“Açılmayan cinayətlərdə hakimiyyətin əli var”

metleb mutellimli«Bunlar millətin yarısını qırmağa, yarısını isə həbsxanaya salmağa hazırdırlar, təki hakimiyyətdə qalsınlar»

Mətləb Mütəllimli: “Gülər Əhmədova rüşvəti özü üçün almırdı, ona görə də hakimiyyət dərinə gedə bilmir”

Bakıda keçirilən internet forum Azərbaycanda söz və mətbuat azadlığına olan münasibəti, insanların fikirlərini sərbəst şəkildə ifadə etməsi ilə bağlı problemləri bir daha beynəlxalq aləmin gündəminə gətirdi. Amma bütün reallıqların ortada olmasına baxmayaraq dövlət başçısı səslənən tənqidlərə özünə xas formada reaksiya verib. O, ölkədə azad internetin olduğunu və istifadəçilərə heç bir təzyiq göstərilmədiyini söyləyib. Bugünkü müsahibimiz Azadlığın və Sülhün Müdafiəsi (ASM) beynəlxalq hüquq təşkilatının sədri, sabiq deputat Mətləb Mütəllimli ilə müsahibəmizə bu sual ilə başladıq:

– Azərbaycanda internet istifadəçiləri əhalinin böyük əksəriyyətini əhatə etmir. Internet yalnız əhalinin bir qismini əhatə edir. Azad mətbuatın hazırkı durumuna gəlincə, heç senzura dövründə belə mətbuata bu cür basqılar yox idi. Hazırda elə vəziyyət yaradıblar ki, ən cəsarətli jurnalistlər belə məqalə yazarkən bir az düşünür və tam istədikləri həqiqətləri ifadə etmirlər. Bu isə o deməkdir ki, Azərbaycanda heç bir azad mətbuatdan söhbət gedə bilməz.

– Gündəmdə olan daha bir mövzu Elşad Abdullayevin qardaşının oğurlanması ilə bağlı yüksək çinli məmurlara qarşı irəli sürdüyü ittihamlardır. Elşad Abdullayevin hədəfində hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri durur. Bu cinayət işinin dövlət başçısının nəzarətində olduğu bildirilir. Sizcə, adları çəkilən şəxslər barəsində hər hansı tədbir görülə bilərmi?
– Elşad Abdullayev də vaxtilə bu cinayətkar sistemin üzvü olub və bir sıra qanun pozuntularına yol verib. Elşad Abdullayevin rüşvət formasında verdiyi pullar vətəndaşların təhsil hüquqlarını pozması nəticəsində yığılan maliyyədir. Mahir Abdullayevin işinin dövlət başçısının nəzarətində olmasına gəlincə isə, elə məhz bu üzdən yüksək vəzifə tutanların heç birinə bir şey olmayacaq. Birdə ki, hüquq-mühafizə orqanları bu cür səsli-küylü cinayətləri açmaqda maraqlı olsaydılar, 2003-cü ildə bu hadisə baş verən zaman bu işi açardılar. Mahir Abdullayevin oğurlanmasından 10 ilə yaxın vaxt keçib. Bir sözlə, nə Mahir Abdullayevin işi açılacaq, nə də bu işi törədənləri ciddi cəza gözləyir. Ola bilsin ki, görüntü xatirinə bəzi addımlar atılsın. Amma bu cinayətkar şəbəkənin aşkarlanmasını, cinayət məsuliyyətinə cəlb olunmasını gözləmirəm.

Siyasi mahiyyətli işlər hakimiyyətin göstərişi ilə açılmır

– Hazırkı hakimiyyətin dövründə “açılmayan cinayət” işləri termini daha tez-tez işlənir. Nə Elmar Hüseynovun, nə Rail Rzayevin, nə də Rafiq Tağının cinayət işləri açılıb. Bu işlərin də dövlət başçısının nəzarətində olduğu bildirilirdi. Amma bununla belə bir nəticə yoxdur. Bunun səbəbi nədir?
– Sovet dövründə də açılmayan cinayətlər var idi. Amma bu çox az faiz təşkil edirdi. Hazırda isə “açılmayan cinayətlər” yox, “açılması istənilməyən cinayətlər” terminindən istifadə edilməlidir. Bu hakimiyyətin adları çəkilən cinayət işlərində əli olduğuna görə onlar açılmır. Digər tərəfdən, hüquq-mühafizə orqanlarında peşəkar müstəntiqlər də yoxdur. Amma siyasi mahiyyətli işlər hakimiyyətin göstərişi ilə açılmır. Hakimiyyət bu işlərlə bağlı yalnız imitasiya yaradır

