Bəxtiyar Hidayətin “Ağ qaranlıqlar”ı təqdim olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin təşkilatçılığı ilə şair Bəxtiyar Hidayətin “Ağ qaranlıqlar” kitabının təqdimatı keçirilib. Tədbir VHP-nin akt zalında baş tutub. Tədbiri giriş sözü ilə açan AXCP Gənclər Komitəsinin sədr müavini İlham Hüseyn öncə Komitənin tərkibində fəaliyyət göstərən Kitabxana və Tədris Mərkəzi haqda məlumat verərək bildirib ki, Mərkəzin məqsədi gənclərin maarifləndirilməsidir. “Məhz, bu məqsədin gerçəkləşməsi və fədakar şair Bəxtiyar Hidayətin gənclər arasında tanıdılması üçün “Ağ qaranlıqlar” kitabının təqdimatının keçirilməsini vacib bildik. 20 ildir bu ölkədə ağ saqqalı qara üzlər bizə ağsaqqallıq edir. Onların ağalığı  dövründə “Ağ qaranlıqlar”ı yazan Bəxtiyar Hidayət öz şeirlərində avtoritar rejimi, onun yaratdığı eybəcər mühiti özünəməxsus şəkildə qələmə alıb. Şeir hər bir şairin tərcümeyi-halı olduğu kimi, bu  kitab da Bəxtiyarın tərcümeyi-halıdır. Şəxsiyyətinin, kimliyinin ifadəsidir. Ən yaxşısı odur ki, bu kitabdakı şeirlər və şairin əməlləri vəhdət təşkil edir.”
Sonra İlham Hüseyn çıxış üçün sözü şair Bəxtiyar Hidayətə verdi. Bəxtiyar bəy çıxışına  əyalət mühitində yaşayan və yazan bir şair olduğunu bildirməklə başladı. Kiatb haqda qısa məlumat verən müəllif dövrün hadisələrini, yaşantılarını əks etdirən, hədəfə alan şeirlərinin olduğunu bildirdi. “Bu şeirlərdə müasir həyatımızda baş verən bir çox hadisələr, yaşadığım günlər, rejimin xalqa divanı kimi məsələlər əks olunub. Kitabın adın seçəndə kitabn redaktoru  Elnur Asla məsləhətləşdim. Öncə iki ad variantı var idi, onlardan birni “Ağ qaranlıqlar”ı seçdik. Kitab on dörd bölmədən ibarətdir. Çalışmışam  ki, dərdlərimizi, bəlalarımızı poetik şəkildə ifadə edim, şeir halına salım. Böyük Elçibəyin həbsxana həyatı yaşayanlara bir sözü var: qızılcanı çıxartmaq. Mən Bayıl həbsxanasında həm qızılcamı çıxartdım, həm də həbsxana məni yenidən şeirə, sözə qaytardı.”  Sonra müəllif həbsi zamanı üzünə duran “Pele” adlanan polisə ünvanlana şeirini və Elmar Hüseynova ithaf etdiyi şeirini oxudu.

Pele

Sənin də adına peli deyirlər,
Ancaq söhbət açım fərqlərinizdən
Pele ayağndan məhşur olmuşdu,
Sürtülmüş üzünlə məhşur oldun sən

Polis yox palesdir sən kimi polis
Çəkir ağrınızı bu boyda ölkə
Bir ucundan dedin ki qatıq qaradır
Qatığı üzünə bənzətdin bəlkə
Sən kimi yerini tanımayanlar
Millətin başını küllədi min il
Özün qabaq olub tülküdən üç gün
Geriyə salırsan milləti min il
Elmar Hüseynova ithaf
Qəm eləməyin qardaşlarım,
Qəm eləməyin ki, bu iqtidar
Qanımızı tökür və qana həris olur, qəddar olur
Qanda su kimidir
Su bir yerdə çox qaldıqca murdar olduğu kimi
Qanda bədəndə qaldıqca murdar olur.

