Yüksək vəzifəlimiz havada rüsvayçılıq etdi; Türkiyənin məşhur köşə yazarı olayı qələmə aldı
Azərbaycanda yüksək vəzifə tutan məmurlardan biri İstanbuldan Barselonaya uçan təyyarədə qalmaqal yaradıb. Adı açıqlanmayan məmurun təyyarə bələdçisini qeyri-etik qaydada hədələməsi həmin təyyarədə sərnişin olan Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirgenin diqqətindən yayınmayıb. Köşə yazarı son məqaləsində şahidi olduğu hadisəni təsvir edib. Fatih Çekirgenin yazdıqlarını təqdim edirik.
***
Sən mənim kim olduğumu bilirsən?
Yer üzündə çox sorğu-sual etmişəm. Səudiyyə Ərəbistanından İngiltərəyə, Nigeriyadan Parisə, Dəməşqdən Berlinə, Bağdaddan Ankaraya qədər baxmadığım yer qalmamışdı.
Bir dəfə Avropanın ən qocaman demokratı Haveldə sual vermişdim. Rəhmətlik Özal taniş etmişdi, Çex Respublikasının keçmiş prezidenti Vatslav Havel…
Bir siyasətçi yox, daha çox ədəbiyyat adamı kimi iki qütblü dünyadan demokratiyaya kompassız macəralı keçidi izah etmişdi. O, demokratiyanı xalqa teatr salonlarında sevdirmişdi.
Sonra Ərdal İnönü ilə Səddamla görüşə gedəndə ona da sual vermişdim. Diktator görüşdən əvvəl kəmərlərimizə qədər yoxlatdırmışdı bizi. Bizi qəbul edənə qədər 6 dəfə yerimizi dəyişdilər.
Eyni qorxunu Qəzzafinin çadırında da görmüşdüm. O zaman da anlamışdıq: Demokratiya nə qədər cəsarət istəyirsə, diktatorluq bir o qədər qorxudur.
Bəşər Əsədin Hələbdəki ofisində söhbət edərkən Ərdal Şəfəq soruşdu:
– Nəyə görə interneti məhdudlaşdırırsınız?
İndi qanlı bir bağçaya dönən sarayın qəbul otağında buz kimi bir hava əsdi bu suala görə.
Qorxu və təzyiq, diktator və paranoya belə bir şeydir.
Səddamın qorxusundan ölkəsini tərk edən Əl Sabah ailəsiylə birlikdə İordaniyada “Hilton” otelinə sığınmışdı. Onu ziyarət edəndə də görmüşdüm eyni qorxunu. Vətənpərvərlik, azadlıq və demokratiya pulla, neftlə satın alına bilmədiyi üçün “Hilton”a qaçmışdı əmir. Demokratiya və azadlıq ürək istəyirdi, ruh istəyirdi.
Yaxşı, bütün bunları niyə yazıram? Yer üzündə gördüyüm şeyi 11 min metr yüksəklikdə yenə gördüyüm üçün. Təyyarə bələdçisi Ceyda göstərdi bu dəfə demokratiya mədəniyyətini…
“Biznes klas” sərnişini
Barselonaya uçarkən bir də gördüm ki, bələdçisi təyyarənin dəhlizindəki bir sərnişinə uzun-uzadı nəsə izah edir. Dəqiqələr keçdi vəziyyət eynidir. Birdən sərnişinin səsi yüksəlir: “Səni işdən qovduracam! Mənə adını, soyadını ver!”.
Bələdçi nəzakətlə anlatmağa davam edir.
Əvvəl anlamadım. Sonradan kabina nəzarətçisi olduğunu öyrəndiyim Ceydanın rəngi ağarmışdı, əsəblərinə hakim olmağa çalışır, ayağa qalxmır, səsini yüksəltmirdi.
Aydındır ki, içində bir hirs vulkanı partlayırdı. Amma o bunu heç bir şəkildə, səsində belə hiss etdirmədən anlatmağa davam edirdi:
– Cənab, bu, mümkün deyil. O sərnişini “Biznes klas”a yerləşdirə bilmərik.
– Yerləşdirə bilərsiniz.
– Xahiş edirik, məcbur etməyin. Bu, mənim səlahiyyətimdə deyil…
Müzakirə uzanır. Sonra sərnişin bu dəfə ön tərəfdəki pərdəni bağlayıb təhdidlərə davam edir:
– Sən mənim kim olduğumu bilirsən?
Aydındır ki, Azərbaycanda mühüm bir şəxsdir. Amma heç cür anlamır. Qayda, hörmət, nəzakət… Heç biri yoxdur.
– Adını, soyadını ver. Səndən şikayət edəcəyəm.
Baxdım, Ceydanın əlləri titrəyir. Amma özünü ələ alır, kobudluğa yol vermir. Əsəb-filan qalmamışdı. Təyyarə enənə qədər bu işgəncə, hücum, təhdid davam etdi.
Enərkən Ceydanı təbrik etdim. Demokratiya mədəniyyətinin, hörmətin, qaydanın nə olduğunu səmada göstərdiyi üçün.
Vəzifə və kürsünün, pul gücünün, diktatorluqların, krallıqların, əmirliklərin, silahların azadlıqları qıra bilmədiyi yerdir Ceydanın səmada izah etdiyi.
Yalnız seçki qutusundan və səs vermədən ibarət deyil demokratiya. Birlikdə yaşamaq estetikasıdır, yuxarıdakıların aşağıdakına hörmətidir, azadlıqdır, birinin digərini anlamasıdır.
Bir daha “bravo” sənə, Ceyda. Və hər cür kaprizlərə rəqğmən işini görməyə çalşan bütün təyyarə bələdçilərinə hörmətlə…
QEYD: Azərbaycanlıya gəlincə, sonradan öyrəndim ki, Bakıda mühüm bir dövlət vəzifəsi tutur. Çox yüksək bir vəzifədə, güclü və səlahiyyətli bir şəxsdir. Hələlik adını açıqlamıram. Əgər bunu oxusa, Ceyda xanımdan aldığı demokratiya mədəniyyəti dərsindən sonra etdiyi səhvi, ümidvaram, anlayar.