– Ümumiyyətlə, hüquq-mühafizə orqanlarının bütün narazılıqların mərkəzində dayanması nəyin görsənişidir. Bu struktur ciddi islahata ehtiyac duyur, yoxsa sistem özü ciddi qüsurlar üzündən fəaliyyətin bu cür qurur?
– Bütün bu hadisələr ölkədə cəzasızlıq mühitindən irəli gəlir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bilsəydilər ki, açılmayan cinayət işlərinə görə onların paqonları söküləcək, onlar gecə-gündüz bu işlərin açılması üçün çalışardılar. Elşad Abdullayev hazırda hüquq-mühafizə orqanlarının rəhbərliyini ciddi ittiham edir. Normal ölkədə belə bir şərait yaransaydı, nəinki adları çəkilən şəxslər həttda ölkə rəhbərliyi istefaya gedərdi. Çünki məhz bu prezidentin rəhbərliyi dövründə bu cür olaylar baş verib. Amma Azərbaycanda bu, adi hal kimi qəbul olunur. Amma vaxt gələcək bu tip minlərlə cinayət açılacaq. Hazırda isə bu cinayətləri açmaq üçün siyasi iradə, maraq lazımdır. Bu iradə və maraq isə hakimiyyətdə yoxdur. Bu hakimiyyət hər hansı cinayət baş verəndə cinayəti araşdırmaq üçün guya ekspert qrupu təyin edir. Amma bu ekspert qrupları hakimiyyətin nəzarətində olur və onların razılığı olmadan bir rəy verə bilməzlər. Gələcəkdə müstəqil ekspert qrupları yaranarsa, bu təşkilatlar səsli-küylü cinayətlərin açılmasında rol oynaya bilərlər.

Gülər Əhmədova işi sona çatmayacaq

– Daha bir gündəmdə olan mövzu Gülər Əhmədova ilə bağlı açıqlanan faktlardır. Gülər Əhmədovanın günahını sübut edən faktlar ortada olsa da, onun cinayət işi ilə bağlı irəliləyiş yoxdur. Hakimiyyət bu məsələdə niyə sona qədər gedə bilmir? Gülər Əhmədovanın danışmasından qorxur, yoxsa cəzalandırmanın hakimiyyət daxilində birmənalı dəyərləndirilməyəcəyindən qorxur?
– Gülər Əhmədovanın işində heç bir irəliləyiş olmayacaq. Əlbəttə, hakimiyyət Gülər Əhmədovadan qorxduğu üçün bu işdə dərinə getmir. Gülər Əhmədova rüşvəti özü üçün almırdı. Gülər Əhmədova bu rüşvəti kiməsə çatdırmalı idi. Gülər Əhmədova “ağzımı açdırmayın” deyəndə konkret mesaj ünvanlayırdı. Elə şəxslər var ki, 2010-cu ildə 5 milyon rüşvət versə də, deputat keçə bilmədi. Çünki vəsait, görünür, azlıq edib. Milli Məclisdə elə şəxslər var ki, on ildir ki, orada oturub, amma ağzını açmır. Bu şəxsləri yalnız pul ora gətirib və pul danışdırır. Ola bilər Gülər Əhmədovanın başqa cinayət əmələrindən də xəbəri var və onun bu mesajı hakimiyyəti susdurub.

– Elşad Abdullayev və vəkili bəyan edir ki, ictimailəşdirdikləri məsələləri öncə prokurorluğa, ondan sonra isə Fuad Ələsgərova təqdim etsələr də bu şəxslər heç bir addım atmayıb. Məhz bundan sonra bu materiallar ictimailəşib. Sizcə, bunun səbəbi nədir?
– O yerdə ki, hakimiyyətin marağı var, bu məsələ iqtidarın marağına uyğun həll olunacaq. Adları çəkilən şəxslər heç zaman hakimiyyətin maraqlarına zidd addım atmazlar. Bakı Şəhər Prokurorluğu ilə bağlı müxtəlif şokedici məlumatlar yayılır. Amma heç bir tədbir görülmür. Dəfələrlə mətbuatda prokurorluğun “nağdılaşma” ilə məşğul olduğu deyilsə də, heç bir addım atılmayıb. Bu orqan qanunlara nəzarət etməlidir, amma büdcəni mənimsəyir.
Və ya daha bir şokedici fakt. Korrupsiyaya Qarşı Mübarizə Idarəsi rayonların birində rüşvət aldığına görə qaz idarəsinin əməkdaşını həbs etmişdi. Bu şəxs iki ay Kürdəxanıda saxlanılıb da. Amma sonradan məlum yol ilə məhkəmədə bəraət qazanıb. Bu da prokurorluğun hansı səviyyədə olduğunu göstərir.

