Bəşər Əsəd orduya sərhədə 10 kilometrdən çox yaxınlaşmamaq göstərişi verib
Türkiyə-Suriya sərhəddində növbəti insident yaşanıb. Yerli mətbuatın xəbərinə görə, Suriya ərazisindən atılan raket mərmisi Türkiyənin Hatay bölgəsinin Yayladağı rayonundakı çəmənə düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb. Suriya tərəfindən atılan daha bir mərmi isə Sarıbük rayonuna, yaşayış evindən 100 metr aralıya düşüb. Xoşbəxtlikdən ikinci mərminin partlaması nəticəsində də zərərçəkən olmayıb.
Bundan sonra Türkiyə ordusu Suriyaya cavab atəşi açıb. BBC-nin xəbərinə görə, minaatan mərmisi Suriya ilə sərhədindəki fermanın yağınlığında partlayıb. Tələfat və xəsarət alanlar barədə məlumat yoxdur. Suriya ordusuna aid bir neçə zirehli maşını və tank məhv edilib. Rəsmi Ankara Dəməşqdə növbəti xəbərdarlıq ünvanlayaraq Bəşər Əsəd rejimini ehtiyyatlı olmağa çağırıb.
Bu arada Türkiyə-Suriya sərhəddində Hatayın Akçakale bölgəsində baş verən hadisələr Bəşər Əsəd rejimini geri addım atmağa məcbur edib. Yayılan məlumatlara görə, Bəşər Əsəd təyyarə və helikopterlərə Türkiyə ilə sərhədə 10 kilometrdən çox yaxınlaşmamaq barədə göstəriş verib.
Hava qüvvələriylə yanaşı artilleriyaya da sərhədə yaxın bölgələrə atəş açmamaq tapşırılıb.
Suriyanın özündə isə Bəşər Əsədə bağlı qüvvələrlə üsyançılar arasında şiddətli döyüşlər davam edib. Ötən gün müxaliflər paytaxt Dəməşq üzərində orduya məxsus bir hərbi vertolyotu vurublar. Paytaxtın Huta Şakiyə bölgəsində vurulan vertolyot əkin ərazisinə düşüb. Müxaliflər vertolyotun vurulduğunu əks etdirən görüntünü internetə yerləşdiriblər.
Əsəd rejimi də silahlı müxaliflərə və hakimiyyət əleyhinə çıxan sadə vətəndaşlara yönəlik hücumlarını artırıb. Hökumət qüvvələri kütləvi qətliamların tez-tez yaşandığı Homs vilayətinin Hula qəsəbəsində növbəti vəhşiliyinə imza atıblar. Qırıcılar və raketlərlə atəşə tutulan Hula qəsəbəsində ölənlərin sayı 20 nəfərdən çox olub. Müxaliflərin sosial şəbəkələrdə paylaşdığı video-kadrlarda bombardman nəticəsində onlarla parçalanmış cəsəd göstərilib. Qeyd edək ki, bundan öncə Hula qəsəbəsində 109 nəfər bir gündə öldürülmüşdü.