Mətanət İsgəndərli istintaqa çağırılıb?

Mahir Abdullayevin işinə görə dindirildiyi bildirilən müğənni nə hə deyir, nə də yox

Müğənni Mətanət Isgəndərli ABU rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi üzrə şahid qismində ifadə vermək üçün istintaqa çağrılması barədə məlumat yayılıb. Moderator.az saytının prokurorluqdakı mənbələrə istinadən yaydığı həmin məlumatda bildirilir ki, Mətanət Isgəndərli yeni yaradılmış istintaqa ifadəsində Mahir Abdullayevlə münasibətləri və onun itkin düşməsindən əvvəl görüşləri barədə sualları cavablandırıb.
Məlumatda o da qeyd olunur ki, Mətanət Isgəndərli bu iş üzrə istintaq bitənədək ölkəni heç bir yerə tərk etməməsi barədə iltizama da imza atıb.
Müğənninin özü isə dolayısı yolla istintaqa çağrıldığını təsdiqləyib: “Mən bu barədə danışmaq istəmirəm. Başqa nə mövzu istəyirsinizsə mən danışmağa hazıram. Amma bu barədə nə sualınız varsa müvafiq orqanlara müraciət edin”.
Mətbuatda həbs ediləcəyinə dair xəbərlərə də münasibət bildirən müğənni hazırda evində olduğunu deyib: “Mən evimdəyəm. Məni həbs etsəllər sizinlə danışmazdım. Cinayətkar deyiləm ki, məni tutsunlar. Artıq bu söhbətlər məni yordu”. Ölkəni tərk etməsinə qoyulmuş qadağaya gəlincə, Mətanət Isgəndərli bu barədə heç bir şey söyləmədən telefonun dəstəyini asıb.
Müğənninin bacısı Təranə Isgəndərli də lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda evində istirahət edir: “Biz artıq bu cür söz-söhbətlərdən yorulmuşuq. Necə ildir, danışırlar ki, bu məsələdə bizim də adımız var. Elə olsaydı, biz indi evimizdə yox, həbsdə olardıq. Bacım hazırda evindədir və istirahət edir. Mətanət ona görə açıqlama vermək istəmir ki, bu mövzulardan bezib”.
Baş Prokurorluq da Mətanət Isgəndərlinin prokurorluğa çağırılmasına dair mətbuatda yayılan məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilən cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən şahidlərin dindirilməsi, üzləşdirilməsi və sair barədə informasiyaların ictimailəşdirilməsi istintaqın maraqlarına zidd olduğundan istintaqın hazırkı mərhələsində istintaq sirri təşkil edən həmin məlumatların yayılması cinayət prosessual qanunvericiliyinin tələblərinə görə yolverilməzdir. Zərurət yaranacağı təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.
Eldar Sultanov KIV nümayəndələrinə müraciət edərək bu qəbildən olan məlumatları yayarkən onları tələskənliyə yol verməməyə çağırıb.
Mətanət Isgəndərli Elşad Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevlə yaxın münasibətlərdə olub. Sənətçi Mahir Abdullayevin sözlərinə həsr olunan bir neçə mahnını da oxuyub.