Obama yenidən ABŞ prezidenti seçildi

Dövlət başçısı azad seçki uğrunda mübarizə aparanlar xalqlara mesaj göndərdi

Ötən gün ABŞ-da prezident seçkiləri keçirilib və hazırkı dövlət başçısı Barak Obama qalib gəlib. O, seçkidə Respublikaçılar Partiyasının namizədi Mitt Romneni məğlub edib.
Obama Çikaqoda tərəfdarları qarşısında çıxışında qələbəsini elan edib. O, səhnəyə həyat yoldaşı Mişel Obama və qızları ilə birgə çıxıb. Obama, kimə səs vermələrindən asılı olmayaraq, bütün seçiciləri təbrik edib. Obama bildirib ki, Ağ evə böyük ruh yüksəkliyilə qayıdır: “Bu seçkidə Amerika xalqı olaraq, Siz bizə xatırlatdınız ki, yolumuz çətin, səfərimiz uzun olsa da, özümüzü toparlayıb qələbə çala bilərik. Biz qəlbimizdə bilirik ki, Amerika Birləşmiş Ştatları üçün ən yaxşı dövr hələ qabaqdadır”.

“Mişel, mən qürur duyuram ki, Amerika səni sevdi”

Obama həmçinin seçki qərargahının üzvlərinə və vitse-prezident Co Baydenə, həyat yoldaşı və qızlarına göstərdikləri səylərə görə təşəkkür edib. “Mişel, mən qürur duyuram ki, Amerika səni sevdi. Mən heç zaman belə sevməmişəm”, – deyə Obama həyat yoldaşına xitabən vurğulayıb.
O bildirib ki, kampaniyasının əsas xətti hamı üçün bərabər imkanlar uğrunda mübarizə aparmaq olub və Amerikada demokratiya ilə birgə gələn siyasi arqumentlər prosesin vacib bir hissəsidir. Qarşıda çətin qərarların durduğunu deyən prezident qeyd edib ki, kor optimizm və arzu edilən idealizm “irəliləmək üçün çətin kompromislərə getmək ehtiyacını əvəzləyə bilməz”.

Azad seçki uğrunda həyatını riskə atanlar…

Obamanın çıxışında daha bir diqqət çəkan məqam onun azad seçki uğrunda mübarizə aparan millətlərə mesaj ünvanlamasıdır: “Biz bir ölkə kimi, böyük qərarlar verərkən, bunlar mübahisə doğurur. Bu gecədən sonra, bu, dəyişməyəcək və dəyişməməlidir. Bu arqumentlər bizim azadlığımızın göstəricisidir. Heç vaxt unutmamalıyıq ki, biz danışdığımız zaman, uzaq ölkələrin əhalisi elə bu anda həyatını riskə atır ki, vacib məsələlər barədə mübahisə etmək üçün bircə şans qazansın – bizim bu gün etdiyimiz kimi, səsvermə hüququ əldə etsin”.

Romni Obamanı təbrik etdi

Onu da qeyd edək ki, əsas ştatlarda seçkinin nəticələri artıq bəlli olduqdan sonra Mitt Romni Bostondakı seçki
qərargahında məğlubiyyətini etiraf edib. O, Obama ilə telefon əlaqəsi saxlayaraq, onu qələbə münasibətilə təbrik edib: “Prezident Obamaya zəng edib onu qələbə münasibətilə təbrik etdim. Onun tərəfdarları və kampaniyası da təbrikə layiqdir. Hamısına uğurlar arzulayıram, xüsusilə də prezidentə, birinci lediyə və qızlarına. Amerika üçün böyük problemlər dövrüdür və mən dua edirəm ki, prezident milləti irəli aparmaqda uğur qazansın”.
Bundan başqa, Obama çıxışında deyib ki, Romni ilə tezliklə görüşüb ölkəni irəli aparmağın yollarını müzakirə edəcəyinə ümid edir.

Seçkidə 2.5 milyard dollar xərclənib

Son nəticələrə görə, ABŞ-ın 44-cü prezidenti olan Obama 303 kollegiya səsi toplayıb. Dövlət başçısı olmaq üçünsə 270 kollegiya səsi kifayətdir. Obama rəqabətin gərgin keçdiyi Virciniya, Ohayo, Ayova, Miçiqan, Nyu-Hempşir, Pensilvaniya və Viskonsin ştatlarında da qələbə qazanıb.
Romni atasının qubernator olduğu Miçiqan ştatında da Obamaya uduzub. ABŞ-da prezidenti ümumxalq səsverməsi deyil, Seçki Kollegiyası seçir. Hər bir ştatın kollegiyada payı əhalisinin sayına görədir.
Obama və Romni birlikdə seçki kampaniyası üçün 2.5 milyard dollardan çox vəsait xərcləyib.
ABŞ-dakı seçkiyə “Twitter”də 20 milyon şərh
Seçki günü rəsmi dövlət saytlarına və seçkinin nəticələrinin göstərildiyi informasiya portallarına baş çəkənlərin sayı rekord göstəriciyə yüksəlib. Bundan başqa, “Twitter”də seçkilərlə bağlı şərhlərin sayı 20 milyonu keçib.
Tanınmış milyarder Corc Sorosun fikrincə, Obamanın qələbəsi Vaşinqtonun daha ağıllı siyasət yürütməsinə şərait yaradacaq.
Onu da qeyd edək ki, Soros Obamanın seçki qərargahına 2 milyon dollar ianə edib.