«Fövqəlnazir» Fuad Ələsgərovu Ramiz Mehdiyevin postuna gətirməyə çalışır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident Administrasiyasında(PA) çevriliş etmək istəyir. Hakimiyyət daxilindən “Azadlıq”a sızan məlumatlarda iddia edilir ki, “fövqəlnazir” PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovu PA-nın rəhbəri Ramiz Mehdiyevin yerinə gətirməyə çalışır.
Kəmaləddin Heydərovun bu istiqamətdə ciddi addımlar atıldığı bildirilir. Məlumata görə, Kəmaləddin Heydərov bununla həm Qərbi Azərbaycan klanının əhəmiyyətli hissəsini təsir altına almaq, həm də siyasi qərarların qəbulunda mühüm rol oynamağa məqsədi güdür. Bildirilir ki, Ramiz Mehdiyevin və onun komandasının da Kəmaləddin Heydərovun planından xəbəri var. Bəzi iddialara görə, “fövqəlnazir”in daxili işlər naziri Ramil Usubova savaş açması da bununla bağlıdır. Xatırladaq ki, bir neçə gün öncə Kəmaləddin Heydərovun özünə yaxın KIV-ə Ramil Usubovun səlahiyyətində bütün məsələlərlə bağlı araşdırma yazılar dərc etməyi tapşırıb. Daxili işlər naziri Ramiz Mehdiyevin komandasına daxildir.
Məlumatda Kəmaləddin Heydərovun zəlzələ bölgəsində korrupsiya faktlarına görə PA-ya çağırılması da bu məsələ ilə izah edilir. Bəzi məlumatlara görə, Ramiz Mehdiyevin komandası Ilham Əliyevə “fövqəlnazir”in admnistrasiyada çevriliş planı barədə xəbər verib. Onlar ölkə başçısını inandırıblar ki, Kəmaləddin Heydərov əslində post-Əliyev dövrünə hazırlaşır. Ilham Əliyev isə “fövqəlnazir”i yerində oturtmaq üçün zəlzələ bölgəsində baş verənlərdən ona qarşı istifadə edib.
Informasiya şöbəsi



