İctimai Palata İbrahim İbrahimlini təbrik etdi

Hörmətli İbrahim bəy!
Azərbaycanın istiqlaliyyət mübarizəsində önəmli rol oynamış şəxslərdən biri olaraq, Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Siz 80-ci illərdən ölkəmizdə başlanan milli azadlıq hərəkatının ön sıralarında yer alan dəyərli insanlarımızdansınız. Bu yolda zaman-zaman göstərdiyiniz fədakarlıq və cəsarət, yorulmaz iradəniz və gərgin fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz uzun illərdən bəri bağlı olduğunuz dönməz əqidəniz və mübarizə əzminizlə ən zor məqamlarda belə, meydanı tək etməyən mücahidə bənzəyirsiniz.
Sizin seçdiyiniz həyat yolu milyonlar üçün gözəl bir örnək, işıqlı bir nümunədir. Biz 1993-cü ilin iyun qiyamından sonra Sizin parlamentdəki parlaq fəaliyyətinizi, o keşməkeşli dövrdə AXJ sədrinin 1-ci müavini olduğunuz 2 ilə yaxın müddətdəki gərgin işinizi yaxşı xatırlayırıq. Biz sizin uzun illər Müsavat partiyasının rəhbərliyindəki xidmətlərinizi də unutmamışıq. Bu siyahını daha çox uzatmaq və zənginləşdirmək də mümkündür. Amma ən tutarlı əsas odur ki, bu gün Siz bizim sıralarımızdasınız. Siz yenə də azad, demokratik Azərbaycan uğrunda mübarizənin ön sıralarındasınız. Bu gün siyasi fəaliyyətinizi həmin mübarizədə birlikdə olan ən qətiyyətli insanların cəmləşdiyi İctimai Palatda davam etdirmək qərarı vermisiniz. Biz azad və çiçəklənən Azərbaycan naminə sizin kimi insanlarla bir sırada addımlamaqdan qürur hissi keçiririk.
Hörmətli İbrahim bəy!
Bir insan üçün ömrün 60 ilini ləyaqətlə yaşamaqdan böyük xoşbəxtlik ola bilməz. Siz məhz belə xoşbəxt insanlardansınız. Sizə bu gözəl gündə möhkəm cansağlığı, şəxsi həyatınızda bol-bol sevinc və sevdalısı olduğunuz Azərbaycanın demokratiya mübarizəsində uğurlar arzulayırıq. İnanırıq ki, uzun illər mücadilə verdiyiniz bu mübarizənin sonunda o böyük və şanlı tarixi birlikdə yazacağıq. Yolunuz açıq, ömrünüz uzun olsun!