ilhamrehimov-azadliqa-musahibe

Telman Ismayılovun bazarını mən bağlatdırmamışam

İlham Rəhimov: «Hamı hər şeyi bilir, həqiqət üzdədir, ümumiyyətlə, bu problemin mənə dəxli yoxdur»

«Hansısa bir vəzifə tutmağa nə fikrim var, nə də həvəsim»

«Məqsəd məni siyasi arenadakı intriqalara cəlb etməkdir»

əvvəli ötən sayımızda

– Sizə yüksək dövlət vəzifəsi təklif edildiyi barədə mətbuatda müxtəlif məlumatlar dərc olunub. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
– Bu suala bir neçə dəfə cavab vermişəm. Belə bir fikrim yoxdur.
Iki işlə məşğulam, biznes və elmlə. Hər hansı bir vəzifə tutmağa nə fikrim var, nə də həvəsim.
– Bir müddət əvvəl Azərbaycanın gündəmini Ramil Səfərovun ölkəyə ekstradisiyası məsələsi tutmuşdu. Mətbuatda vurğulanırdı ki, baş verənlərdə Sizin də rolunuz var.
Amma sizin bu məsələ ilə bağlı açıqlamanıza rast gəlməmişik. Bu barədə məlumat almaq istərdik.
– Bu məsələ barəsində yetərincə açıqlama vermişəm. Amma buna baxmayaraq, Ramil Səfərovla bağlı mənim adım hallandırılır. Sonra məlum oldu ki, bu düşünülmüş, mənə qarşı aparılan kampaniyanın bir hissəsidir və müəyyən dərəcədə təxribat xarakteri daşıyır. Həqiqət bundan ibarətdir ki, prosesə mənim bir hüquqşünas, Beynəlxalq Hüquqşünaslar Federasiyasının vitse -prezidenti kimi aidiyyatım olub. Öz təşəbbüsümlə Macarıstana getmişəm. Bu işlə məşğul olmuşam, məsələnin hüquqi tərəfi ilə maraqlanmışam. Ramil Səfərovu Azərbaycana necə gətirmək olar, bunun hüquqi tərəfi nədən ibarətdir, verilən cəza Ramil Səfərovun hərəkətinə uyğundurmu? Sonrakı prosesdə bu istiqamətdə fəaliyyətimi birbaşa ölkə rəhbərliyinin tapşırığı ilə həyata keçirmişəm.
– Bu ərəfədə saytların biri ASALA-nın Sizi təhdid etməsilə bağlı xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, guya terror təşkilatının təhdidlərindən sonra ailənizi Bakıya gətirmisiniz…
– Xeyr, bu da həqiqətəuyğun deyil. ASALA Ramil Səfərov vətənə döndükdən sonra açıqlama vermişdi. Bu ərəfədə mənim adım Ramil Səfərovun geri dönməsi ilə bağlı hallandığına görə ola bilsin ki, ASALA bu cür açıqlama ilə çıxış edib. Mən buna təəccüblənmirəm. O ki qaldı mənim ailəmlə bağlı yayılan informasiyalara, bu həqiqətəuyğun deyil.

“Forbes”ə müsahibənin imtinasının səbəbləri nədir?

– Bu yaxınlarda “Forbes” barənizdə geniş yazı dərc etdi. Belə başa düşdük ki, özünüz ora danışmaqdan imtina etmisiniz. Bu gün dünyada əksər siyasətçilər, iş adamları çalışır ki, “Forbes” jurnalında adı getsin, müsahibəsi dərc olunsun. Amma Siz imtina etmisiniz. Bunun səbəbi nədir?

– Onlara müsahibə vermək istəmirdim. Bilirdim ki, sualları ilə mənim biznes işimi gətirib Putinə bağlayacaqlar. Mən “Forbes”i yaxşı tanıyıram, sual verdikdən sonra onun cavabını özləri istədikləri formada oxucuya təqdim edirlər. Məndən öncə tanıdığım bir iş adamı haqqında “Forbes”də məqalə getmişdi. O bildirdi ki, onun cavabları ümumiyyətlə jurnalda dərc edilməyib.
Bu baxımdan “Forbes”ə müsahibə vermək istəmədim. O zaman bildirdilər ki, biz necə istəyirik, hardan istəyirik material yığıb çap edəcəyik. Jurnalda gedən materiallar ayrı-ayrı dövrlərdə internetdə gedən materiallardır.

– Belə bir məlumat yayılıb ki, Telman Ismayılovun biznesinin çökdürülməsində, bazarının bağladılmasında Sizin ciddi rolunuz olub. Bu doğrudurmu?

– Bu barədə kifayət qədər yazılıb, hamı hər şeyi bilir, həqiqət üzdədir. Məni bu cılız söhbətlərə qatmaq perspektivsizdir. Ümumiyyətlə, bu problemin mənə dəxli yoxdur.

Xırda intriqalara qatılmaq zamanı arxada qalıb

– Telman Ismayılovla indi münasibətləriniz necədir?

– Mən onunla sonuncu dəfə bir il əvvəl Bakıda görüşmüşəm. Normal münasibətimiz var.

– Bir müddət əvvəl müsahibənizdə Sizə qarşı kimlərin kampaniya apardığını bildiyinizi demişdiniz. Amma konkret ad çəkməmisiniz. Kimlərdir bunlar, motivi nədir?