Dəyişikliklər sırası Azərbaycandadır

– Gülər Əhmədova olayından əvvəl daha bir şokedici məlumat Səməd Seyidovun adıyla bağlı rüşvət olayı idi. Bu məsələ ilə bağlı təbliğat ortaya çıxdığı kimi də dayandırıldı. Bunun səbəbi nə idi?
– Qanunlar işləməyən yerdə hər şey mümkündür. Azərbaycan bir şəxsin iradəsi hər şeyə hakimdir. Azərbaycanın bütün təhsil ocaqlarında korrupsiya rüşvət baş alıb. Bu şəxslərə niyə dəymirlər? Ona görə ki, necə Elşad Abdullayev bu hakimiyyətin vaxtında “haqqını” verirdi, bu rektorlar da bununla məşğuldurlar. Görünür, Səməd Seyidovla bağlı iş bir mesaj xarakterli olsa da, sonra dövlət başçısının göstərişi ilə ləğv olunub. Təsəvvür edin, Səməd Seyidov rüşvət məsələsinə görə məsuliyyətə cəlb ounur. Bu, inandırıcı deyil. Azərbaycanda bütün strukturlar məhkəmələr, hüquq-mühafizə orqanları tapşırıqla işləyir. Hakimiyyətin özünə sərf etməz Səməd Seyidovun bu cür ifşası.

– Prezident seçkilərinə 11 ay qaldı. Bu ərəfədə beynəlxalq diqqətin Azərbaycana artacağı gözlənilir. Bu ərəfədə beynəlxalq birliyin sizcə mövqeyi necə olacaq?
– Azərbaycan xalqı həmişə beynəlxalq birliyin dəstəyinə ümid edib. Son zamanlar da beynəlxalq birlik sərt ifadələr işlətsə də, hələ ki, bununla kifayətlənib. Azərbaycan xalqı beynəlxalq birliyin diqqətini ciddi şəkildə özünə cəlb etmək, haqsızlığa son qoymaq üçün gərək özü haqları uğrunda mübarizəyə qalxsın. Bu olmasa mandat saxtalaşdırılacaq, seçki cinayəti davam edəcək. Azərbaycanda bütün sahələrdə rüsvayçı vəziyyətdir. Doqquz milyonluq xalq rejimin əsiridir. Hakimiyyət istənilən vaxt istənilən şəxsin taleyin dəyişə bilər. Azərbaycanda diktatura qurulub. Insanların sərbəst toplaşmaq azadlığı pozulur, məhkəmələr rüşvət və göstərişlə işləyir. Bütün bunlar rejimin simasıdır.

– Yeri gəlmişkən, icazəsiz aksiyalarda iştirak edənlərə qarşı fantastik cərimələr tətbiq olunacaq. Sosial problemlərin əhalini narahat etdiyi və hakimiyyətdən kütləvi narazılığın olduğu ölkədə belə bir addım nə dərəcədə doğrudur və perspektivi varmı?
– Burada bir məqsəd var, Ilham Əliyevin hakimiyyətinin qorunması. Bu hakimiyyət millətin yarsını qırmağa, qalan yarısını isə həbsxanaya salmağa hazırdır, təki hakimiyyətdə qalsınlar. Belə bir deyim var, deyirlər dostunu göstər, sənin kim olduğunu göstərim. Azərbaycan hakimiyyəti Belarusla dostluq edir. Cərimələrlə bağlı qanun Prezident Admnistirasiyasında hazırlanan qanundur. Bu qanun hakimiyyətin ömrünü uzatmaq məqsədi daşıyır. Amma belə metodlarla çox uzağa getmək olmaz. Təəssüf ki, hakimiyyət dünyada baş verən hadisələri ya görmür, ya da görmək istəmir. Amma tezliklə eyni radikal dəyişikliklərin Azərbaycanda da olacağı istisna deyil.

Xəyal