Paris birləşmiş müxalifəti silahlandıracağına da işarə vurdu
ABŞ və Fransa Suriya müxalifətinin yeni birləşmiş koalisiyasını Suriya xalqının legitim təmsilçisi olaraq tanıdıqlarını açıqladı.
ABŞ-ın dövlət katibi Hillari Klintonun sözçüsü Mark Toner “Bizə görə bu koalisiya Suriya xalqının qanuni təmsilçisidir və Suriya xalqının iradəsini əks etdirir” deyə bildirib. O, Suriya müxalifətinə humanitar yardım siyasətlərinin dəyişmədiyini də deyib.
Yeni koalisiyanı Suriya xalqının “yeganə təmsilçisi” olaraq tanıdıqlarını bəyan edən Fransa prezidenti Fransua Holand isə müxalif birləşməni silahla da təmin edə biləcəklərinə işarə vurub. “Müxaliflərin müvəqqəti hökumət qurmaları üçün onlara silah verilməsi məsələsini başqa ölkələrlə birlikdə müzakirə edə bilərik”, – deyə o, qeyd edib.
Fransanın xarici işlər naziri Laurent Fabius da yazılı açıqlama yayaraq, ölkəsinin “Əsəd rejiminə etibarlı alternativ ola bilməsi üçün” müxalifət koalisiyasına tam dəstək verəcəklərini bildirib. “Fransa Suriya xalqının özünü Dəməşqdəki rejimin hücumlarından qorumaq üçün qanuni haqlardan istifadə hüququnu tanıyar”, – deyə açıqlamada qeyd olunur.
azadliq.info


