YAP rəhbərliyi Sirus Təbrizliyə qarşı

Partiyanın adını qoyan keçmiş nazir onu inkar edən Səyavuş Novruzova elə cavab verdi ki…

YAP-çı deputat Səyavuş Novruzov hakim partiyanın yaradıcılarından olan, bu təşkilatın adını qoyan Sirus Təbrizlinin xidmətlərinə kölgə salıb. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində YAP-ın adını Sirus Təbrizlinin qoyması barədə deyilənləri təkzib edib: “Ona siz Dədə Qorqud deyirsiniz, qəti şəkildə belə deyil. Sirus Təbrizli partiyanın yaradıcılığında xidmətləri olan insanlardandır. Indi sizə sərf edir, ona Dədə Qorqud da deyə bilərsiniz, Atatürk də.
Amma elə deyil” YAP-çı deputatın daha sonrakı fikirlərindən belə anlaşılır ki, Sirus Təbrizli ilk olaraq Heydər Əliyevin yanına getməyib: “Sentyabr ayına qədər dörd dəfə Heydər Əliyevin yanına nümayəndə heyəti gedib. 28 mayda Naxçıvanda ”Ümid” körpüsünün açılışında ümummilli liderin yanında rəhmətlik Murtuz Ələsgərov, Ziyafət Əsgərov, mən, Munis Bayramov olmuşuq. Orda söhbət olub. Daha sonra Əli Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti gedib. Ondan sonra iyul ayında bir başqa nümayəndə heyəti gedib. Ondan sonra Sirus Təbrizli Heydər Əliyevin yanına gedib”.
Sirus Təbrizli isə “Azadlıq”a açıqlamasında deyib ki, Səyavuş Novruzovun fikirlərinə geniş şərh vermək istəmir: “Hər kəs bilir mənim xidmətlərimi. Indi o belə deyir, özü bilər. Mən buna geniş şərh vermək istəmirəm. O, deyir ki, İsgəndər Həmidov Sirus Təbrizlini tutmaq istəyirdi. Indi özü də cavab versin ki, niyə İsgəndər Həmidov məni tutmaq istəyirdi amma onu, yaxud Ramiz Mehdiyevi tutmaq istəmirdi? Çünki hamısı gizlənmişdi”.