– Düşünürəm ki, onların adlarını çəkmək səviyyəsinə enmək, beləliklə də, bu tipli xırda intriqalara qatılmaq zamanı arxada qalıb. Əslində, bu həmin adamların istəyidir.
O ki, qaldı motivə, aydındır. Məqsəd məni siyasi arenada gedən intriqalara cəlb etməkdir. Amma mən təbiətən intriqalardan çox uzaq adamam.
Azərbaycanda da işləməyə hazıram

– Moskvanın hər tərəfində, o cümlədən Rusiyanın bir çox yerlərində Sizin böyük biznesinizin olması barədə məlumatlar var. Bəs niyə Ilham Rəhimovun Azərbaycanda biznesi yoxdur. Imkan vermirlər, yoxsa özünüz maraqlı deyilsiniz?

– Biznesimiz Rusiyada yox, Moskva şəhərindədir. Daha çox təkliflər Moskvada olur. O ki, qaldı Azərbaycana, uyğun, yaxşı şərtlə proyekt olsa, təbii ki, burada da iştirak etməyə hazırıq.
– Nəyə görə, Belarus şirkətinə Azərbaycanda iş görmək təklifi verilir. Amma “milyarderlər klubunda” olan şəxslərə, məsələn, Telman Ismayılova və yaxud Sizə Azərbaycanda iş qurmaq təklif olunmur?
– Sizin dediyiniz “milyarderlər klubunun” üzvlərinin Bakıda iri biznesi olmasa da, işləri var. Məsələn, Isgəndər Xəlilovun Azərbaycanda biznesi və ya Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoil”in yanacaq doldurma stansiyaları var. Daha sonra Araz Ağalarov özü Bakılıdır. Onun Bakıda bağı var. O cümlədən, Telmanın Bilgəhdə bağı var. Yəni hamısının Azərbaycanda iri biznesi olmasa da, mülkləri var. Hamısı Bakı ilə bağlıdır.
– Sualıma tam cavab almadım…
– Burada anlaşılmaz nə var ki? Biznes şərtləri sərf etməyəndə iş alınmır və ya əksinə. Başqa yerdə sərf edir, orada da iş qurulur.
Işçilərimin böyük əksəriyyəti azərbaycanlılardır

– Rusiyada tanınmış iş adımısınız. Bu ölkədə böyük işlər görürsünüz, bəs azərbaycanlılar üçün nə etmisiniz?

– Moskvada bizim nə qədər ticarət mərkəzi, hotelimiz var, orada çalışanların böyük əksəriyyəti azərbaycanlılardır. Rusiyada azərbaycanlılar əsasən ticarətlə məşğuldur. Daha bir köməyim azərbaycanlıların hüquq-mühafizə orqanları ilə problemlərinin həlli zamanı olur. Qanuni və qanunsuz problemlərini, üzləşdikləri çətinlikləri müəyyən qədər həll etməyə çalışıram. Məsələn, Ulyanovskda diasporanın rəhbəri Islam Hüseynova sui-qəsd olmuşdu. Mən dərhal onunla telefon əlaqəsi saxladım, o başına gələni danışdı. Mən səhərsi günü Rusiya Istintaq Komitəsinin sədri A.I.Bastrıkinlə görüşdüm. O mənim tələbə yoldaşımdır. Ondan xahiş etdim ki, Ulyanovskdakı işçisinə tapşırıq versin, bu iş nəzarətdə olsun. Daha sonra Moskvadan da ora müstəntiqlər göndərildi və bundan sonra nail olduq ki, gələcəkdə sui-qəsdlərin qarşısını almaq üçün dövlət hesabına bizim diasporanın rəhbərinə mühafizə ayrılsın. Eyni zamanda Istintaq Komitəsinin rəhbərini bizim səfirlə calaşdırdım və daha sonra bu məsələ ilə bağlı iki nəfər həbs olundu, iki nəfər də qaçıb Azərbaycana gəldi. Yəni belə işlər çox olur. Ən çox azərbaycanlılara hüquq-mühafizə orqanları problem yaradanda onlara köməklik etməyə çalışıram.
Mən deyirdim ki, Qarabağ məsələsi Rusiyasız mümkün deyil

– Bir qədər də dostunuzdan-Putindən danışaq. Onunla tez-tezmi görüşürsünüz?

– Axırıncı dəfə onunla 60 illiyində görüşmüşəm. Yəni tez-tez görüşürük deyəndə ki, nə vaxt imkan olanda görüşürük.
Biz tələbə yoldaşı, dost kimi bir-birimizlə səmimiyik. 42 il bundan əvvəl 1970-ci ildə birinci kursa daxil olan zaman dost olmuşuq. O dövlət başçısıdır, mən isə iş adamıyam.
– Bu sualı təsadüfən vermədik. Bir çox politoloqların yekdil fikri ondan ibarətdir ki, Qarabağ məsələsinin həlli Rusiyadan asılıdır. Bu barədə Putinlə söhbətiniz olubmu?
– Indi Qarabağ probleminin Rusiyadan asılı olduğunu deyənlər on il bundan qabaq deyirdilər ki, ABŞ və Qərb həll edəcək. Mən isə o zaman deyirdim ki, bu məsələni nə ABŞ, nə də Qərb həll edə biləcək, prosesin həlli Rusiyasız mümkün deyil. Indi çoxları bunu belə qəbul edir. Rusiyanın da mövqeyi aydındır və onu siz gözəl bilirsiniz. Rusiya deyir ki, tərəflər, oturun bu problemi həll edin, biz də sizə qarant olacağıq. Bu o deməkdir ki, biz heç kimin tərəfində deyilik. Bir tərəfi dəstəkləsək, o biri ilə düşmən olmalıyıq. Rusiya da heç kimlə düşmən olmaq istəmir. Bu da təbiidir.

ardı var

Sücəddin Şərifov