Payız, qış böyük, romantik duyğular fəsli deyil. Bu fəsillərdə adam Yerə yaxın olduğunu daha çox hiss edir. Binaların arasından şütüyüb keçən külək, yağışdan sonra qalan kiçik gölməçələr, yayı-qışı bilinməyən cırtdan, yoluq şam ağacları, qara mazutu xatırladan buludlar – payız və yaxud da qış Bakıda bu deməkdir. Sənsə nə bunu dəyişmək iqtidarındasan, nə də ondan qaçıb gizlənmək, yorucu və bezikdirici olsa da, dözməlisən… Bu ölkədə təəccüb doğuran iki şey var. Böyük əksəriyyətin total biganəliyi və etinasızlığı, bir də kiçik bir qismin fədakarlığı. Bəlkə başqa millətlər də belədir – əksəriyyət yalnız qarın haqqında, kiçik bir hissə isə ondan bir qədər yuxarı haqqında düşünə bilir. Moskvada bir seminar yadıma düşür. Tələbəlik vaxtı idi. Bir alim çox maraqlı mövzu haqqında məruzə etməli idi. Məruzə başladı.
Amma nədənsə az keçməmiş başqa alimlər yavaş-yavaş zaldan çıxmağa başladı. Bir də gördük ki, bir-iki tələbə qalıb, bir də seminarın aparıcısı. Vəziyyəti belə görən aparıcı o vaxt bir söz dedi: “Zalda azsaylı tamaşaçılar qaldı”. Biz bir az inciyən kimi olduq. Amma o düzünü deyirdi. Biz həqiqətən azsaylı tamaşaçı idik, çünki məruzənin adından başqa heç nə bizə aydın deyildi… Bunu niyə xatırladım? Bu epizodu bizim ölkəyə münasibətdə inversiya etmək olar: çoxsaylı tamaşaçılar və bir də həqiqətən də nəsə başa düşmək iqtidarında olan insanlar… Beləcə, haradan başlayıramsa gəlib elə siyasətin üstünə çıxıram. Nədən danışmalıydım? Mənə elə gəlir ki, bu gün bizim qəzetə – “Azadlığ”a olan təpkilərdən, təzyiqlərdən vacib heç nə yoxdur. Mənə bir neçə dəfə çox populyar qəzetlərin çökdürülməsini görmək nəsib olub. Onlar bağlananda böyük itki hissi yaşayırdım. Bir vaxt “Millətin səsi”, sonra da “Gündəlik Azərbaycan”ı bağladılar. Onların hər ikisi indilər nəşr olunsaydı mətbuat aləmində böyük ruh yüksəkliyinin şahidi olardıq. Amma o qəzetlər bağlandı. Hər iki qəzetin bağlanması prosesindən böyük bir roman yazmaq olar. “Millətin səsi”ni məhkəmə yolu ilə bağladılar.
“Gündəlik Azərbaycan” isə bir qədər uzun çəkdi. Əvvəlcə redaktoru həbs etdilər. Gördülər ki, yox, qəzet çıxmaqda davam edir. Sonra gəldilər ki, ofisi tərk etməlisiniz, bina qəzalıdır. Daha sonra gəlib ofisdə axtarış apardılar, texnikaın müsadirə etdilər. Dalınca da qayıtdılar ki, qəzet çıxa bilər! Kimsə demədi ki, bəs ofissiz, texnikasız qəzet necə çıxsın! Bu iki qəzetin qapanması üçün hakimiyyət hansı oyunlardan çıxmadı!.. Indi də yenə düşüblər “Azadlıq”ın üstünə. Əvvəlki iki qəzetin halında olduğu kimi düz qəzetin üstünə gedə bilmir, onu böyük cərimələrlə, bank hesabının bağlanması ilə çöküdürmək istəyirlər. Əvvəl adını çəkdiyim iki qəzet həm də yeni, gənc idi. Amma “Azadlıq” artıq neçə ildir nəşr olunur! Heç olmasa bunu düşünsünlər! Heç olmasa fikirləşsinlər ki, ən azı ildə iki dəfə azad mətbuatdan söz açanda hansısa populyar qəzetin də adını çəkmək lazım gələcək… Bunların təşvişi başadüşüləndir, qəzet bunları çox ifşa edir, həqiqəti yazır, gizlinlərin üstünü açır… Bu, isə təbii ki, hakimiyyətə sərf etmir. Bəzən deyirlər ki, bəs H.Əliyev olsaydı belə olmazdı. Amma “Millətin səsi” H.Əliyevin vaxtında bağlandı, elə böyük cərimələr, redaktorların və jurnalistlərin həbsi də elə həmin dövrə təsadüf edir. Bütün bunların müqabilində bəziləri H.Əliyevi “mətbuatın dostu” elan etdi. Mənə elə gəlir ki, bu, mətbuatın ən böyük səhvi idi. Bunları niyə deyirəm? I.Əliyevin siyasəti elə həmin siyasətin davamdı. Əvvəllər nə olurdusa, indi onlar yenə də baş verir. Bəziləri I.Əliyevin iqtidara gəlişindən sonra öz fəadkarlığını və prinsipiallığını bir qədər azaltdı. Bunu belə yozdular ki, I.Əliyevdən daha çox ehtiyat edirik. Amma bu həqiqət deyil, əvvəlki dövrlərdə bundan ikiqat ağır idi. Sadəcə, I.Əliyevin təzyiqlərə tab gətirmək imkanları H.Əliyevə nisbətən daha azdır. Ona görə həmin o adamlar özlərinin hakimiyyətə təzyiqlərini azaltdılar, H.Əliyevin vaxtında bir cür müxalifətçilik icazəli idisə, I.Əliyevin vaxtında bir azca başqa cür müxalifətçilik tələb olunur…
Kiçik sözardı
Biz həmişə nəyisə itirəndən sonra onun qədrini bilirik. Indi mən şahidəm ki, “Azadlıq” necə müqavimət göstərir… Amma o tək qalsa, tək olsa, çox çətin olacaq. Gəlin onu tək qoymayaq…

Mətbuatın ən böyük səhvi
•


