sosial ayırmalarda artım nəzərdə tutulmur. Bu nəyi göstərir?
– Bütün Avropa böhrandan çıxmaq üçün xərclərini azaldır. Azərbaycan iqtidarı isə xalqı inzibati resurslarla əlində saxlamaqla dövlət resurslarını artırır. Avropada isə hakimiyyət dövlət xərclərini azaldır və narazı əhali etirazlara qalxır. Azərbaycanda isə hakimiyyət bu etirazların baş verməməsi üçün xərcləri artırır. Hər şeydə olduğu kimi Azərbaycan hakimiyyəti yenə təzadlarla doludur. Dövlət büdcəsinin böyük hissəsi xalqı itaətdə saxlamağa imkan verən strukturlara verilir. Amma bu cür addımlarla hakimiyyət tarixin təkərini geri fırlada bilməz. Bununla əslində hakimiyyət sonunu yaxınlaşdırır. Cərimələrin artırılması, müxalifətin sıxışdırılması ilə hakimiyyət özünü qanlı sonluğa hazırlayır. Belə çıxır ki, hakimiyyətdə orta düşüncəyə sahib insan yoxdur. Əksi olsaydı, bütün bunlar baş verməzdi.

– Adətən dünyada büdcədə sair xərclərə kiçik məbləğ nəzərdə tutulur. Amma Azərbaycanda bu xərclər üçün 2 milyard manat nəzərdə tutulub. Bu nəyə hesablanıb?
– Demokratiyanın əsas şərti odur ki, idarə edənlə idarə olunan arasında məsafə olmasın. Azərbaycanda isə əlavə strukturların vasitəsilə dövlət başçısı ilə vətəndaş arasında məsafə getdikcə artır. Bu isə bürokratiyadır. Büdcənin bu formadada olması isə avtoritar rejimin mahiyyəti, korrupsiya və rüşvətlə bağlıdır. Hakimiyyət nəzarəti əldən verməməsi üçün əlavə vəsaitlərə ehtiyac duyur. Ona görə hakimiyyəti saxlamaq üçün büdcə bu formada saxlanılır.

Xəyal