Keçmiş prezidentin oğlu: “Həkimlər zəhərlənmə iddialarının heç bir əsası olmadığını sənədlərlə sübut edib”
Azərbaycanın keçmiş prezidenti, Milli Azadlıq Hərkatının lideri Əbülfəz Elçibəyin məzarının açılması məsələsinə ailəsi qəti şəkildə etiraz edir. Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyir ki, ailə bu iddiaları əsassız sayır və məzarın açılmasına razılıq verməyəcək. Ona görə ki, Türkiyədə Elçibəyi müayinə və müalicə edən həkimlər zəhərlənmə iddialarının heç bir əsası olmadığını artıq sənədlərlə sübut edib.
12 il əvvəl Türkiyəli həkimlərin qoyduğu xərçəng diaqnozu ilə dünyasını dəyişən Əbülfəz Elçibəyin zəhərləndiyini gündəmə gətirən və bu iddia ilə Bakı şəhər Prokurorluğuna müraciət edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə hesab edir ki, onun irəli sürdüyü faktları sübut etmək üçün eks-prezidentin qəbrinin açılması vacibdir. Onun sözlərinə görə, Elçibəyin məzarının açılması üzrə hazırlıqlara da başlanılıb.
Baş Prokurorluq isə Elçibəyin məzarının açılması ilə bağlı məlumatı nə təsdiq, nə də ki, təkzib edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, işlə bağlı hələ istintaq gedir və nəticələr barədə ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, bir neçə həftə əvvəl Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarının açılması ilə artıq belə bir prosesin əsası qoyulub. Belə ki, ailəsi 1993-cü ildə vəfat etmiş Turqut Özalın əvvəllər deyildiyi kimi ürək çatışmazlığından yox, zəhərlənərək öldürüldüyünü iddia edirdi. Nəticədə Türkiyənin 8- ci prezidenti mərhum Turqut Özalın məzarı Türkiyə Prokurorluğunun qərarına əsasən yenidən açılıb.(anspress.com)