«Azimport»un sahibi bizə deyir ki, gedin, pulunuzu prezidentdən alın»
«Özləri milyonlara sahibdilər, amma fəhlənin qəpik-quruşuna göz dikiblər»
Bakıda keçirilən birinci Avropa Oyunlarının başa çatmasından beş aydan çox vaxt keçir. Amma Azərbaycan vətəndaşları hələ də onun ağrı-acısını çəkməkdə davam edir. Məsələn, turnir öncəsi paytaxtın gözəlləşdirilməsi işinə cəlb olunmuş fəhlələr çəkdikləri əziyyətin müqabilində onlara çatası vəsaiti hələ də ala bilməyiblər. Fəhlələrin bununla əlaqədar müxtəlif dövlət strukturlarına, o cümlədən ölkə başçısı Ilham Əliyevə ünvanladıqları müraciətin surəti “Azadlıq”a da daxil olub. Fəhlələr müraciətdə yazır:
“2015-ci il martın 13-də ”Azimport” şirkətilə danışığımıza əsasən, Bayıl qəsəbəsinin Şanxay deyilən ərazisində divarların ağardılması və dam örtüklərinin boyanması işlərinə başlamışıq. Işdən əvvəl şəxsiyyət vəsiqələrinin surətlərini götürərək, bizimlə müqavilə bağlanacağını bildirdilər. Danışığa əsasən, dam örtüyünün hər kvadrat metri üçün 60 qəpik, divarların rənglənməsi üçün isə hər kvadrat metrə görə 30 qəpik ödənilməli idi. Biz vəziyyətin ciddiliyini nəzərə alaraq, işi iki aya başa çatdırdıq. Iş bitdikdən sonra məlum oldu ki, heç də əmək müqaviləsi bağlanmayıbmış. Gördüyümüz işə görə ödəniləsi qiymətləri də aşağı hesabladılar – dam örtüklərinin rənglənməsi hər kvadrat metrə görə 30 qəpik, divarların ağardılması 15 qəpik. Məcbur qalıb razılaşmalı olduq. Buna baxmayaraq, gördüyümüz işə görə müəyyən məbləğ ödəyib, pulumuzun qalan hissəsini vermədilər. Həmin vaxtdan biz küçələrdə qalmışıq. Bu işlərə görə 540 nəfər işçi heyəti cəlb etmişdik. Azərbaycanın müxtəlif regionlarından işçilər vardı. Aramızda şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları da vardı. Şirkətin rəhbəri Azər Əsgərov bizi adam yerinə qoymur, “zir-zibil töküntüsü” adlandırırdı. Halbuki, özü bizim hesabımıza milyonlar qazandı. Hər dəfə pulumuzu tələb etməyə gedəndə polis zorakılığına məruz qalırdıq.
Azər Əsgərov deyir ki, gedin, pulu prezidentdən alın, çünki vəsait Avropa Oyunlarına xərclənib. Biz qalmışıq arada, dərdimizi kimə deyəcəyimizi bilmirik. Dəfələrlə Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Dövlət Neft Şirkətində, Baş Prokurorluqda və digər dövlət strukturlarında qəbulda olmuşuq, amma heç bir nəticəsi yoxdur. Azər Əsgərovun adı gələn kimi bizi eşitmək istəmirlər.
Biz əli qabarlı fəhlələrik. Bizim ayrı gəlirimiz yoxdur. Bizdə olan məlumata görə, Azər Əsgərov bu cür məsələlərdə prezidentin köməkçisi Əli Əsədova arxalanır. Bunu bizi işlədən iş icraçılarının özləri də etiraf edirdilər. Bizə deyirlər ki, gedin, pulunuzu Prezident Aparatından tələb edin. Top kimi aralıqda qalmışıq. Görünür, bu insanların nə dövlətdən, nə də Allahdan qorxusu var. Özləri milyonlara sahibdilər, amma fəhlənin qəpik-quruşuna göz dikiblər.
Bizə çatacaq pulları öz şəxsi proyektlərinə xərcləyirlər. Halbuki, bircə bahalı maşınlarını satsalar, bizim pulu ödəyə bilərlər. Məcbur qalıb banklardan kreditlər götürmüşük, indi ödəyə bilmirik. Deyirdik ki, halal pulumuzdur, verərlər kreditimizi bağlayarıq.
Bu cür adamlar vətəndaşları dövlətdən incik salırlar. Onları qoruyan havadarları olmasa, belə hərəkət edə bilməzlər. Xalqın qanını sovuran belə məmurlar olmasa, bizim güzəranımız yaxşı olar, hamımız firavan yaşayarıq.
Cənab prezident, bizə kömək edin!”