Ziya Məmmədovun 100 milyonluq projesi işləmir

Nəqliyyatın İntellektual İdarəetmə sistemi vaxtı dəqiq göstərmir

Bakıda intellektual idarəetmə sisteminin işə düşməsindən artıq bir neçə ay keçir. Idarəetmə Sistemi hələ də normal işləmir. Vaxt səhv göstərilir, bəzi marşrutların gəlib-getmə qrafiki monitora əlavə edilmir. Görünüşü yaxşı olan dayanacaqlarda quraşdırılan bu aparatlardan paytaxtın müxtəlif yerlərində 4 mindən artıq yerləşdirilib. Bunun marşrut problemlərini həll edəcəyi vəd edilmişdi. Ancaq heç nə Həm də bu monitorların Bakıya gətirilməsi şəhərdə olan tıxacı azaltmadı, bəlkə də artırdı…

45 dəqiqəyə marşrut gəlir…

Sərnişinlərlə söhbət zamanı məlum oldu ki, onların əksəriyyəti bu monitorlara baxmır. Diqqət edən kiçik bir qisim isə quraşdırılan monitorların düzgün işləmədiklərini deyir.
“Dayanacaqdakı monitorlarda göstərilən interval vaxtları baş aldatmaqdan başqa bir şey deyil. Paytaxtda fəaliyyət göstərən bütün avtobus marşrutları kağıza yazılmış qrafiklə işləyir.
Biz bir neçə dayanacaqda müşahidə aparıb “intellktual” avadanlıqların işləmədiyinin bir daha şahidi olduq. “Azərbaycan” nəşriyyatının qarşısındakı dayanacaqda quraşdırılan monitorda 29 nömrəli marşrutun 6, 77 nömrəli marşurutun 45, 96 nömrəli marşurutun isə 10 dəqiqədən sonra gələcəyini göstərir. Bir neçə dəqiqə keçməmiş 77-nin 42 dəqiqəyə, 96-nın 6 dəqiqəyə ünvanda “olacağı qeyd olunur”. 29 nömrəli marşrut isə iki dəqiqədən sonra gəlir.
Bir dəqiqə öncə 77-i 21, 96-un isə 10 dəqiqədən sonra gələcəyi barədə monitor məlumat verir. Bir dəqiqənin içində 77 nömrəli marşrutun gözləmə vaxtı 21 dəqiqədən 42 dəqiqəyə (yaxud 45 dəqiqəyə), 96 nömrəlinin 3 dəqiqədən 6 dəqiqəyə (yaxud 10 dəqiqəyə) necə qalxdı?
Bir maraqlı məqam 77-nin 42, ya 45 dəqiqəyə “gəlməsidir”. Bu marşrutlardan istifadə edənlər bilir ki, bu xətt üzrə yaşıl rəngli mikroavtobuslar 5-7 dəqiqə, ən pis halda 10 dəqiqə intervalla işləyir.
Bu cür hala metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında da qarşılaşmaq mümkündür. 13 nömrəli marşrutu gözləyən sərnişinlər monitora görə 32 dəqiqə, 59-la gedəcəkləri ünvana çatmaq üçün dayanacaqda 17 dəqiqə gözləməlidirlər. Ancaq sonradan məlum olur ki, monitorda göstərilənlər həqiqəti əks etdirmir. Əslində, orada qeyd edilən 32 dəqiqəyə 4 13, 17 dəqiqəyə 2 59 nömrəli marşrut gəlir…

Əvvəlcə 77 milyon, sonra 100 milyon…

Nəqliyyat naziri Ziya Məmmədov Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzinin fəaliyyətinin özünü doğrultmaması barədə səsləndirilən iradlarla razılaşmayıb. Mətbuatda yazılan məlumatları təkzib edən nazir bu yöndə suallardan heç vaxt yayınmadığını dilə gətirib: “Bəziləri Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzini sehrli çubuq sayırdılar. Hesab edirdilər ki, bu yaradılandan sonra tıxaclar aradan qalxacaq. Avtomobili insanlar idarə edir, Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzinin quraşdırdığı lövhələr, sadəcə, harada sıxlıq olduğunu göstərir”.
Qeyd edək ki, 2008-ci ildə Bakıda bu sistemin tətbiqi ilə bağlı Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq əldə olunub, yeni sistemin layihəsi hazırlanıb və icrasına başlanıb. 2009-cu ildə ölkə başçısının iştirakı ilə mərkəzin əsas binasının təməlqoyma mərasimi olub və Nəqliyyat Nazirliyi layihənin icrasına başlayıb. Nazirlik layihəyə sərf olunacaq məbləğə bir neçə dəfə yenidən baxıb. 2011-ci ilin sonlarında məlum olub ki, öncədən planlaşdırılan ən maksimum məbləğ – 77 milyon dollara deyil, ən azı 100 milyon dollara başa gələ biləcək.
Bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir. Dayanacaqlarda qurulmuş monitorların hər biri dövlətə 10 min dollara başa gəlib.

Ramin DEKO