Biznesmenin devrilmiş rejim illərində qazandığı pulları əlindən alınacaq
Xalq etirazları nəticəsində istefa verən Misir diktatoru Hüsnü Mübarəkə yaxın olmuş şəxslərin devrilmiş rejim zamanında törətdikləri qanunsuz əməllərə görə cəzalandırılması prosesi davam edir. Misir məhkəməsi Hüsnü Mübarək zamanında ölkənin ən tanınmış iş adamlarından olan Əhməd İz rekord məbləğdə cərimə kəsib.
Məhkəmə Mübarək rejimi zamanında onun liderlik etdiyi Milli Demokrat Partiyasının rəhbərliyində təmsil olunan iş adamı Əhməd İz barəsində “çirkli pulların yuyulması” ittihamı ilə qaldırılmış cinayət işinə hüquqi qiymət verib. Məhkəmə iş adamının 7 il azadlıqdan məhrum edilməsi və 2,2 milyard dollar pul cəzası ödəməsi barədə qərar çıxarıb. Məhkəmə həmçinin, iş adamının qanunsuz yollarla qazandığı 1 milyard dolları da dövlətə təslim etməsinə qərar verib.