Paytaxt Əmman da on mindən çox etirazçının qatıldığı mitinq keçirilib
İordaniya kralı ikinci Abdullanın parlamenti buraxaraq hər hansı siyasi dəyişiklik etmədən növbədənkənar seçkilərə gediləcəyini açıqlaması hakimiyyət əleyhinə etirazların başlanmasına səbəb olub. Kralın açıqlamasından bir gün sonra cümə namazından qayıdan minlərlə iordaniyalı hökumətin islahatlar prosesini sürətləndirməsi tələbiylə etiraz aksiyası keçirib. “Müsəlman Qardaşları” hərakatının siyasi qanadı kimi tanınan İslamçı Hərakat Cəbhəsinin təşkil etdiyi mitinqə 15 mindən çox etirazçı qatılıb. “AFP” informasiya agentliyi bu mitinqin “Ərəb Baharı” başlanandan bu yana İordaniyada ən güclü etiraz aksiyası olduğunu bildirib.
Cümə namazından sonra paytaxt Əmmandakı “Əl Hüsseyni” məscidinin qarşısında toplaşan mitinq iştirakçıları etirazçılar “20 aydır etiraz edirik, hələ tələblərimizi anlamırlar” yazılmış plakat qaldıraraq “Dinlə Abdulla tələblərimiz qanunidir” şüarını səsləndiriblər. “Müsəlman Qardaşları”nın lideri şeyx Həmam Seyid baş nazirin kral tərəfindən təyin olunması əvəzinə seçkilər yoluyla seçilməsini tələb edib.