Kitabın redaktoru Elnur As çıxışına Gənclər Komitəsinə bu tədbiri təşkilinə görə təşəkkürlə başlayan yazar  bildirdi ki, Azərbaycan ədəbiyyatı tədricən canlı bir orqanizmə çevirilir. “Düzdür, bu xeyli dərəcədə ləng və yavaş prosesdir,həm də  böyük uğurdur. Çünki bizdə ədəbiyyat uzun müddət partiya və hökumət işi kimi qəbul edildiyi, əbəbiyyatın ayrı-ayrı nəsillərin əlində imtiyazlar, mənsəb üçün tramplinə çevrildiyi dövr olub və bu dövr artıq arxada qalır. Artıq əbəbiyyatla xalq arasında, ədəbiyyatla proseslər, gerçəkliklər arasında sərhədlər götürülür, kimin istəyib-istəməməsindən asılı olmayaraq. Bu isə son on, on beş ildə yetişən yeni nəslin xidmətləri sayəsində mümkün olub.
Biz bir müddət şikayətlənmişik ki, insanlar kitab almır, oxumur. Bu həm də birtərəfli mövqedir. Azərbaycan oxucusu kitabı alması üçün ədəbiyyat da ona istədiyini verməldir. Oxucu keçən onilliklər boyu  görəndə ki, yazıçı pafosun, yalançı obrazların arxasında gizlənir, yazıçı dürüstlüyü, ədaləti tərənnüm edir, həyatda isə bunun əksi ilə məşğuldur və əsərlərində gur-guruldayan yazıçısının bir büt qarşısında zağ-zağ əsdiyini görəndə oxucu ədəbiyyatdan küsəcək. Azərbaycan yazıçısı nə zaman azərbaycnlı oxucunun yanında olub? Bu mənada oxucunun ədəbiyyadan küsməsi haqqı var. Oxucunun borcumu var ki, Anarın, onun kimilərinin böyük tirajlarla nəşr olunmuş kitablarını alsın? Oxucu onu nə zaman yanında görüb? Anar nə vaxt bu xalqın dərdini, fikirlərini, düşüncələrini ifadə edib? İndi bu yazıçılarn 40 ildə yığdığı tiraj bir anda uçub gedir və onun yerini vətəndaş mövqeyi olan, ölkədə olanlara biganə qalmayan və bunları yazdıqlarında ifadə edən yazarlar tutub. Məsələn, Seymur Baycanın kitabı iki dəfə nəşr olunub. Düzdür, bu çox böyük göstərici deyil, min tirajdır. Buna görə də Azərbaycan yazıçısının üzərinə düşən vəzifə xalqın, oxucunun etimadın bərpa etmək lazımdır. Bunun üçün xalqın, vətəndaşın dərdlərinə yaxın olmaq lazımdır.”
Tədbirdə iştirak edən qocaman şair Vaqif Nəsib dedi ki, mən Bəxtiyarı bir şair kimi bu kitabı ilə tanış olandan sonra tanıdım, yüksək qiymətləndirirəm. “Bəxtiyar təpədən dırnağa kimi şairdir. O şöhrət naminə şair olanlardan deyil. Düzgün yoldasan. Əziz Bəxtiyar, sən ədəbiyyata o Vaqif Səmədoğlu kimi kişnəyə-kişnəyə gəlib, kişnəyə-kişnəyə getmirsən. Sən bu gedişlər zirvələrə doğru getməyini arzu edirəm.”  

AXCP sədrinin müavini Asəf Quliyev  Azərbaycan ədəbiyyatının uzun müddət basqı və əsarət altında olduğunu bildirdi. “Xüsusilə, 1993-cü ildən Heydər Əliyev iqtisadi mexanizmlərlə, şirnikləndirməklə, övladlarını işlə təmin etməklə ədəbiyyat, sənət adamlarını hakimiyyətinin təsiri altına alıb. Bununla da ədəbiyyatı, yaradıcılığı məhv olunma səviyyəsinə gətirib. Yaxşıdır ki, yeni yazarların, Seymurun, Bəxtiyarın və başqalarının simasında yeni ədəbiyyat yaranır, yaradıcılığın işartıları görünür. Bu da təkcə ədəbiyyatda yox, həm də başqa sahələrdə özünə qayıdış deməkdir. Belə bir oyanma ədəbiyyatda 19-cu əsrdə Axundovun və müasirlərinin simasında, milli siyasətdə isə Rəsulzadənin və əqidədaşlarının varlğının simasında baş vemişdir. Bu dövrlər qızıl dövrüdür azərbaycan tarixinin. Sovet rejimi dağıldıqdan sonra yeni oyanma mərhələsin heydər Əliyevin təkrar gəlişi ilə ləğv olundu. Artıq bu oyanma yenidən başlayıb. Bu gün üçün əsas məsələ xalqla yazıçı arasında bir bağlantının olmasıdır. İnsanların onun problemlərini dilə gətirən ədəbiyyatı oxumasıdır. Bu baxımdan belə ədəbiyyat nümunələrinin üzə çıxması, bu tədbirlərin keçirilməsi çox vacibdir. Biz bir millət olaraq formalaşmaq istəyiriksə, bunun yolu həqiqi ədəbiyyatdan keçir. Bu mənadan Bəxtiyar bəyi Ağ qaranlıqlar kitabını uğur hesab edirəm, cəmiyyətimizin inkişafında, gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.”
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli Bəxtiyar Hidayətin yaradıcıllığı ilə  “facebook” sosial şəbəkəsindən tanış olduğunu dedi. “Mənə daha xoş olan təcnisləridir. Təcnislər müasir olmayan şeir forması olsa da, ancaq Bəxtiyarın təcnislərdəki siyasi çalarlar bu şeir formasını çağdaşlaşdırır. Bəxtiyar bəyin diqqətimi çəkən şeirlərindən biri, kitaba düşməyən və riyaziyyatçı olduğuma görə diqqətimi çəkən “Qara üçbucaq” şeiridır. Bu şeir demək olar ki, Azərbaycana aiddir. Qara üçbucaqlar neft işarəsi hesab olunur. Şeir belədir:

Harda qara üçbucaq var,
Orda qara günlər var, qara qanlar var
qara talelər var
yerdə qalan qara günlər var
göyə yüksələn  fəryadlar var
harda qara üçbucaq var
orda ahlar var, amanlar var, amansız şahlar var  
O şahların varidatı təbələrin varidatlarının kvadrdatlarının cəminə bərabərdir, orda yalanların sayı
bütün isbatların cəminə bərabərdir.”

Sonra gənc cəbhəçilər Nihad Hüseyn, Xanım Musatafayev və başqa gənclər yeni şeir toplusu haqda sual və fikirlərlə çıxış etdilər.