Siyavuş Novruzovdan müdhiş etiraf

Hakimiyyətin qorxulu röyasına çevrilən “Milyarderlər ittifaqının” təsisçilərindən biri olaraq xarici səfərdən dönən Rüstəm Ibrahimbəyovun verdiyi açıqlamalar və müsahibələr iqtidar düşərgəsində əməlli-başlı isterik reaksiyalara səbəb olub. Rəsmi və qeyri-rəsmi bütün təbliğat vasitələrindən istifadə edib, Ibrahimbəyovun “xoxan” obrazını yaratmağa girişiblər, hətta diaspor nümayəndələrini də bu işə səfərbər ediblər və xarici ölkələrdəki diaspor qurumlarının əslində hansı “missiya” daşıdığını qəşəngcə ortaya qoymaqla məşğuldurlar. 
Nələr söylənmir Ibrahimbəyovun ünvanına? – şəxsi mənafe üstündə mübarizəyə qalxan, “kino” adından istifadə edib öz biznesini inkişaf etdirən və s.
Həqiqətdirmi? Əsas kimi göstərdikləri “Azərbaycan məhkəmələri”ndə nə vaxt həqiqət qələbə çalıb ki, indi də tutalğac etdikləri məhkəmə qətnamələrinə inanasan? Və yaxud, R.Ibrahimbəyovun qohum-əqrəbasına bələdiyyə qərarı ilə verilən torpaqlar “qeyri-qanuni”dirsə, o bələdiyyə sədri cəzalandırılıbmı? Ondan soruşulubmu ki, niyə Neft Şirkətinə məxsus torpaqları qanunsuz olaraq Ibrahimbəyovun ailəsinə verilməsi barədə qərar çıxarmısan?
Bu ona bənzəyir ki, əhalinin bələdiyyələrdən alıb, polisə rüşvət verməklə tikdirdiyi evləri sakinlərin başına uçuran ARDNŞ, “bura bizim ərazimizdir” iddiasını irəli sürür və məhkəmələrdə istisnasız olaraq “qalib” gəlir. Bəs, orda evlər tikiləndə Neft Şirkəti hara baxırdı? Polis idarəsi kor olmuşdumu?
Sökülən evlərin tikintisinə şərait yaradan bələdiyyə qurumları, polis məmurları, o mənzilləri işıq, qaz, su ilə təchiz edən idarələr niyə məsuliyyətə cəlb olunmur?
Bu məsələləri mübahisəyə çevirmək olar, ancaq ayrı-ayrı qurumların, təbliğat vasitələrinin şüarına çevrilən “özünü ziyalı adlandıran Ibrahimbəyov” tipli ifadə mübahisəsizdir, tam eybəcərlikdir və utanc gətirir. Bu sıraya R.Ibrahimbəyovun “Oskar” mükafatı almaması barədə ağ yalanı ifraz etməkdən xəcalət çəkməmək də daxildir. Sanki “Oskar” mükafatı Əli Insanova verilən “akademik” adıdır. AMEA-nın Əsasnaməsinə görə, “ömürlük” verilən və geri alınması mexanizmi olmayan “akademik” adını Əli Insanovdan geri alan bu eybəcər düşüncə sahibləri cidd-cəhdlə Ibrahimbəyovdan “Oskar”ı “almağa” girişiblər.
Adam, tənqid elə, öz mənafeyini qoru, faktları ortaya qoy, ancaq abır-həya da yaxşı şeydir, axı: sən Azərbaycanın yeganə oskarlı yazarının “Oskar” almadığını niyə iddia etməklə özünü gülünc vəziyyətə salırsan? Sonra da Rüstəm Ibrahimbəyovu ermənilərlə işbirliyində suçlayırsan. Ibrahimbəyovun “Oskar” almadığını demək, əslində, ermənilərə göstərilən ən böyük xidmətdir.
Dünyanın işinə bax ki, yeniyetmə yaşlarından istedadı və qələmi ilə məşhurlaşan, çörəyi qələmdən və sözdən çıxan Rüstəm Ibrahimbəyova “özünü ziyalı adlandıran” ifadəsini yazan qurum – ömrünın əhəmiyyətli hissəsini müdir sürücü işləməklə keçirən Rövnəq Abdullayevin kontorudur.
Yadıma Rövnəq Abdullayevin bir neçə ay öncə Sabir Rüstəmxanlı haqqında dediyi “mən onu ziyalı hesab etmirəm” sözü düşdü. Qınamıram, Neft Şirkətinin rəhbəri olmasına baxmayaraq, hələ də sürücü kimi düşünən Rövnəq Abdullayevin “ziyalı arşını” nə boyda olmalıdır ki!
Ən gözəl etiraf isə, əslində, Siyavuş Novruzovdan gəldi. Adam rəsmən bəyan elədi ki, külək hardan əsirsə, Rüstəm Ibrahimbəyov də o tərəfə əyilir.
Indi soruşmaq gərək: Siyavuş müəllim, külək hardan əsir? Hakimiyyətinizin laxladığınımı etiraf edirsən? Küləyin sizə qarşı olması səbəbindənmi Rüstəm Ibrahimbəyovun iqtidara asi çıxdığını demək istəyirsən? Isterikanızın, çaşqınlıq içində olmağınızın, instiktlə qarşınızdakına püskürdüyünüz yalan təbliğatının səbəbi budurmu?
Deyin, bilək də!!!
Elton Məmmədovdan ləzzətli lətifə
Bu ağ yalan, böhtan kampaniyasını izləyə-izləyə əsəbiləşdiyim məqamda? Nəqliyyat nazirinin məşhurlaşdırdığı Məmmədovlar ailəsinin ən dəyərlisi saydığım Elton Məmmədovdan qardaşı oğlunun 300 nəfərlik dəbdəbəli ziyafətinə verilən reaksiyalara bir açıqlamanı oxudum və kefim xeyli duruldu: “Anar Məmmədov çətinliklə əldə etdiyi maliyyə gəlirlərini dövlətimizin təbliğatı yolunda sərf edir”.
Çətinliklə əldə etdiyi???
Allah sizi güldürsün, Elton müəllim, son bir ildə belə lətifə eşitməmişdim…