Rusiya dissidenti Aleksey Navalnıy Trampın prezidentliyinin Rusiya üçün yaxşı və ya pis olacağını təhlil edib. O, Trampın proqramına və seçki öncəsi çıxışlarına istinad edərək bunu təhlil edib.
- Trampın prezidentlik fəaliyyəti neftin qiymətinin düşməsinə səbəb olacaq
Tramp bildirib ki, slans, neft, qaz, kömür də daxil olmaqla, ABŞ-ın enerji resurslarının hasilatına qoyulan məhdudiyyətləri aradan götürəcək. O, deyib ki, bu, ABŞ üçün 50 trilyon dollar pul və çoxlu yeni iş yerləri deməkdir. “Mən Obama və Klinton tərəfindən enerji infrastrukturu layihələrinə tətbiq edilən əngəlləri aradan qaldıracam. Biz BMT-nin qlobal istiləşmə proqramı üçün milyardlarla dolların ayrılmasını dayandıracağıq”, – Tramp qeyd edib.
ABŞ böyük neft ehtiyatlarına sahibdir. Onların hasilatı və ixracı illərdir məhdudlaşdırılıb. Neftçilərə tam yaşıl işığın göstərilməsi təklifi artıracaq və neft qiymətlərini aşağı çəkəcək. Məlumdur ki, bu, Rusiya büdcəsinə necə təsir edəcək.
- Krımın tanınması, sanksiyaların qaldırılması.
Tramp həqiqətən deyib ki, Krımın tanınması məsələsinə yenidən baxacaq, ancaq bu, 2014-cü il idi. Təxminən bir ay əvvəl isə o, Hələbin bombalanmasını qınayıb və deyib ki, o, Putin haqqındakı fikirlərini yenidən nəzərdən keçirəcək və bilmir ki, onların münasibəti necə olacaq, ehtimal ki “dəhşətli” olacaq.
Sanksiyalara gəlincə isə ABŞ-ın ticarət haqqında qanununa Cekson-Venik düzəlişini misal götürək. 1974-cü ildə tətbiq olunan məhdudiyyətlər 2012-ci ildə aradan qaldırıldı (Bu sanksiyalar emiqrasiyanın və insan haqlarının pozulmasının qarşısını almaq üçün tətbiq edilmişdi). SSRİ-nin dağılmasına baxmayaraq, Boris Yeltsin və Bil Klinton “dostluğu” da sanksiyaların götürülməsinə kömək etmədi. Amerika sanksiyaları tez aradan qaldırmır.
- Silahlanma yarışı
Tramp orduya və ABŞ infrastrukturuna xərclərin artırılmasını istəyir. Ona görə də nisbəti qoruyub saxlamaq üçün büdcədən çoxlu pul xərcləmək lazım gələcək. Rusiya üçün ən həssas məsələlərdən biri raketdən müdafiə sistemidir. Yeni vitse-prezident Pens bu mövzuda bu vaxta qədərki bütün adminstrasiyalardan daha sərt çıxış edib. O deyib ki, “ABŞ Polşa və Çexiyada Rusiyaya qarşı raketdən müdafiə sistemi yerləşdirməlidir”.
Bu vaxta qədər deyilirdi ki, Amerikanın raketdən müdafiə sistemləri Rusiyaya qarşı deyil, “təcrid edilmiş dövlətlərə” qarşıdır.
- Putin və Tramp siyasi prinsiplərdə müxtəlif baxışlara malikdir
İmmiqrasiya: Tramp: divar hörülməlidir. Putin: Orta Asiya ölkələrinə viza rejiminin tətbiq olunmasına qarşıdır.
İqtisadiyyatın tənzimlənməsi: Tramp: ixtisarlar getməlidir. Putin: dövlət kapitalizminin və məmurların sayının artırılmasının tərəfdarıdır.
Vətəndaşların silahlandırılması: Tramp: tərəfdarıdır. Putin: qəti olaraq qarşıdır.
İslamlaşma: Tramp: problemli islam ölkələrindən miqrasiyanı qadağan edək. Putin: provaslavlığın islama yaxın olduğunu dair ifadələr işlədib.
Korrupsiya: Tramp öz kampaniyasının korrupsiyanın aradan qaldırmaq vədləri üzərində qurub. Putin isə korrupsiyanı rejimin təməl prinsipinə çevirib.
Navalnıy sonda bildirir ki, Trampın seçilməsi Rusiya üçün heç nəyi dəyişməyəcək. “Amerikanın xarici siyasəti bir nəfər tərəfindən idarə olunan yarış maşını deyil. Bizdə bu, belə ola bilər. İki ay ərzində türklər bizim əsas tərəfdaşımız, sonra əsas düşmənimiz və nəhayət yenə ən yaxşı dostlarımız oldu. Hansı ölkədə ki, hökumət institutları işləyir, orda bu, belə deyil. Bu, daha çox yüklə dolu tankerə bənzəyir. Əgər onu döndərmək istəsən belə, uzun müddət əvvəlki yolu ilə gedəcək”, – Navalniy yazıb.
O qeyd edir ki, Konqres, Senat, KİV, ictimai rəy, ekspertlər, səfirliklər – bunların hamısı siyasətə təsir edir. Məsəl üçün, Obama Quantanamo türməsini bağlatdırmaq istədi. 8 il prezident oldu. Bağlaya bildi? Yox. Çünki respublikaçılar əngəl oldu. Və sabah Obamanı Rusiyaya qarşı yumşaq siyasət yeritməkdə ittiham edən və ondan Ukraynaya öldürücü silahların verlməsini tələb edən respublikaçılar heç yerə yoxa çıxmayacaq. Onların öz fikirləri var və bununla hesablaşmaq lazımdır.
İlkin




