Nemət Əliyev: «61 milyard manat bu ölkə üçün olduqca böyük rəqəmdir»
Xəbər verildiyi kimi, 2003-2015-ci illərdə Neft Fondundan dövlət büdcəsinə transfertlər 61 milyard manatı keçib. Belə ki, 2003-cü ildən 1 oktyabr 2015-ci ilə kimi Neft Fondundan dövlət büdcəsinə transfertlər 61 mlrd 422 mln manat olub. Dövlət Neft Fondunun məlumatına görə, 2015-ci ilin 9 ayında Neft Fondundan dövlət büdcəsinə transfertlər 5 mlrd 650 mln manat təşkil edib.
Xatırladaq ki, Neft Fondu yaradılanda onun əsas missiyası gələcək nəsillər üçün ehtiyat vəsaitlər kimi nəzərdə tutulmuşdu. Lakin reallıqda bu məsələ artıq öz dəyərini itirib. Maraqlıdır, ölkənin potensialı bu məbləği qorumağa çatardımı?
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, Azərbaycan üçün 61 milyard manat olduqca böyük maliyyə vəsaitidir. Həmin maliyyə vəsaitinin ölkənin istənilən sektorunda görünmədiyini deyən ekspert, hökumətin bu qədər vəsaiti qoruya biləcəyini də istisna etmir:
“Həmin vəsaitləri ölkənin həyati vacib sahələrinə yönəltməklə, davamlı və etibarlı iqtisadi inkişafı təmin edə biləcək sektorlara yatırmaqla qoruyub saxlaya bilərdilər. Hökumət bunu bacarmayıb və həmin 61 milyard manatın nə vaxt geri qaytarılacağını hesablamaq artıq mümkünsüzdür. Hesab edirəm ki, həmin maliyyə vəsaiti əldən çıxıb və geriyə dönüşü yoxdur. Hökumətin yeritdiyi yanlış siyasətin doğurduğu acı nəticələrdir ki, bu gün xalq çox böyük çətinliklər içində yaşayır. Dövlətin özü də növbəti ilin dövlət büdcəsini 5 milyard kəsirlə proqnozlaşdırmaq məcburiyyətində qalıb. Elə bu ilin dövlət büdcəsində 4 milyard manata qədər kəsir əmələ gəlib. Bir sıra mühüm dövlət layihələrinin, iqtisadi və sosial layihələrin həyata keçirilməsi sual altına düşüb. Həmin yanlış iqtisadi və sosial siyasətin nəticəsi belə bir vəziyyətə gətirib çıxarıb”.
Ekspert söyləyir ki, sözügedən vəsait normal, səmərəli, rəqabət qabiliyyətli iqtisadiyyatın qurulmasına sərf olunsaydı, bəlkə də həmin vəsaitlər qısa müddət sonra bərpa edilə bilərdi. Ölkənin qeyri-neft sektorunun çökdüyünü deyən həmsöhbətimiz, kredit təşkilatlarında kəskin kəsirlərin əmələ gəldiyini təəssüflə qeyd edir. N.Əliyev rüşvət və korrupsiyanın olmadığı şəraitdə həmin vəsaitlərin böyük bir hissəsini qoruyub saxlamağın mümkünlüyünü də vurğulayır.
Nigar