ABŞ-dan İrana xəbərdarlıq

Aprelin 15-də jurnalistlərə açıqlama verən ABŞ prezidenti Barak Obama İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə apardığı nüvə danışıqlarından danışıb.

“Media forum” saytının məlumatına görə, Barak Obama deyib ki, nüvə problemini həll etmək üçün İranın çox az vaxtı qalıb: “İranın dünyanın altı qüdrəti ilə apardığı nüvə danışıqları çox çəkməyəcək. İstərdik İran məsələyə ciddi yanaşsın. Biz danışıqlarda hər hansı irəliləyişin olub-olmadığını görmək üçün gözləyəcəyik. Vaxt sürətlə gedir. Mən İrana və onunla müzakirələr aparan tərəflərə xatırladıram ki, məqsəd təkcə indiki durğun vəziyyətdən çıxmaq deyil. Nəzərə almaq lazımdır ki, nüvə danışıqları məğlubiyyətə uğrasa, İranı daha geniş sanksiyalar gözləyir”.